“Muradın əlinin qabarına baxıb, utanmalı idilər…”

Tahirə Ədilova: «6 yaşlı uşaq da deyir ki, atamı günahsız yerə tutublar»

 
Natiq Ədilov: «Bu hökm deyil, bizə qarşı işlədilən cinayətdir. Cinayətin də nə ədalətlisi, nə qanunauyğunu?»
 
“Mənim həbsim sizə yaxşı məlumdur. Bu həbslə mənim qardaşım Natiq Ədilovu susdurmaq istəyirdilər. Onun ”Azadlıq" qəzeti və “Azərbaycan saatı”ndakı fəaliyyəti bir çoxlarını narahat edirdi. Bunu həbs olunandan sonra qeyri-rəsmi olaraq dəfələrlə mənə bildiriblər. Azərbaycanda 37-ci illərin repressiyaları indi də davam edir. Baş Narkotiklərlə Mübarizə Idarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi azad fikirli insanlarla mübarizə idarəsinə çevrilib" – bunu Murad Ədilov Lənkəran Ağır Cinayətlər Məhkəməsindəki son sözündə deyib.
Murad Ədilov AXCP fəalı olmaqla yanaşı, həm də bu partiyanın mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun qardaşıdır. Mayın 14-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun 6 il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb.
Murad Ədilov narkotik saxlamaqla ittiham olunsa da, yerli və beynəlxalq ictimaiyyət onun siyasi baxışlarına, xüsusən də qardaşı Natiq Ədilovun hökumətə qarşı tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığı qənaətindədir.
Murad Ədilov ötən il avqustun 11-dən həbsdədir. Onu və yaxınlarını ən çox narahat edənsə üç azyaşlı uşağın ata qayğısından kənar qalmasıdır. Elə son sözündə də Murad Ədilov üzünü hakimə tutaraq, “mənim bu işdə zərrə qədər günahım olsa, qətiyyən narahat olmaram. Mən atamı erkən itirmişəm. Atasızlığın nə olduğunu gözəl bilirəm. Mənim üç azyaşlı övladım var. Böyüyü bu il birinci sinfə gedəcək. Hamı kimi mən də övladlarımın yanında olmaq, onların tərbiyəsilə məşğul olmaq istəyirəm” deyib.
 
“Oğullarımı seçdikləri yoldan necə döndərə bilərdim ki?!”
 
 
Amma hökm verilərkən, görünür, 3 azyaşlı nəzərə alınmayıb. Həm də vəkil Yalçın Imanovun dediyinə görə, istintaq müddətində Murada qarşı ittihamlar təsdiq olunmadığı, sübutlar əsaslandırılmadığı bir halda.
Ədilovların anasıÿTahirə Ədilovaÿ"Azadlıq" radiosuna müsahibəsində daha çox uşaqlara münasibətdə çətinlik çəkdiyini deyib: “Hökmü çox pis qarşıladım. Belə olacağını gözləmirdim. 3 azyaşlı uşağı var, böyük qızının 6 yaşı var, başa düşür ki, atası həbsdədir. Deyir, atamı günahsız yerə tutublar. Uşaqlara görə çox çətindir mənə. Bu il böyük qız məktəbə gedəcək, atasını gözləyir. Deyir, məktəbə məni atam hazırlaşdıracaq. Günahsız yerə, Natiqə görə uşağımı həbs etdilər. Məhkəmə də ədalətsiz keçdi. Indi elə zəmanədir ki, düzlük heç yerdə keçmir. Amma oğullarımı da tutduqları yola görə heç vaxt qınamamışam, onlar bu yolu seçmişdilər, necə döndərə bilərdim ki, onları?!”
Natiq Ədilov hazırda Fransadadır. Bir müddət əvvəl o, “Azadlıq” radiosuna müsahibəsində ölkədən getməyinə səbəb kimi, qardaşından sonra özünün də həbs ehtimalı olduğunu bildirmişdi.
 
“Muradın həbsi bir fərdə qarşı yönələn repressiya deyil…”
 
 
Hazırda Natiq Ədilov Fransada olsa belə, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” telelayihəsində fəaliyyətini davam etdirir. O, qardaşı barəsində çıxarılan hökmə belə münasibət bildirib: “Hökmə münasibətim necə ola bilər? Mən deyə bilərəm ki, bu hökm çox ədalətsizdir, filandır. Amma bunlar yersiz ifadələrdir. Çünki bu hökm deyil, bizə qarşı işlədilən cinayətdir. Bildiyiniz kimi, qanunsuz hökm çıxaran, əsassız yerə bir insanı azadlıqdan məhrum edən hakim cinayət məsuliyyəti daşıyır. Cinayətin də nə ədalətlisi, nə qanunauyğunu?”
Natiq Ədilov onu da qeyd edib ki, həm istintaq, həm də məhkəmə ortada cinayətin olmasına dair hər hansı sübut ortaya qoymayıb. Vəkil Yalçın Imanovla yanaşı, Natiq Ədilov da deyir ki, Muradın əleyhinə ifadə verən iki şahidin narkotik maddə istifadəçisi olmasına dair sübutları var:
“Muradın üzünə qoyduqları iki şahidin ikisi də narkomandır. Şirvan şəhərində onları bu cür əməlinə görə tanımayan yoxdur. Birinin rəsmən narkoloji dispanserdə qeydiyyatda olması barədə rəsmi sənəd əldə etdik. Amma siyasi sifariş olan yerdə, əlbəttə ki, onlara əhəmiyyət verilmədi. Muradın həbsi bir fərdə qarşı yönələn repressiya deyil, bu bütün azad, tənqidçi düşünən insanları susdurmaq cəhdidir. Murad ziyalı ailəsində böyümüş insandır, bizim atamız zəhmətkeş müəllim olub, anam, bacım, Muradın yoldaşı müəllimdir. Biz həmişə halallığın, zəhmətin, düzgünlüyün tərəfində olmuşuq. Murad özü tutulduğu gün yer əkməyə gedirdi. Onun əlinin qabarına baxıb, bu ittihamı verənlər utanmalı idilər”.
 
“Həbsxanada cəza çəkməyə nə var ki?!”
 
Natiq Ədilov deyir ki, qardaşının həbsi onu nə müxaliflikdən, nə də tənqidçi jurnalist kimi fəaliyyətindən çəkindirəcək: “Onsuz da bu yolla nə məni, nə ümumən cəmiyyətdəki mübarizə ovqatını söndürə bilməyəcəklər. Muradın da, o biri günahsız məhbusların da tezliklə azadlığa çıxacağına inanıram. Bu mütləq olacaq, ancaq günahsız insanları böhtanla şərləyən insanlar heç zaman özlərini, vicdanlarını lənətdən azad edə bilməyəcəklər. Qoy, onlar bunun dərdini çəksin, yoxsa həbsxanada cəza çəkməyə nə var ki?!”
Murad Ədilov barəsində çıxarılan hökmə AXCP lideri ÿƏli Kərimliÿdə münasibət bildirib. O, “facebook” səhifəsində yazıb ki, “vicdanlı adamları böhtanla şərləyib həbs etmək, etdirmək hər zaman vicdansızlıqdır. Amma o hallarda ki, günahsız, vicdanlı adam yalnız kiminsə qohumu olduğu üçün şərlənib həbs etdirilir, onda ikiqat vicdansızlıq baş verir”.
Vəkil Yalçın Imanov məhkəmənin hökmündən apelyasiya şikayəti verəcəklərini bildirib.