
Görüşdə, eləcə də inteqrasiya layihəsində Rusiyanın iştirakı güman edilmir, lakin cümə axşamı Rusiya haqqında çox danışıblar.
Sammitin açılışı əsnasında Avropa Birliyi Şurasının rəhbəri Donald Tusk Moskvanı öz qonşularına qarşı “aqressiv və qorxutma taktikası” tətbiq etməkdə ittiham edib.
2009-cu ildən baş alan Şərq Tərəfdaşlığı proqramında Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Belorus iştirak edir.
Rusiyada layihənin Moskvanı postsovet məkanında qısnamaq cəhdi kimi nəzərdən keçirildiyinə baxmayaraq, Tusk qeyd edib ki, Şərq Tərəfdaşlığı heç bir ölkəyə qarşı deyil, iştirakçı ölkələr arasında əməkdaşlığın inkişafına yönəlib.
“Rusiya daha həlim, cazibəli və cəlbedici olsaydı, bəlkə də ona öz nöqsanlarını qonşularına qarşı destruktiv, təcavüzkar və qorxutma taktikası ilə müvazinətləşdirmək lazım gəlməyəydi”, – Donald Tusk-u Associated Press iqtibas edir.
Avropa Birliyinin ekspansionist ambisiyaları olmadığı barədə cümə axşamı alman kansleri Angela Merkel də danışıb.
“Bu tərəfdaşlıq hər hansı bir ölkəyə, Rusiyaya qarşı yönəlməyib”, – Riqa yola düşməzdən bundestaqda çıxışı zamanı kansler deyib.
O həmçinin əlavə edib ki, Rusiya hələki bir il əvvəl Krımın ilhaqı ilə bağlı üzvlüyü dayandırılmış Böyük Yeddiliyə qatıla bilməz.
“Rusiya ümumi təməl dəyərləri anlamağa başlamayınca, Böyük Səkkizlik formatına qayıdış bizim üçün ağlasığmazdır”, – Merkel deyib.
Yeddiliyin iyunda Almaniyada keçiriləcək növbəti sammitinə Rusiya cəlb edilməyib.
Ümidlər
Hazırkı Şərq Tərəfdaşlığı iştirakçıları vizasız rejim və Avropa Birliyi üzvlüyü haqqında danışıqlarda irəliləyişə ümid edirlər. Lakin ekspertlərin bir çoxu sammitin hər hansı konkret sənəd imzalanması ilə yekunlaşacağında şübhələnir.
Ötən il AB ilə assosiasiya haqqında saziş imzalamış Gürcüstanda Avropa inteqrasiya prosesi əhali arasında əvvəlki kimi güclü dəstək almır: AB-yə daxil olmağa böyük ümidlər bəsləyən insanlar anlayırlar ki, bu, yaxın gələcəkdə baş tutası deyil.
Riqa sammitində vizasız rejim və AB-yə daxil olmaq haqqında konkret cavab almağa ümid edən ölkə Ukraynadır.
Ukrayna böhranı məhz Avropa Tərəfdaşlığının 2013-cü il Vilnüs noyabr sammitindən sonra şiddətlənib. O zaman Kremlə loyal Ukrayna prezidenti Viktor Yanukoviç bütün əvvəlki illər yeridilən siyasəti kəskin şəkildə döndərib, assosiasiya müqaviləsini imzalamaqdan imtina etdiyini elan etmişdi.
Bundan sonra şiddətlənən kütləvi etirazlar Yanukoviçin Kiyevdən qaçması ilə nəticələndi. Hakimiyyətin Kiyevdə etirazları güclə yatırtmaq cəhdləri qətliama çevrildi: 100 nəfərdən çox adam öldürüldü.
Növbədənkənar seçkilər nəticəsində hakimiyyətə gəlmiş Ukraynanın yeni qərbpərəst hökuməti Avropa Birliyi ilə razılaşma imzaladı, lakin bu razılaşma ilə bağlı zahir olmuş Moskvanın narahatlığını tənzimləmək məqsədilə onun əsas – azad ticarətə aid hissəsinin – qüvvəyə minməsi 2016-cı ilədək təxirə salındı.
“Sual – ya-ya, ya tərəfdaşlıq, ya yox – belə qoyulmur, odur ki, biz Ukrayna ilə iqtisadi assosiasiya ilə bağlı meydana gələn həyəcanları müzakirə etməyə hazırıq”, – bundestaqda çıxışında Merkel deyib.
Lakin o qeyd edib ki, bu, hər bir tərəfdaş ölkənin suveren işidir – daha sıx əlaqələr qurmaq istəyib istəmədikləri qərarı özləri qəbul etməlidir.
Avropa dəyərlərinin yayılması
Latviya və onun iki baltikyanı qonşusu – Litva və Estoniya – son vaxtlar Rusiyanın Krımın ilhaqı və Ukraynanın şərqində DXR və LXR silahlı tərəfdarlarını dəstəkləməkdə oynadığı rolundan böyük narahatlıq keçirirlər.
Avropa Birliyi ilə ticarət və assosiasiya haqqında razılaşmalar keçmiş sovet respublikalarının tək ticarət və kommersiyada deyil, həmçinin insan haqları və dövlət idarəçiliyində Avropa standartlarına sövq etmək məqsədi daşıyır.
Almaniya kanslerinin sözlərinə görə, razılaşmalar hər bir tərəfdaş ölkənin fərdi xüsusiyyətləri nəzərə alınaraq hazırlanır.
Avropa İttifaqı Ermənistan, Azərbaycan və Belorusun Rusiya ilə sıx əlaqələr saxlamaq istəklərinə anlaşma ilə yanaşır. (BBC azeri)