Bir qayda olaraq hakimiyyət məhv etdiyi dəyərlər haqqında danışır. Məsələn, ölkə başçısından tutmuş millət vəkilinə qədər hər kəs təhsilin, səhiyyənin, hüquq sisteminin, kənd təsərrüfatının, biznes mühitinin inkişafından dəm vururlar.
Əslində isə bütün bu sadaladıqlarımız iflasa uğrayıb. Nə təhsildə, nə səhiyyədə, nə biznes mühitində ürək açan hal müşahidə olunmur. Hər yerdə korrupsiya, qanunsuzluq, özbaşınalıq hökm sürür. Ölkə başçısı belə məqamlarda da üzə çıxır və natəmizləri, harın məmurları, süni qiymət artıranları hədələməyə başlayır. Amma bütün bu hədələr söz olaraq qalır. Çünki, bütün problemlərin başında hakimiyyətin özü dayanır. Hakimiyyət özü təmiz olmadığı üçün, başqalarından israrla təmizlik tələb edə bilmir.
Bugünlərdə Ilham Əliyev sahibkarlara səsləndi və qanunla işləməyi tələb etdi: “Azərbaycanda biznes mühiti də çox müsbətdir. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm.ÿIş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır” – deyə Ilham Əliyev bildirib.
Bəs, Azərbaycanda qanun çərçivəsində işləmək mümkündürmü? Mövcud şərtlər buna imkan verirmi?
Təsəvvür edin ki, bir iş adamı hündürmərtəbəli bina tikmək istəyir. Bu sahibkarın bina tikiləcək ərazini rüşvətsiz alması, 20-30 qurumdan rüşvətsiz sənəd əldə etməsi mümkündürmü? Yaxud, bu binanın qaz verilişini, “kupça” laşdırılmasını rüşvətsiz həyata keçirmək mümkündürmü? Hamı bilir ki, binanın hər mərtəbəsinə görə pul alınır. Hər hündürmərtəbəli binada müəyyən evlər hədiyyə verilir. Hansısa müğənniyə, idmançıya, sənət adamına prezidentin bağışladığı ev, bu sahibkarın cibindən çıxmalıdır. Yəni, bu ölkədə pulsuz tenderdə qalib gəlmək, qanunlar çərçivəsində işləmək mümkün deyil. Hamının öz hesabı var.
Təsəvvür edin ki, bir sahibkar ölkəyə mal gətirir və gömrükdən rüşvətsiz keçmək istəyir. Sizcə bu mümkündürmü? Gömrükdəki qeyri-rəsmi ödənişlər, süründürməçilik və.s həmin iş adamını məcbur edir ki, itkisini başqa yollarla sığortalasın.
Əgər bir iş adamına illik vergi haqqı qoyulursa, obyektinin standartlara uyğun gəlmədiyi əsas gətirilərək ağır ödəniş tələb edilirsə, bu iş adamı necə təmiz işləyə bilər? Bu ölkədə ümumi kassa fəaliyyət göstərir və müəyyən gəliri olan hər kəs bu kassaya ənam verməlidir.
Əslində, Ilham Əliyevin “qanunlar çərçivəsində işləyin” əmrini müəllimlərə, həkilmlərə, kiçik dövlət qulluqçularına da şamil etmək lazımdır. Bəs, 150-200 manat əmək haqqı alan adamlar necə qanunla işləsinlər, dövlət onlara hansı imtiyazları tanıyır? Bu ölkədə qanunlar çərçivəsində işləmək mümkünsüzləşib. Çünki, hakimiyət bütün qanunları məhv edib, hamını korrupsiyasına şərik edib.
Ona görə də Ilham Əliyev əvvəlcə sahibkarlardan qeyri-rəsmi ödənişlər tələbini, ümumi kassaya ənam vermək ənənəsini ləğv etməlidir. Yoxsa, bu tövsiyyələr quru sözdən başqa bir şey deyil.
Birdə ki, ölkə başçısı özü niyə qanunlar çərçivəsində hərəkət etmir. 19 min manat maaş alan prezidentin bu qədər var-dövləti hardan peyda olub? Ölkənin bütün sahələrini inhisara alanlar xırda sahibkarlar deyil axı. Bu ölkədə dərman pereparatlarından tutmuş, bank sektoruna qədər bütün sahələrə kimlərin nəzarət etdiyi, qızıl yataqlarının, Dubay mülklərinin kimlərə məxsus olduğu məlumdur.
Ona görə də sual meydana çıxır? Iş adamları qanun çərçivəsində faəliyyət göstərmək üçün kimdən nümunə götürməlidilər? Yaxud, bu “analoqsuz” ölkədə, qanun çərçivəsində işləmək mümkündürmü?
Yaxşı olar ki, Ilham Əliyev sahibkarlardan “təmiz iş” tələb edərkən, yaratdığı “əsər”ə bir də nəzər salsın.
Azad