Maliyyə böhranından çıxmaq üçün bu vəsaitlərdən istifadə olunması nəzərdə tutulub
Fuad Qəhrəmanlı: «Qanunlar işləmirsə, məhkəmələr müstəqil deyilsə, heç kim aldanaraq həmin vəsaitləri ölkəyə gətirməyəcək»
Bu günlərdə mətbuatda “deofşarizasiya” haqda qanun layihəsinin hazırlandığı barədə məlumat dərc olundu. Bu qanun layihəsi ofşor zonalarda cəmləşən vəsaitlərin geri – Azərbaycana qaytarılmasına xidmət etməlidir. Belə bir qanunun layihəsi müzakirə üçün MM-in komissiyalarına təqdim olunmayıb. Amma hazırda baş verənlər hakimiyyətin belə bir niyyətinin ola biləcəyini deməyə əsas verir.
Bir səbəb neftin qiymətinin dünya bazarında kəskin düşməsi nəticəsində hakimiyyətin gəlirinin azalmasıdır. Bundan başqa, hasilatın da aşağı düşməsi ölkəyə gələn neft pullarına neqativ təsir edib. Hakimiyyətin korrupsiya iştahı isə bu cür “pəhrizə” dözə bilmir.
Belə bir qanunun qəbul olunmasında başqa bir məqsəd isə hakimiyyətin üzləşə biləcəyi beynəlxalq sanksiyalarla bağlı ola bilər. Çünki hakimiyyətə hər ötən gün artan beynəlxalq təzyiq iqtidara qarşı sanksiyaların tətbiq olunmasını yaxınlaşdırır. Ona görə hakimiyyət görünür ki, işini ehtiyatlı tutaraq ofşordakı pulları geri qaytarmaq barədə düşünür.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, belə bir layihənin hazırlanması təşəbbüsünün irəli sürülməsi Rusiyanın təlqin edilməsidir. Rusiyada da belə bir qanun layihəsinin qəbul olunduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, bu addım Qərbin təzyiqləri qarşısında Putin hakimiyyətinin daxili müvazinəti saxlamaq cəhdidir: “Belə bir layihənin qəbul olunması maliyyə resurslarını artırmaq, gücləndirmək məqsədi daşıyır. Azərbaycanda da neftin qiymətlərinin düşməsi ciddi maliyyə çatışmazlığı ilə nəticələnib. Hakimiyyət nə qədər gizlətməyə çalışsa da, iqtisadi böhran bütün sahələri bürüyür. Maliyyə çatışmazlığının qarşısını almaq üçün hakimiyyət məhz bu günə qədər kənara daşıdığı vəsaitin geri qaytarılmasına çalışır. Amma bu cəhd o qədər də uğurlu alınmayacaq. Çünki əvvəlcə ona diqqət yetirmək lazımdır ki, bu vəsait kimin nəzarətindədir. Bu maliyyə kapitalı hakimiyyətdə təmsil olunan oliqarxların nəzarətindədir. Oliqarxlardan kənarda yalnız orta biznes təbəqəsi var. Daha yüksək kapitala sahib iş adamları isə hansısa oliqarxın kurasiyasındadır”.
F.Qəhrəmanlının sözlərinə görə, qanun layihəsinin qəbulundan sonra xaricdəki kapitalın Azərbaycana gətirilməsi isə ona görə real deyil ki, Azərbaycanda hüquqa, qanuna heç bir təminat yoxdur. Həmin məmurlar da çox gözəl bilirlər ki, bir günün içərisində sahibkarlara məxsus müəssisələr heç bir hüquq nəzərə alınmadan onların əlindən alına bilər: “Iş adamlarının son zamanlar həbsi onun göstəricisidir ki, ölkədə heç bir hüquqi prosedur gözləmədən sahibkarların vəsaitini əlindən almaq mümkündür. Hüququn, qanunun işləmədiyi, məhkəmələrin müstəqil olmadığı şəraitdə kimi inandırmaq olar ki, o, offşor zonlardakı vəsaiti gətirsə, ona qarşı maliyyə aministiyası elan olunacaq. Qanunlar işləmirsə, məhkəmələr müstəqil deyilsə, heç kim aldanaraq həmin vəsaitləri ölkəyə gətirməyəcək. Çünki bu oliqarxlar bu sistemin necə çalışdığını gözəl bilirlər. Ona görə bu qanun layihəsindən sonra da hər hansı dəyişiklik olmayacaq”.
Xəyal