
Görünür, bu qədər böyük beynəlxalq tənə bunlara kifayət etməyib. İndi də sərbəst toplaşmaq azadlığını tam məhdudlaşdırmaq istəyirlər. İndiyə qədər onsuz da sərbəst toplaşmaq azadlığı məkan və forma baxımından ciddi şəkildə məhdudlaşdırılmışdı. Heç bir rayonda mitinqlərə imkan verilmir. Bakı şəhərində nəinki əsl mitinq meydanı olan “Azadlıq” meydanında, heç bir başqa meydanda da mitinq keçirilməsinə imkan verilmir. Qanuna zidd olaraq yürüşlər də qadağan olunub. İndi də dünyanın gözü Azərbaycanda olan bir vaxtda sərbəst toplaşmaq azadlığını zaman baxımından məhdudlaşdırırlar. Açıq-aşkar Konstitusiya və qanunu bir parça kağız hesab edən BŞİH qanuna zidd olaraq bazar günləri mitinq keçirilməsini faktiki qadağan edir.
24 may tarixinə təyin etdiyimiz mitinqə də razılıq verməyiblər. Təklif edirlər ki, mitinqi 23 mayda keçirək. Düzdür, əvvəlki təkilflərinə razı olmamağımız təsirsiz qalmayıb. Bu dəfə mitinq vaxtına əvvəlki kimi 1 və 3 gün qalmış deyil, 8 gün qalmış cavab veriblər. Amma bizim yenə də əksər vətəndaşlarımız üçün daha əlverişli olan bazar günlərində mitinq keçirmək hüququndan imtina etmək fikrimiz yoxdur. Ona görə də bu gün Milli Şura olaraq qərara gəldik ki, BŞİH-nin təklifi ilə 23 mayda mitinq keçirməyək. Amma mitinq keçirmək istəyimizdən də vaz keçməmişik. Birinci gün BŞİH-ə yenidən mitinqlə bağlı müraciət edəcəyik. 31 mayda (bazar günü) saat 17:00-19:00 arası “Məhsul” stadionunda mitinq keçirmək niyyətindəyik. Məktubumuzda kompromis təklif də olacaq. Əgər mitinqlərin bazar günü keçirilməməsi hökumət üçün hazırda bu qədər prinspial məsələyə çevrilibsə, biz güzəştə də gedə bilərik. Amma hər bir güzəşt gərək qarşılıqlı olsun. Hökumət razılıq versə ki, biz mitinqimizi Nərimanov adına parkın yanındakı meydanda və ya Gənclik metrostansiyası üzərindəki meydanda keçirək, biz həmin mitinqi şənbə günü – 30 mayda (saat 17:00-19:00 arası) keçirə bilərik. Hökumət razılıq versə ki, biz “20 Yanvar” metrostansiyasından Qələbə meydanına qədər yürüş edək, bu halda da yürüşümüzü 30 mayda – şənbə günü (saat 17:00-19:00 arası) keçirməyə hazırıq. Yox, əgər hökumət sərbəst toplaşmaq azadlığının məkanına və formasına qoyduğu qeyri-qanuni qadağaları saxlamaqla üstəlik də bazar günü mitinqlərinə qanuna zidd olaraq qadağa qoymaq istəyirsə, o halda bizim bu vəziyyətlə barışmaq fikrimiz yoxdur.
Əsl ağıldan bəladır. Sanki milyardlarla manat pulu xərcləyiblər ki, bütün dünya aylar ərzində bu ölkədə insanların siyasi əqidəsinə görə həbs olunmasından, korrupsiyadan, toplaşmaq azadlığının olmamasından, indi də sahibkarların kütləvi həbsindən danışsın. Bu da sizə uyğun oldu-olmadı hər yerə yazdığınız Heydər Əliyevin, İlham Əliyevin sitatları deyil e, gecələr siləsiniz. Bu boyda problemləri gizlətmək şansınız yoxdur. Ya düzəlməlisiniz, ya da bütün dünya sizi maskasız görəcək.