Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın ən yeni tarixində yəqin, daha çox bu oyunlarla əlaqədar qadağa və məhdudiyyətlərlə yadda qalacaq. Ona görə yox ki, bu qadağaların çoxu absurd və gülüncdür, ona görə ki, onlar YAP hakimiyyətinin 22 illik fəaliyyəti dövründə özünüifşanın pik nöqtəsi oldu. Gəlin, elə tarix və yaddaş üçün həmin qadağaları bir də nəzərdən keçirək. Bəri başdan qeyd edək ki, qadağa və məhdudiyyətlər əsasən iki qrupa bölünüb: nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti və şəhərin mədəni-estetik görünüşünün təmin edilməsi.
1.Müəssisə və təşkilatların iş qrafiki. Mayın 1-dən iyulun 1-dək paytaxtda dövlət orqanları, müəssisə və təşkilatlarında yeni iş qrafiki tətbiq edilib. Bu, hökumətin rəsmi qərarı əsasında tətbiq edilən ilk və yeganə məhdudiyyətdir. Qərara görə, kimi iş vaxtını 1 saat tez başlayıb 1 saat tez qurtarmalı, kimi 30 dəqiqə və s. Özəl sektora isə yeni iş vaxtını pilləli şəkildə təşkil etmək “məsləhət” görülsə də, reallıqda məcburidir.
Nəticədə, vətəndaşlar iş vaxtından dinc və asudə şəkildə istifadə edə bilmir. Yəqin bu məhdudiyyətdən daha çox uşaqları səhər növbəsində məktəbə göndərən valideynlər əziyyət çəkir.
2.Toy və yas mərasimləri. Avropa Oyunları ərəfəsində və günlərində toyların keçirilməsi məqsədəuyğun sayılmır: “Yollar bağlıdırsa, toy necə ola bilər?” Yas mərasimlərinə gəlincə, vətəndaşlardan xahiş olunur ki, mərasim zallarından istifadə etsinlər. Avropa Oyunları zamanı isə yollarda çadırların qurulması mümkünsüz olacaq.
3.Binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulması, paltar asılması. Eyvanın səliqə-sahmanda saxlanılması aydındır, ancaq paltar asmaq məsələsi bir az mübahisəli görünür…
4.Spirtli içki satışı. Bu qadağadan isə lap “suxoy zakon” qoxusu gəlir. Məlumatlara görə, Avropa Oyunları ərəfəsində Bakıda bir çox yerlərdə spirtli içki satışına qadağa qoyulacaq.ÿArenaların ətrafındakı bütün mağazalarda isə içki satışı tamamilə qadağan olunacaq…
5.Kommunal işləri. Asfalt-beton örtüyü qazılaraq yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri (qəza halları istisna olmaqla) mayın 15-dən Avropa Oyunları bitənədək dayandırılıb. Bəzi məlumatlara görə, bu işlərin aparılması ancaq gecə saatlarında mümkün olacaq.
6.Taksi xidməti. Sovet dövründə istehsal olunan maşınlarla taksi xidməti göstərilməsi qadağan edilir. Vətəndaşlara “məsləhət” görülür ki, iyun ayının 1-dən 30-dək yalnız “London taksiləri”ndən istifadə etsinlər. Idman arenalarına da yalnız “London taksiləri” buraxılacaq.
Maraqlıdır, bəlkə, vətəndaş “London taksiləri”ndən yox, xarici markalı digər taksi maşınlarından (məsələn, “189" və ya ”Uber" taksi xidmətlərindən) istifadə etmək istəyir… Yaxud, arenaya getmək fikrində olmayan vətəndaş niyə şəhər daxilində məcburən “London taksiləri”nə minsin…
7.Parkinq işləri. Məlumatlara görə, paytaxt sakinləri Avropa Oyunları zamanı avtomobillərindən park etmədən sərbəst şəkildə istifadə edə biləcəklər. Yollarda ciddi nəzarət və sərt cərimələr tətbiq olunacaq. Məsələn, “parkinq yoxdur” xidməti göstəriləcək. Belə olan halda vətəndaş avtomobilini həmin ərazidə saxlaya bilməyəcək.
8.Köhnə avtomobillər. Ilindən və növündən asılı olmayaraq istismara yararsız, xarici görkəmi səliqəsiz, detalları çürümüş, idarəetmədə təhlükəli, texniki baxışdan keçməyən, dövlət nömrə nişanları görünməyən, işıq cihazları yerində olmayan avtomobillərin yol hərəkətində istismarına icazə verilməyəcək.
9.Mağazalara malların daşınması. Həm dükan sahiblərinə, həm topdansatış mərkəzlərinin rəhbərlərinə, həm də istehsalçılara tapşırılıb ki, məhsulların daşınmasını yalnız gecə saatlarında həyata keçirsinlər.
10.Bakıya giriş. Iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına qadağa, digər nəqliyyat vasitələrinin hərəkətinə isə məhdudiyyətlər qoyulacaq.
Beləliklə, bu günə olan qadağa və məhdudiyyətlərin təxmini siyahısı… Bu siyahı sıravi vətəndaşda qıcıq doğurmazdı, əgər, ölkədə qayda-qanun yalnız Avropa Oyunları kimi tədbirlər zamanı yox, adi günlərdə də tətbiq edilsəydi?! Hakimiyyət yalnız əcnəbilərə qarşı yox, öz vətəndaşlarına da diqqətli və qayğıkeş olsaydı?!
Məsələn, Avropa Oyunları ilə əlaqədar hakimiyyət etiraf etdi ki, Bakıda şəhərsalmanın tələblərinə məhəl qoyulmadan yol kənarında tikilən şadlıq saraylarının fəaliyyəti fəlakətdir. Hətta elə yollar var ki, orada bir-birinə sıx 5-6 şadlıq sarayı mövcuddur. Indiyədək bu obyektlərin ətrafda yaratdığı xaosa (səs-küy, kabab tüstüsü, səkilərin zəbt edilməsi və s.) qarşı tədbir görülmür, ancaq əcnəbilərə görə hətta toylar və şadlıq saraylarının fəaliyyəti dayandırılır…
Yaxud, illərlə Bakının yollarında planlı-plansız aparılan təmir-tikinti işləri camaatı boğaza yığır, bitmək bilmir, ancaq Avropadan qonaqlar gələndə bu işlərə son qoyulur. Hətta onlara görə “qara camaat” şəhərdən kənarlaşdırılır: köhnə maşınlar yığışdırılır, kənd-qəsəbə avtobusları buraxılmır… Axı, Avropa “analoqsuz inkişaf”ın paytaxtında nimdaş heç nə görməməlidir! Istər “cındır” daşıyan köhnə maşınlar olsun, istərsə də üst-başı nimdaş insanlar…
Yeri gəlmişkən, paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına qadağa da sual doğurur: bəs, Azərbaycanın bölgələrindəki “1 milyondan çox iş yeri” olan fabrik və zavodların məhsulları Bakıya necə gətiriləcək? Kəndlilər necə, onların da məhsulları şəhərə daşınmayacaq?
“Ulu öndərə” də qadağa?
Ancaq “qara camaat” o qədər də sıxılmasın, bu Avropa elə möhtəşəmdir ki, ona görə hakimiyyət özünə də qadağa və məhdudiyyətlər tətbiq edib. Utandıqlarından “ulu öndərin” yollardakı portretlərini, binalarda, körpülərdə, yeraltı keçidlərdəki “aforizm”lərini də yığışdırıblar. Etiraf edirlər ki, bu, zövqsüzlükdür, bayağılıqdır!
Ən maraqlısı isə Oyunlarla bağlı Avropanın da özünə “senzura” tətbiq etməsidir. Mayın 12-də Avropa Parlamentində ölkəmizlə bağlı keçirilən tədbirin adına fikir verin: “Bakı Oyunları: insan haqları uğrunda mübarizə…”, “Avropa Oyunları” yox, “Bakı Oyunları”?! Deyəsən, Avropa da öz adının avtoritar ölkədə keçiriləcək Oyunlarla birgə hallanmasını istəmir, utanır.
Şövkət Məmməd