Azərbaycan oyunlarının məşəli

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
 
Əslində dünən baş verən dəhşətli faciə – Azadlıq prospektində 16 insanımızın canını alan bina yanğını bir ay öncədən bağıra-bağıra, hayqıra-hayqıra gəlirdi. Unudanlar varsa, xatırladım: keçən ay oxşar şəkildə – bir an içində alovlara qərq olaraq!-, eyni səbəblə – guya bəzək məqsədi daşıyan keyfiyyətsiz, tezalışan üzlük ucbatından!-, Nobel prospektindəki çoxmərtəbəli bina da alışıb yanmış, nə isə ki, o qorxunc yanğından tələfatsız ötüşmək mümkün olmuşdu.
Beləcə, bunların Bakıda binaların üzünə çəkdikləri materialın nə qədər keyfiyyətsiz, təhlükəli olduğu isbatlanmışdı.
Isbatlanmışdı yazıram, çünki illərdən bəridir paytaxtdakı fasadların təhlükə qaynağı olduğunu ağlı başında olan hər kəs görürdü, bilirdi, deyirdi, yazırdı.
Amma gözlərini pul ehtirası örtənlər üçün bu deyilənlərin və yazılanların heç bir anlamı və dəyəri yox idi. Özümüz deyib, özümüz eşidir; özümüz yazıb özümüz oxuyurduq.
Sonuc isə ağır oldu. 16 can getdi. Aralarında uşaqlar var. Adam deməyə söz tapmır. Növbəti dəfə sözün bitdiyi, kəlmələrin yaşadığımız acı qarşısında çarəsiz qaldığı yerdəyik.
Indi zurna-qavalla, çal-çağırla ölkəboyu Avropa Oyunlarının məşəlini rayon-rayon, şəhər-şəhər gəzdirirlər, dünən alovlanan o bina isə əslində onillərdir davam edən Azərbaycan oyunlarının – daha çox yağmalamaq, daha çox talamaq, daha çox oğurlamaq, daha çox qamarlamaq yarışının məşəlidir. Nobel prosektində yandırılan məşəlin növbəti dayanacağı Azadlıq prospekti oldu. Sırada harada hansı bina var, kimsə bilmir.
Çünki oxşar şəkildə üzlənən, hər an alışıb külə dönəcək belə binalar Bakıda bir deyil, on deyil, yüz deyil. 
Kimlərsə qaz vurub qazan dolduracaqlar deyə minlərlə insanın həyatı asanlıqla təhlükəyə atılır. Çoxdan belədir: Azərbaycanda insan həyatının qiyməti yoxdur, onu asanlıqla ucuz ölümlərin ağuşuna atmaq olar, yetər ki, kimlərinsə cibi dolsun, kimlərinsə pullarını balta kəsməsin, kimlərisə yağ içində böyrək kimi bəsləsinlər, kef sürsünlər, eyş-işrət çəksinlər. 
Binaların üzünü bəzəməklə, yolların kənarlarına hasar çəkib gerçək mənzərəni, illər boyu qalaqlanmış zir-zibili gizlətməyə çalışmaqla, yalan və yaltaqlıq üzərində qurulmuş təbliğat maşınını işə salıb məmləkətin əsl dərdlərini, ağrılarını, qayğılarını, bəlalarını xalça altına süpürərək inkişaf görüntüsü yaratmaqla bir yerə varılmayacağı artıq gün kimi ortadadır. Ürəkağrıdan, insanın içini parçalayan odur ki, bütün bunlar insanların həyatının qaralması, ocaqlarının sönməsi bahasına başa gəlir.  
Bax ona görə də dönə-dönə, təkrar-təkrar xatırlatmaqda fayda var: bir ölkə yalana və talana, korrupsiyaya, yaltaqlığa təslim edilərsə, o ölkədə kimsənin mal və can güvənliyi qalmaz. Belə yağmaçı, ədalətsiz rejimlərdə heç kimin növbəti qurbanın məhz özü, yaxud əzizi, doğması olmayacağına təminatı yoxdur. Bu adi, sadə həqiqəti artıq hamılıqla anlamaq, dərk etmək, ayılmaq və ictimai laqeydlik duyğusundan əl çəkib vətəndaş həssaslığı göstərmək zamanıdır.
Bu ölkədə daha çox insanın canı yanmasın, daha ağır faciələr yaşanmasın, daha böyük fəlakətlər bu gün mənim, sabah sənin, birigün onun, hər gün birimizin və bir gün də hamımızın qapısını döyməsin deyə Azərbaycanın başına açılan oyunlara dur demək zamanı gəlib. 
Yağmaçılığın idarəetmə normasına çevrildiyi bir ölkədə hər cür hüzur, sevinc görsənişləri şoudur, əldəqayırmadır, gözdən pərdə asmaq üçündür; bu cür ölkədə istənilən dəbdəbə, təntənə, təmtəraq binaların üzünə çəkilən bəzəklər qədər ötəridir, müvəqqətidir, saxtadır, bir gün hər ürək o saxta, geydirmə üzlüklər kimi alışıb-yanmağa, yanıb kül olmağa məhkumdur. Bunu unutmayaq. 
Barı bundan sonra daha çox həyat qaralmasın, daha çox can yanmasın, daha çox ocaq sönməsin, daha çox evə atəş düşməsin deyə papağımızı qarşımıza qoyub fikirləşək, bütün bunların başımıza niyə gəldiyini düşünək. 
Yaxşı-yaxşı fikirləşək, dərin-dərin düşünək həm də.