Avtomobil biznesi iflasa doğru gedir

Azərbaycana avtomobil idxalı “sərt əyləc”də sürüşür. İdxal iki dəfədən çox azaldı.
 
Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2015-ci ilin Yanvar-Aprel ayları ərzində Azərbaycana 12 890 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur. Bu da, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13842 ədəd və ya 51,9% azdır. 2014-cü ilin ilk 4 ayında 26 732 ədəd avtomobil idxal olunmuşdu. 
 
2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında isə 3421 ədəd, Martda 2524 ədəd, 2855 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.  
 
2015-ci ilin Yanvar-Aprel ayları ərzində 393 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 11740 ədəd minik  avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 605 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 112 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.
 
CƏMİ 2484 MİNİK AVTOMOBİLİ GƏTİRİLİB
 
Minik avtomobillərinin idxalında vəziyyət daha pisdir, bu avtomobil biznesinin tənəzzülə doğru getdiyinə işarə edir. Belə ki, 2015-ci ilin Yanvar-Aprel aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 12153 ədəd və ya 50,8% azalıb.
 
2015-ci ilin Yanvar ayında 3870, Fevral ayında 3161 ədəd, Mart ayında 2225 ədəd, Apreldə isə cəmi 2484 ədəd  minik avtomobili idxal olunub. Qeyd edək ki, nəqliyyat vasitələrinin idxalının daha böyük nisbətdə azalmasının qarşısını Birinci Avropa Oyunları ilə əlaqədar avtobusların idxalının artması alıb.
 
Keçən ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərin idxalı 74% azalıb. Əgər 2014-cü ilin Yanvar – Mart aylarında 2496 ədəd yük avtomobili idxal olunmuşdusa, bu ilin 4 ayında cəmi 645 ədəd yük avtomobili idxal olunub.
 
NƏ ÜÇÜN AZALIR?
 
Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi və aksiz vergisinin dərəcələrinin artırılması ilə bağlıdır.  
 
Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104385, 2014-cü ildə 63368 ədəd avtomobil idxal olunmuşdur.