
Müəllif qeyd edir ki, cəza probleminin mahiyyətinə dərindən nüfüz etdikcə, bu mürəkkəb fenomenin dərk edilməsində ancaq hüququ yanaşmanın məhdud olduğu qənaətinə gəldim, bu da araşdırma prosesində cinayət hüququ və kriminoloji çərçivədən kənara çıxmağın zəruriliyini ortaya çıxardı. Bu istiqamətdə problemə yalnız hüquqi deyil, həm də fəlsəfi mövqedən yanaşdım.
Monoqrafiyalarda cinayət hüququnun, qanunçuluq, ədalət, humanizm prinsipləri hüquqi və fəlsəfi baxımdan əhatəli təhlil edilmiş, məşhur hüquqşünasların, alimlərin bu barədəki fikirləri öz əksini tapmışdır. Cinayət hüququnun prinsiplərinin əhatəli təhlili, nəzəri, eyni zamanda praktiki baxımdan çox önəmlidir. Çünki Cinayət Məcəlləsinin 5-9-cu maddələrində təsbit edilən prinsiplər: qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət, humanizm cinayət hüququnun fəlsəfəsini ehtiva edir. Ona görə də Cinayət Məcəlləsinin xüsusi hissəsi, cinayət cəzaları həmin prinsiplərə uyğun olmalıdır.
Lakin Cinayət Məcəlləsinin prinsipləri baxımından Cinayət Məcəlləsinin xüsusi hissəsini, cinayətlərə görə müəyyən edilən cəzaları müqayisəli təhlil etsək böyük problemlərin olduğun görmək olar. Bu çox geniş mövzudur, təbii ki, bir məqalə də bunları əhatə etmək mümükün deyil və eyni zamanda ümid edirik ki, hüquqşünaslarımız bu vacib mövzunu müzakirəsində iştirak edəcək, bu sahədəki problemləri daha ətraflı işıqlandıracaqlar. Cinayət Məcəlləsi hüququnun prinsipləri baxımından sadələşməli, konkretləşməli, humanist xarakter almalıdır. Cinayət Məcəlləsinin mürəkkəbliyi, qeyri-konkretliklər ədalətsiz hökmlərə rəvaс verir, cəzaçəkmə müəssisələri “yüklənir” dövlət büdcəsinin xeyli vəsaiti itirilir. İnsanlar və ailələr əzab çəkirlər. Cinayət Məcəlləsinin sadələşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, azadlıqdan məhrum etmənin əvəzinə daha çox alternativ cəza sistemlərindən istifadə edilməsi məsələləri dövrü mətbuatda mütamadi olaraq işıqlandırılır. Belə xarakterli təkliflər haqlıdır və zərurətdən yaranır. Cinayət Məcəlləsinin sadələşdirlməsi dedikdə, biz əsasən aşağıdakı istiqamətləri nəzərdə tuturuq.
Birincisi və əsas məsələ Cinayət Məcəlləsinin dekriminalizasiyası ilə bağlıdır. İctimai təhlükəli hərəkətlərin hüquqa zidd olması kriminalizasiya və dekriminalizasiya proseduraları ilə birbaşa bağlıdır. Kriminalizasiya müəyyən hərəkətlərin cinayətkar və cəzaya layiq olmasını qanunvericiliklə təsdiq etməkdir, yəni, onların törədilməsinə görə cinayət məsuliyyəti müəyyən etməkdir. Dekriminializasiya onların cəzaya layiqliyini inkar etməkdir, yəni onların törədilməsinə görə cinayət məsuliyyətinin ləğv etməkdir. 2000-ci ildə yeni Cinayət Məcəlləsi qüvvəyə mindikdən sonra cəza təhdidi altında qadağan olunmuş, ictimai təhlükəli əməllərin dairəsi genişlənməkdə davam edir, bu müddət ərzində Cinayət Məcəlləsinə 45 yeni maddə əlavə edilmişdir, 3 maddə isə çıxarılmışdır. Göründüyü kimi, kriminalizasiyanın miqyası böyükdür. Cinayət Məcəlləsinin repressiv xarakteri güclənir, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları yüklənir. Nəticədə cinayət qanuvericiliyi sosial ədalətin bərpasına deyil, “cinayətkarlığın çoxalmasına” xidmət edir.
İkincisi, cəzaların geniş differensasiyasıdır. Bu da öz növbəsində ədalətsiz hökümlərə, sui-istifadələrə şərait yaradır.
Misal üçün CM-nin 177.3.3-ci maddəsi ilə müəyyən edilən cəza 6 ildən – 12 ilədək azadlıqdan məhrum etmə və s.
Analoji qaydada digər maddələrində differensasiyasındaki qeyri-konkertlik haqqında belə söyləmək olar.
Üçüncüsü, İqtisadi xarakterli cinayətlərdə maddi zərər ödənildiyi təqdirdə cinayət işinin hansı mərhələsindən aslı olmayaraq, cinayət təqibinə xitam verilməlidir. Bundan başqa, maddi zərər ödənilməzsə, belə halda da təqsirləndirlən şəxsə qarşı azadlıqdan məhrum etmə cəzasının təyini məqsədəuyğun deyildir. Çünki tətbiq edilən cəza zərərçəkən şəxsə münasibətdə ədalətli olmalıdır, yəni cəzanın təyinat istiqaməti maddi zərərin ödənilməsinə yönəlməlidir. Alternativ cəzaların elə sistemlərindən istifadə olunmalıdır ki, təqsirləndirlən şəxs azadlıqda qalmaqla maddi zərərin ödənilməsini təmin edə bilsin.
Dördüncüsü, zərərçəkənin hüquqi statusu da ədalət prinsipinə uyğunlaşdırılmalıdır və bu baxımdan ictimai – xususi ittiham qaydasındakı cinayət təqibinin dairəsi genişlənməli, zərərçəkən şəxsin iradəsi və mövqeyi ilə əlaqədar təkminləşməlidir. Misal üçün, ehtiyatsızlıq üzrə cinayətlərdə, xususi ilə avtoqəza cinayətlərdə zərərçəkən şəxsin iradəsi, mövqeyi ilə cinayət təqibinə xitam verilməsi məsələsi həll olunmalıdır. Eyni zamanda bu istiqamətdə sığorta qanunvericiliyi, avtotexniki ekspezizasısının metodologiyası təkminləşdirlməlidir.
Ümumiyyətlə, cinayətlərin təsnifatıda nəzərə alınmaqla azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəzalardan, cərimələrdən istifadə edilməsi daha məqsədə uyğundur. Cərimələrin miqdarı isə müəyyən iqtisadi meyarlara əsaslanmalıdır.
Beləliklə, Cinayət Məcəlləsində təsbit edildiyi kimi, cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.
Cinayət Məcəlləsinin xüsusi hissəsi, nəzərdə tutulan cəzalar həmin prinsiplərə uyğun olmalıdır. Bu konteksdə Cinayət Məcəlləsinin təkmilləşməsinə, yenidən işlənməsinə zərurət vardır.
Vəkil Fəxrəddin Mehdiyev