Azərbaycan tibbini inkişaf etdirmək, yoxsa yeni korrupsiya mənbəyi?

Ekspertlər Moskva Tibb Universitetinin Bakı filialının yaradılmasını məqsədəuyğun saymır

 
Dövlət başçısının sərəncamı ilə Bakıda Birinci Moskva Dövlət Tibb Universitetinin filialı yaradılır. Məqsəd ölkədə tibb təhsilinin təkmilləşdirilməsi göstərilsə də, ağır iqtisadi problemlərin hökm sürdüyü bir vaxtda əlavə israfçılığa səbəb olacaq bu layihə yeni bir mövzuya yol açır.
Nəzərə alsaq ki, ölkə başçısı Ilham Əliyev ilin əvvəlində məmurlara tapşırığında israfçılığa yol verilməməli olduğunu bildirmişdi, deməli ölkədə ağır iqtisadi vəziyyətin mövcudluğu hakim dairələr tərəfindən də etiraf edilir. Amma, təəssüf ki, maliyyə ehtiyatlarımızın azalmaqda olduğu bir vaxtda israfçılıq siyasəti davam etməkdədir.
Ölkədə 70 ildən çoxdur ki, Tibb Universiteti fəaliyyət göstərir. Bu ali məktəbin məzunlarının işə düzəlməsi məsələsi də uzun illərdir ki, ciddi problem olaraq qalmaqdadır. Belə olan halda daha bir tibb ocağının yaradılması hansı məna kəsb edir? Digər ciddi problem isə təbii ki, yerli tibb mütəxəssislərinin səviyyə məsələsidir.
Ekspertlər bildirirlər ki, əgər Azərbaycan hakimiyyəti həqiqətən də, ölkənin tibb sahəsinidə irəliləyişlər əldə etmək istəyirsə, ilk növbədə yerli mütəxəssis hazırlanmasına diqqət yetirilməlidir.
AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli “Azadlıq”a açıqlamasında bildirib ki, Azərbaycan hakimiyyəti tibbin inkişaf etdirilməsi üçün hər hansı variantlar üzərində çalışırsa, istiqaməti Rusiyaya deyil, Avropaya yönəltməlidir. Professorun fikrincə, ən azından Türkiyə variantı da əlverişlidir: “Mütəxəssis olmadan, lazımi maddi-texniki bazanın olmadığı şəraitdə Azərbaycanda Moskva Tibb Universitetinin filialını yaratmaq sadəcə israfçılıqdır. Bu addımın arxasında tibbin inkişaf etdirilməsindən daha çox Rusiyanın maraqlarını təmin etmək və müəyyən korrupsiya planları dayanır. Birinci növbədə, konkurs nəticəsində Azərbaycanın istedadlı gənclərini müəyyən edib Avropa və Türkiyəyə göndərib, onların ölkəyə mütəxəssis kimi qayıtmalarını təmin etmək daha məqsədəuyğun olar. Mən bu variantı daha məqbul hesab edirəm”.
Nurəddin Məmmədi onu da qeyd edib ki, bu gün Iranda və Türkiyədə tibbin inkişafı məhz bu mexanizmin vasitəsilə reallaşır: “Onlar təxminən 30-40 il öncə təhsilli gənclərini ABŞ-a, Kanadaya, Yaponiyaya, Almaniyaya göndərməklə yüksək təhsilli mütəxəssislər qazanmış oldular. Bu variant daha rasionaldır. Həm maddi cəhətdən, həm də təşkilatçılıq baxımından asanlıqla başa gələcək variantdır və ona görə də bu varianta üstünlük verilməlidir. Bakıda Moskva Dövlət Universitetinin də filialı fəaliyyət göstərir. Azərbaycan bundan nə fayda götürüb? Indiyə qədər mütəxəssis yetişdirə biliblərmi?” 
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da bildirib ki, bu gün Rusiyada tibbin inkişafı nəinki yüksək səviyyədə, heç orta səviyyədə də deyil. Ekspert deyir ki, əgər Rusiya, həqiqətən də tibbin inkişaf etdiyi yüksək bir səviyyədədirsə, Azərbaycanın yüksək vəzifəli məmurları müalicə üçün Avropanı deyil, məhz Rusiyanı seçərdilər: “Niyə bu gün ölkənin vəzifəli şəxsləri Avropa ölkələrini seçir? Niyə Moskvaya deyil, məsələn, ABŞ-a gedir? Əgər bu suala normal cavab verilsə, nəticə hasil olar. Moskva Tibb Universitetinin Bakı filialını açmaq zənnimcə, Rusiyanın könlünü almaq siyasəti daşıyır. Ola bilər ki, prezident Ilham Əliyevin bu sərəncamı Avropa Birliyi ”Şərq tərəfdaşlığı" çərçivəsində manevrlər edərək rusları incik salmamaq məqsədi daşıyır. Düşünürəm ki, bunun təhsilin, tibbin inkişafına aidiyyəti yoxdur. Çünki indiyə kimi Rusiya universitetinin Bakıda açılan heç bir filialı elmin inkişafına müsbət nəticə verməyib. Biz tibb elmini inkişaf etdirmək üçün gənclərimiz təbabətin yüksək səviyyədə olduğu ABŞ-a, Almaniyaya, Israilə göndərməliyik". 
Emil Səlimov