Almaniya Rusiyaya 10 milyon avro təzminat ödəyəcək

Almaniya ikinci dünya müharibəsi zamanı əsir saxladığı sovet əsgərlərinə 10 milyon avro təzminat ödəyəcək. Artıq Almaniya parlamentinin büdcə komissiyası bununla bağlı sənəd qəbul edib. 2015-ci ilin büdcə əlavəsinə təzminat üçün ayrılacaq məbləğ daxil edilib. Sosial Demokrat Partiyasının büdcə məsələləri üzrə sözçüsü Hans-Ulrik Krüger bildirib ki, yəhudilərdən sonra sovet əsirləri o vaxtkı nasist rejiminin qurbanları olublar. Almaniya Xarici işlər naziri Frank Valter Ştainmer də qərarı alqışladığını bildirib. Nazirin sözlərinə görə, Almaniya parlamenti çox yaxşı bir təşəbbüs ortaya qoyub.
 
Qeyd edək ki, ikinci dünya müharibəsi zamanı faşist Almaniyası 6 milyona yaxın sovet əsgərini əsir götürmüşdü. Əsirlərin 2 milyona yaxını elə ilk aylarda aclıq, xəstəlik və soyuqdan həyatını itirmişdi. Savaşdan sonra ölkələrinə sağ qayıdan əsgərlərin isə əksəriyyəti faşist Almaniyası ilə əməkdaşlıqda ittiham olunmuşdu. Onların bir qismi bu ittiham əsasında həbsə atılmışdı.
 
Gültəkin