Dünyada insanın hansı ölkədə, şəhərdə, kənddə, ailədə və ya evdə… binada doğulub yaşaması bəxt məsələsidir. Bir var on illərlə terror və ya bombardman edilən ölkənin, şəhərin sakini olasan, bir də var əmin-amanlığın hökm sürdüyü yerdə yaşayasan. Bir var zəngin ailədə, ev-eşikdə doğulasan, bir də var miskin… Ancaq biri də var: o da cinayətkarcasına məsuliyyətsiz və yararsız məmurların rəhbərlik etdiyi ölkədə və şəhərdə hər an qəza qorxusu altında yaşamaq…
Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğını görüb, nə yazacağını bilmirsən?! Əslində, uzun yazmağa ehtiyac da yoxdur, onsuz da bu faciəyə qədər mətbuat dəfələrlə yazdı, yazdı ki, binaların fasadına vurulan sintetik üzlük örtüklər ən azı insan orqanizminə təhlükədir, qarşısı alınmalıdır, ancaq eşidən olmadı. Budur, indi həmin binalarda ölümlə nəticələnən hadisə baş verdi…
Bəri başdan soruşuruq, bu ölkəyə rəhbərlik edən varmı, cavabdeh varmı? Axı, ilk belə yanğının üstündən vur-tut 1 ay ötüb, niyə o hadisədən nəticə çıxarılmadı? Aprelin 10-da Xətai rayonundakı 9 mərtəbəli yaşayış binası da həmin üzlük örtüyün ucbatından od tutub yanmışdı. Xoşbəxtlikdən o zaman insan itkisi olmadı. Indi isə 16 insanı itirdik ki, aralarında uşaqlar da var?! Kim qaytaracaq bu itkiləri?!
Təsəvvür edin, bu ölkənin hətta prezidenti açıq şəkildə deyir ki, Bakıda filan memarlıq binasının qanunsuz olaraq sökülməsindən xəbəri olmayıb, özü də şəhərin mərkəzində! Yaxud, deyir ki, filan ünvandakı tikililər qanunsuzdur, şəhərin planına ziddir. Ancaq bu söküntü-tikinti işlərinə icazə verəni cəzalandırmır ki, xalq da onun səmimiyyətinə inansın!
Indi, neçə illərdir, Bakının mərkəzi küçə və prospektlərindəki yaşayış binalarının fasadına təhlükəli örtüklər vurulur, bu iş çirkli biznesə çevrilir, büdcədən milyonlar silinir, cəmiyyət etiraz edir, ancaq prezidentin yenə də xəbəri olmur… Axı, o binaların qarşısından prezidentin də yolu düşür. Bunu görüb demir ki, o binalarda yaşayan insanlar – uşaq, qoca, xəstə yazıqdır, onların evlərinin divarları sintetik örtüklə havasız hala salınır… Hələ, alışıb yanmaq təhlükəsini demirik…
Istəmirik sizin “altı təzək, üstü bəzək” təmirinizi, qoy kasıb binalarımızda yaşayaq, ancaq təhlükəsiz yaşayaq! Əgər bu örtüklər yaxşı şeydirsə, onu vurun saraylarınıza, villalarınıza… Indi bu miqyasda fəlakətə görə kim məsuliyyət daşıyacaq? Bu materiallardan tikintidə istifadəyə və ya onun keyfiyyətinə nəzarətə məsul olanlar niyə susur? Axı, öz əlinizlə dövlətə və xalqa qarşı təxribat, terror törətmək istəyənlərə də münbit şərait yaratmısınız… Sintetik fasad örtükləri belə asan alışıb yanırsa, Azərbaycana ziyan vurmaq istəyən qüvvələr daha özünü çətinə salıb, əlavə tədbirlərə niyə əl atsınlar?!
Bu nədir, cahillik, yoxsa artıq tamahın baş yarması?! Acı çəkən onsuz da yenə xalq oldu! Adam söz tapmır qəzəbini, fikrini ifadə etməyə; bir paytaxtın merinin işi-gücü “ulu öndərə” Gül bayramı keçirmək ola, bir ölkənin fövqəladə hallar naziri ərəb milyarderləri ilə ova çıxa, o ölkədə xalq da, onun təhlükəsizliyi də beləcə diqqətdən kənarda qalar!
Ölkənin dövlət informasiya agentliyinin isə faciənin ilk saatlarında manşetə çıxardığı xəbərə baxın: “Qədim Oğuz diyarı Tovuz ilk Avropa Oyunlarının məşəlini qarşıladı”?! Çal-çağırınızda olun, təki Avropa Oyunlarınız yasa batmasın?!
Şövkət Məmməd