“Bilmirəm nə istəyirsiniz?!”

«AMAY Abdulla» məhkəmənin uzadılmasına etiraz edib

 
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda Ilyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə şahid qismində Tahir Mehdiyev dindirilib.
T.Mehdiyev “AMAY”da işlədiyini bildirib. Qeyd edib ki, təqsirləndirilən şəxs Elşən Novruzovun təklifi ilə firma yaradaraq “Birlikbank”dan 80 min manat kredit götürüb və “AMAY”ın tikintisinə sərf olunub.
Bundan sonra hakim Əfqan Hacıyev bildirdi ki, şahidlərin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb.
A.Abdullayev isə bildirdi ki, iş üzrə olan 144 şahiddən 43 nəfəri, ümumiyyətlə, istintaqda dindirilməyib: “Mən bilmirəm nəyi sübut etmək istəyirsiniz? 6 nəfər şahid dünyasını dəyişib, 54 nəfərsə məhkəmədə dindirilib. Qalanların əksəriyyəti ölkə xaricindədur. 5-6 nəfərə görə məhkəməni uzatmağa dəyməz”.
Hakim bildirib ki, qanunvericiliyin tələbinə görə, şahid məhkəməyə gələ bilmirsə, bununla bağlı sənəd təqdim olunmalı, bundan sonra onların ifadələri elan edilməlidir.
Bununla da məhkəmə prosesi mayın 25-dək təxirə salınıb
(Virtualaz.org)