başlanğıcı ötən saylarımızda
Indi də dərsliklər haqqında
Bəri başdan qeyd edək ki, 5-11-ci siniflərin tarix dərsliklərinin hamısında yuxarıda qeyd etdiyimiz şəxsi eksperimental əkin sahəsi əlaməti qabarıq şəkildə özünü büruzə verir, yuxarıda qəbul etdiyimiz əsas meyarın tələblərini ödəmir.
Məsələn, 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinə əsas meyarın 3-cü sırada yer alan köməkçi meyarı baxımından diqqət etsək, tarix fənni ilə tanışlıqda ilk kövrək addımlarını atan şagirdə tarixin konkret bir mərhələsində cərəyan edən hadisələr haqqında yetgin bilgilərin verilməsi əvəzinə, idman və kulinariya sahələri istisna olmaqla, bəşər tarixinin ən qədim dövrü olan ibtidai-icma quruluşundan başlayıb, quldarlıq, feodalizm, kapitalizm, sosializm quruluşlarının mövcud olduğu dövrlərdən keçərək, əsrimizin 2013-cü ilinədək cərəyan etmiş, təhsilin sonrakı pillələrində tədris edilməli olan, yaxud tədris edilən ən müxtəlifyönlü ictimai-siyasi hadisələrin, hətta yuxarı siniflərin ədəbiyyat dərsliklərinin predmetindən götürülmüş mövzuların icmalını görərik.
Dərslikdə yer alan mövzuların təhsilin sonrakı pillələrində tədris edildiyini nəzərə alsaq, 5-ci sinif şagirdlərinin 1-il ərzində çəkdiyi zəhmətin, sərf etdiyi enerjinin və vaxtın səmərəz olduğunun şahidi olarıq.
Dərslikdə “qacarlar” və “Qacar dövləti” adını işlədən dərslik müəllifləri bildirmək istəyirlər ki, bizim kökdən olan şəxslər əsrlərlə Iranda şahlıq ediblər.
Lakin həqiqət budur ki, əgər həmin şahlar fars şahları kimi öz millətinin təəssübünü çəksəydilər, tarixə “Qaraqoyunlular”, “Ağqoyunlular”, “Səfəvilər”, “Əfşarlar”, “Qacarlar”dan ibarət tayfa adlarını deyil, “Azərbaycan dövləti” adını yazmış olar, bir çox mübahisələrə son verər, ən azından hal hazırda Iranda yaşayan 35 milyondan artıq soydaşlarımızın doğma ana dilinə və məktəbinə qoyulan qadağanın qarşısını vaxtında almış olardılar.
Əminliklə deyə bilərik ki, əgər həmin şahların səlahiyyətləri erməni millətindən olan birisində olsaydı, indi Iran dövlətinin adı Hayastan, dövlətin dilinin adı “erməni” dili olardı.
Biz bədbəxtlər, nə vaxtsa alverdən və yaltaqlıqdan baş açıb, bu həqiqətləri fərqləndirməyi bacarmalıyıq, ya yox?
Keçən əsrin 40-cı illərindən orta məktəblərimizdə tarix fənni hadisələrin xronoloji ardıcıllığına uyğun olaraq, mövzuların təkrar tədrisinə yol verilmədən 5-ci siniflərdə “Qədim dünya tarixi”, 6-cı və 7-ci siniflərdə “Orta əsrlər tarixi” dərslikləri üzrə tədris edilər və öz səmərəsini verərdi.
Hazırkı təhsil başbilənlərimiz məktəblilərin ixtisas seçimini bəhanə gətirərək, bu mütərəqqi təhsil sistemini darmadağın etdi, əvəzində 6-cı sinifdən etibarən, sonrakı siniflərdə də, fərqli proqramlar əsasında, əksər hallarda bir-birini təkrarlayan, pərən-pərən salınmış mövzuları özündə ehtiva edən iki ədəd tarix dərsliklərinin eyni vaxtda tədrisinə nail oldular. Bu dərsliklərdən biri “Azərbaycan tarixi”, ikincisi isə ilbəil adları dəyişən “Ümumi tarix”, “Orta əsrlər tarixi” və s. adlandırıldı.
Nümunə üçün 5-ci və 6-cı siniflərin “Azərbaycan tarixi” və 6-cı siniflər üçün “Ümumi tarix” dərsliklərinə diqqət yetirdikdə görərik ki, hansı ərazidə mövcud olmasından asılı olmayaraq, oxşar məzmunlu tarixi proseslərdən keçən “Ibtidai icma quruluşu” bəhsi həm 5-ci sinfin “Azərbaycan tarixi”, həm 6-cı siniflərin “Ümumi tarix” dərsliklərində, özü də fərqli məzmunda təqdim edilib.
Başqa bir misal 8-ci sinfin “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərsliklərində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixi fərqli məzmunda yer alıb.
Dərslik müəllifləri, yəqin düşünürlər ki, Azərbaycan tarixini ayrıca dərsliklərdə təqdim etməklə, balayanlara, jirinovskilərə nəyisə inandıra bilərlər. Lakin onlar ciddi yanılırlar. Əslində fənnin bu təzdə tədrisi nəinki hansısa uğur gətirir, əksinə, külli miqdarda dövlət vəsaitinin havaya sovrulmasına, məktəblilərin səmərəsiz vaxt və enerji sərfinə səbəb olur.
Bu yanılma özünü, dərsliklərin forma və məzmunu arasındakı uyğunsuzluqda (köməkçi meyarlar sırasında 5-ci meyar) daha qabarıq şəkildə özünü büruzə verir.
Ziddiyyətlər uğursuz ad seçimindən başlayır. Görünür, qədim Çin filosofu Konfutsi “hər şey adlardan başlayır” söyləməkdə haqlı imiş.
Burada forma dedikdə dərsliklərin üz qabığında yazılan “Azərbaycan tarixi” ifadəsi nəzərdə tutulur. Məsələn, götürək 6-cı siniflər üçün “Azərbaycan tarixi” dərsliyini. Dərsliyin üz qabığındakı ifadənin Azərbaycan dövləti, Azərbaycan ərazisi, yaxud Azərbaycan etnosundan hansının tarixinə aid olduğu dərsliyin məzmunu ilə uzlaşmır.
Əgər Azərbaycan dövlətinin tarixi nəzərdə tutulursa, tarixdə dünya birliyinin tanıdığı AXC adlı ilk suveren dövlətimizin 1918-ci ildə yaradıldığı məlumdur. Azərbaycan türklərinin məskunlaşdığı ərazilərdə (Araz çayından cənubda və şimalda) tarixən meydana gələn dövlətlərin adlarının “Azərbaycan” deyil, öz tayfa başçılarının, yaxud tayfanın adı ilə adlandırıldığı da məlumdur.
Əgər Azərbaycan adlı ərazinin və ya bu ərazidə məskunlaşan “azərbaycanlı” adlı toplumun tarixi nəzərdə tutulursa, bu halda “Azərbaycan” sözünün eramızın VII əsrindən sonra işlədildiyini nəzərə alaraq, bu adın, ən azı 1800 il əvvəl mövcud olmuş müxtəlif adlı tayfalara, onların məskunlaşdığı əraziyə şamil edilməsi həqiqəti əks etdirmir. Bu baxımdan, dərslikdə “Azərbaycan, Midiya və Əhəməni imperiyalarının tərkibində” və s. tipli ifadələrin əvəzinə “Azərbaycan türklərinin qədim əcdadlarının məskunlaşdıqları ərazilərin Midiya və Əhəməniyyə imperiyalarının tərkibində” şəklində yazılışı nisbətən az mübahisə duğurardı.
Yanlış ad seçiminin başımıza gətirdiyi bəlalərdən biri də Dağlıq Qarabağın taleyi ilə bağlı məsələdir. Lakin bu, ayrı yazının mövzusudur.
“Coğrafiya” dərslikləri
Digər dərsliklərdə olduğu kimi, “Coğrafiya” dərsliklərinin müəllifləri də fənnin orta məktəblərdə tədrisinin sərhədlərini müəyyən edə bilmədiklərindən, ali məktəblərdə də tədrisini nəzərə almır, sanki şagirdin gələcəkdə bir daha coğrafiya fənnini öyrənməyə imkanı olmayacağından ehtiyatlanır, ağılları kəsən, gözləri görən, əlləri yetən, irili-xırdalı nə vardırsa, hamısını bu dərsliklərə doldururlar.
Test suallarından da görünür ki, yüksək bal toplamaq arzusunda olan 11-ci sinif şagirdi coğrafiyanı, ən azı ali pedaqoji məktəbi coğrafiya müəllimi ixtisası üzrə, əla qiymətlərlə bitirən məzun səviyyəsində bilməlidir.
Əlbəttə, şagird fənn üzrə minimum zəruri bilgiləri yaddaşında saxlamalıdır. Lakin bu, heç də o demək deyildir ki, müəlliflərin dərsliklərə doldurduqları, yerin nüvəsindən başlayaraq, bütün kainat haqqındakı bilgiləri nöqtəsinə-vergülünə qədər əzbərləyib yaddaşında saxlamalıdır.
Kompüter və internet əsrində məsələnin belə qoyuluşu məktəblinin istismarına yönəlmiş, reallıqdan uzaq, həm də anormal bir yanaşmadır. Bu yanaşma, həm də dərslik və test müəlliflərinin məsələnin həllinin praktiki tərəfinin özəlliklərindən məlumatsızlığının göstəricisidir. Bu yerdə, 60 il bundan əvvəl institut müəllimlərimizdən birinin söylədiyi dəyərli tövsiyəni xatırlayıram. O deyirdi: “Vacib o deyil ki, hər şeyi əzbərləyib, yaddaşında saxlayasan, bu mümkün də deyil. Vacib olan odur ki, lazım gəldikdə nəyi, harada operativ olaraq, tapmağı bacarasan”.
Mühəndis praktikamızda riyazi hesablamalara əsaslanan layihələri həll edərkən, çoxlu sayda, müxtəlif təyinatlı əmsallardan, qrafiklərdən istifadə etməli olurduq. Lakin bütün bunları əzbərləyib, yaddaşımızda saxlamağa ehtiyac duymurduq. Çünki əlimizin altında hazır sorğu kitabları olardı.
Aşağıdakı misallardan görəcəyik ki, şagirdlərdən dərslikləri əzbər bilməyi tələb edən alim rütbəli müəlliflərin özləri, gündəlik praktikalarında dəfələrlə müraciət etdikləri bir sıra məsələlərin şərhində ciddi səhvlərə yol verirlər.
Məsələn, 8-ci siniflər üçün “Azərbaycan Respublikasının fiziki coğrafiyası” dərsliyinə diqqət yetirək.
Dərsliyin 4-cü səhifəsinin başında göy hərflərlə “Azərbaycan Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənubuna qədər ki, dağlıq əraziləri əhatə edir” cümləsi yer alıb.
Mətndən görünür ki, Respublikamızın sərhədlərinin təsvirində silsilə səhvlərə yol verilir.
Birincisi, müstəqil Iran dövlətinin ərazisi olan Urmiya gölü və ondan cənubda yerləşən dağlıq əraziləri Azərbaycan Respublikasına aid etməklə siyasi səhvə yol verilir.
Ikincisi, Avropa və Asiya qitələrini bir-birindən ayıran coğrafi sərhədin beynəlxalq aləmdə qəbul edilmiş klassik şərhinə əsasən, nəinki Azərbaycan Respublikasının, hətta bütünlükdə Qafqaz regionunun ərazisi Asiya qitəsi ərazisinə aid edildiyindən, “Ön Asiyada yerləşir” ifadəsinin işlədilməsi yanlışdır.
Bu baxımdan, son illər Respublikamızı Avropa ölkələrinə bağlayan neft-qaz boru kəmərləri hesabına özümüzü avropalı adlandırmağımız, yaxud adlandırılmağımız da şərtidir. Belə çıxır ki, əgər bu kəmərlərimizi Afrika və ya Amerika qitəsinə yönəltsəydik, o halda özümüzü afrikalı, yaxud amerikalı adlandıra bilərdik? Belə şərtilik başqa dövlətlərdə də mövcuddur. Məsələn, Asiya ölkəsi olan Israil idman yarışlarında Avropa ölkələri ilə əməkdaşlıq edir.
Üçüncüsü, “Qafqaz dağlarının cənub-şərq hissəsindən” ifadəsi də yanlışdır. Çünki Respublikamızın Şimal quru sərhədi “Qafqaz dağlarının cənub-şərq hissəsindən” deyil, Rusiya Federasiyası və Gürcüstan Respublikasının sərhədlərinin qovuşduğu yerdən başlayır, Böyük Qafqaz dağ silsiləsi boyu, cənub-şərq istiqamətində, Bazar düzü zirvəsindən keçməklə, şimal-şərq istiqamətində, əsasən Samur çayı boyu davam edir, Xəzər dənizinin qərb sahilində başa çatır.
Həmin səhifədə, bir qədər aşağıda Azərbaycan torpaqlarına aid olan ərazilər başqa bir variantda, həm də yanlış təfsir,- “Cənubda Talış, Savalan, Qaradağ, Bozqus zirvələri, bütünlükdə Iran yaylasının şimal-qərb hissəsi aiddir” kimi təqdim edilir.
Yuxarıda deyildiyi kimi, burada da Iran ərazilərində yerləşən Savalan, Qaradağ zirvələri və Iran yaylasının şimal-qərb hissəsi də Azərbaycan Respublikasının ərazisinə aid edilir.
Dördüncüsü “…Kiçik Qafqazın şərqi…” ifadəsi də yanlışdır. Çünki Böyük Qafqaz sıra dağlarından fərqli olaraq, Kiçik Qafqazda vahid, mərkəzi dağ silsiləsi yoxdur. Müxtəlif coğrafi mövqelərdə yerləşən Murovdağ, Şahdağ, Zəngəzur dağ silsiləri, Qarabağ yaylası vardır.
Dərslikdə çoxlu sayda istilah səhvlərinə də yol verilir.
Məsələn, 86-cı səhifədə Azərbaycan Respublikasında “Böyük Qafqaz”, “Kiçik Qafqaz”, “Kür çökəkliyi”, “Lənkəran” və s. vilayətlərindən bəhs edilir. Nəzərə alınmır ki, vilayət anlayışı dövlətin ərazisi daxilində, yarımüstəqil idarəçiliyi və konkret sərhədi olan inzibati ərazi vahidinə deyilir.
Məsələn, Rusiya Federasiyasında Moskva vilayəti, Tümen vilayəti, Rostov vilayəti və s. vardır. Azərbaycan Respublikasında hazırda vilayət yoxdur.
Diqqət çəkən məqamlardan biri də odur ki, dərslik “Azərbaycan Respublikasının fiziki coğrafiyası” adlandırılsa da, mətndə Azərbaycan Respublikasının fiziki coğrafiyasına yer verilməyib, dövlətimizin sərhədləri qapalı kontur şəklində, bütün cəhətləri sadalamaqla deyil, qırıq-qırıq, həm də yanlış təsvir edilib, Xəzər dənizi üzrə sərhədlərimiz, xüsusi ilə onun Türkmənstan və Iran dövlətləri ilə müzakirə mövzusu olduğu haqqında heç nə deyilməyib.
Dərsliyin ilk səhifələrindən aşkar etdiyimiz çoxlu sayda səhvlər, onun keyfiyyətsizliyi haqqında fikir yürütməyə əsas verdiyindən, sonrakı mətnlərin təhlilinə ehtiyac duymuruq.
Məhəmməd Xəlilov ardı var