“Ölkənin biznes mühitinə ciddi zərbə dəyə bilər”

İqtisadçı ekspert “Oliqarx ovu”nun yaradacağı neqativləri təhlil edir

Azərbaycanda iri iş adamlarının həbsi gündəmin əsas mövzusu olaraq qalmaqdadır. Oliqarx hesab olunan, əslində isə müəyyən imtiyazlarla gəlir əldə etmiş bu şəxslərin həbsinə səbəb kimi Azərbaycan Beynəlxalq Bankından götürülmüş milyonlarla manat həcmində kreditin geri qaytarılmaması göstərilir. İş adamları ilə bağlı baş verənlər onların iqtisadi hüquqlarının pozulması deyil, daxili oyun qaydalarının və çəkişmələrin qurbanına çevrilməsi kimi qiymətləndirilsə də, bu həbslərin ölkənin biznes mühitində yaradacağı mənfi ovqat əlavə müzakirə mövzusuna çevrilib. Ekspertlər hesab edirlər ki, iş adamlarının kütləvi həbsi cəmiyyətdəki mövcud ədalət meyarlarının pozulması anlamına gəlməməlidir. Müstəqil ekspertlər, eyni zamanda, düşünürlər ki, iş adamlarının həbsi ölkənin biznes mühitində oyun qaydalarının yeniləndiyini göstərir.
Iqtisadçı ekspert Məhəmməd Talıblı “Azadlıq”a açıqlamasında bildirib ki, son həbslər ölkədə hətta ən yüksək dairələr tərəfindən himayə olunan sahibkarların da hər hansı təhlükələrdən, risqlərdən, həbslərdən, varidatının itirilməsindən sığortalanmadığını bir daha göstərdi. Onun sözlərinə görə, indiyə kimi müəyyən şərtlər altında fəaliyyət göstərən sahibkarlar onlara verilmiş imtiyazlardan istifadə edərək böyük məbləğdə gəlir əldə etmələrinə baxmayaraq, hazırda maliyyə sıxıntısı yaşayan yüksək dairələrin ciddi təzyiqlərilə üzləşiblər:
“Bu həbslər təkcə iri sahibkarlar üçün deyil, eyni zamanda digər normal biznes fəaliyyətilə məşğul olan iş adamları üçün də bir siqnaldır. Ölkənin bank sektorunda yaranmış bu problemlər qeyri-neft sektorunda fəaliyyət göstərmək niyyəti olan və bu sahəyə investisiya yatırımları həyata keçirməyə hazırlaşan xarici investorlar üçün müəyyən bir təhlükə yaradır. Hakim dairələr hesab edə bilər ki, bu addımın atılması vergi sistemində nizam-intizamın gücləndirilməsinə xidmət edəcək. Yəni, onlar düşünürlər ki, iş adamlarına qarşı həyata keçirilən əməliyyatların nəticəsində həm büdcə vergisi, həm də kreditlərin qaytarılması baxımından hər hansı irəliləyiş yarana bilər. Lakin hökumətin bu addımı həssas olan investisiya ilində bir sıra neqativ tendensiya yaradacaq. Bu siyasət xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin ölkəni tərk etməsinə yol aça bilər. İş adamları ilə bağlı baş verənlərin yaradacağı president imkanlarını nəzərə alsaq, sahibkarlıq mühitinin ciddi ziyan çəkəcəyini söyləmək çətin deyil. Bank sektorunda, sahibkarların fəaiyyətində yaranacaq problemlər ölkənin biznes və investisiya mühitinə böyük zərbə vura bilər".

Emil