Yəqin fikir vermisiniz, indi Azərbaycanda ən çox dəbdə olan sözlərdən biri multikulturalizmdir. Biz bu sözü, daha dəqiq desək, termini yaptokratların dilindən tez-tez eşidirik, ona görə də get-gedə adamda karikatur təsiri bağışlayır. Bəşəriyyətin bir çox dəyərləri kimi onlar multikulturalizmi də istismar edirlər, ondan özlərinin humanist obrazlarını yaratmaq üçün yararlanırlar.
Amma hər şeyə rəğmən, multikulturalizm doğrudan da, mədəni dünyanın uğurlarından biridir, insanları dininə, dilinə, irqinə görə olduğu kimi, etnik kimliyinə görə də ayırmağın ayıb sayıldığı, hər kəsin bərabərcə, hürcə, hüzur və barış içində yaşadığı bir dünya qurmağın təməl daşlarındandır.
Nədir multikulturalizm? Bir ölkədə yaşayan fərqli xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüş. Hansı ki, Azərbaycan Xalq Cümhuriyyəti zamanında bu mütərəqqi dünyagörüş bizdə rəsmən tanınmışdı. Cümhuriyyət parlamentində ayrıca milli azlıqlar fraksiyası vardı. Bunun üzərinə Rus-Slavyan Ittifaqı, erməni fraksiyalarını da əlavə edin. Üstəlik, digər fraksiyalarda da etnik kimliyi fərqli deputatları görmək olardı. Elə Cümhuriyyət hökumətində ən yüksək post tutanlar arasında da fərqli etnik kimliklərdən gələnlər az deyildi. Bunu təqdir etməmək və qürurla xatırlamamaq mümkün deyil.
Bəli, Azərbaycan etnik fərqlilikləri olan ölkədir və bu çox gözəldir, bu bizim neftdən də, qazdan da, qızıldan da qat-qat qiymətli zənginliyimizdir. Ən gözəli də odur ki, biz yüzillərdir bu torpaqlarda, belə deyək, eyni damın altında qovğasız, kimlərsə bilərəkdən fitnə tonqalı yandırmadığı müddətcə səs-küysüz, bərabər yaşayırıq. Ən çətin anlarda hansı etnik kimliyi təmsil etməyimizdən asılı olmayaraq, əl-ələ verib bu ölkəyə sahiblənə bilirik. Bunun ən parlaq nümunələrini 80-ci illərin sonlarında – azadlıq hərəkatının başlanğıc dönəmində, ya da 90-cı illərin əvvəllərində – Qarabağ müharibəsinin odlu-alovlu vaxtında gördük.
Sadəcə, indi bu yazının yazılmasına səbəb olan son zamanlar Azərbaycanda etnik fərqliliklərdən doğan zənginliyimizi zədələməyə çalışanların, hansısa etnik qrupa qarşı haqsızlıqlardan bəhs edənlərin gözə dəyməyə başlamasıdır. Bu qəbuledilməzdir, yolverilməzdir.
Bəli, Azərbaycanda haqsız, ədalətsiz, anti-demokratik bir düzən formalaşıb. Amma bu düzən öz “qurbanlarını” etnik kimliyinə görə seçmir, müəyyənləşdirmir axı. Unudulmamalıdır ki, çağdışı idarəetmələrdə etnik azlıq da, etnik çoxluq da daha çox eyni bəlalardan əziyyət çəkir: hürcə seçib-seçilmək hüququnun, ədalətli mühakimə haqqının olmamasından, özgür düşüncənin boğulmasından, sosial ədalətsizlikdən və s. Yaddan çıxarılmamalıdır ki, anti-demokratik rejimlər üçün önəmli olan etnik kimlik deyil, siyasi kimlikdir. Sənin yaşadığın ölkədəki etnik azlığı, yoxsa çoxluğu təmsil edirsən, bunun çağdışı rejimlərə əksərən heç bir isti-soyuğu olmur, əsas məsələ odur ki, sən hakim qrupdan fərqli düşünərək, ona etiraz edərək, onunla razılaşmayaraq, barışmayaraq, onun ətrafında sıx birləşməyərək, onu alqışlamayaraq, ona təhlükə yaratmırsan ki?!
Əgər sən Sistem üçün siyasi baxımdan təhlükəli deyilsənsə, hansı etnik kimliyi daşıdığının da fərqi qalmır. Bu adidən adi həqiqətdir, gerçəklikdir.
Odur ki, kimlərinsə arada-bərədə çıxıb ölkədə hansısa etnik qrupa qarşı ayrı-seçkilikdən gileylənməsi xoşniyyətli qəbul oluna bilməz. Bu cür gileyləri səmimi, içdən qarşılamaq çətin, hətta mümkünsüzdür. Belələrinin hansısa başqa, kirli məqsədlər güddüyü daha inandırıcıdır.
Azərbaycanın bugünkü mənzərəsi aydındır: biz milli azlığı, ya da çoxluğu təmsil etməyimizdən asılı olmayaraq, eyni gəminin sərnişinləriyik, eyni tufana düşmüşük, eyni fırtınadan əziyyət çəkirik. Bu fırtınadan olduğu kimi, günəşli günlərdən də hamımıza eyni miqdarda pay düşəcəyinə şübhə yoxdur, olmamalıdır da.
Neft əlimizdən çıxdı, qaz əlimizdən çıxdı, indi onlar bir ovuc adamın nəfsinə xidmət edir. Onlardan sonra bu ölkənin ən qiymətli sərvətini – etnik zənginliyini də itirsək, onu hansısa kirli məqsədlərin, çirkli maraqların qurbanına çevirsək, etnik ayrımçılığı qaşıyaraq özünə çıxar umanlara imkan və meydan versək, bundan heç kim uduşlu çıxmayacaq, hamımız itirəcəyik.
Bu da belə bilinə!