Fransa offşor hesabları ifşa edəcək

Fransa hökuməti keçmiş və hazırkı ukraynalı məmurların ölkəsindəki offşor hesablarını və əmlaklarını üzə çıxarmaq üçün rəsmi Kiyevə kömək edəcək. Bu barədə Ukrayna baş naziri Arseni Yatsenyuk hökumətin iclasında məlumat verib: «Fransa hökuməti Ukrayna Daxili İşlər Nazirliyinin, Milli Antikorrupsiya Bürosunun və Maliyyə Monitorinqi üzrə Dövlət Xidmətinin sorğusu əsasında bizə keçmiş və indiki ukraynalı məmurların ölkəsindəki bank hesabları, həmçinin əmlakları barədə məlumat verəcək. Fransada hesabları, əmlakları olanları təbrik etmək istəyirəm – biz sizin bütün varidatınızı araşdıracağıq. Sizə kömək edəcəyik ki, pullarınızı offşor şirkətlərdə, üçüncü şəxslərin hesablarında gizlətməyəsiniz».
 
Yatsenyuk onu da bildirib ki, Ukrayna hökuməti korrupsiya ilə mübarizəyə dair qanunvericiliyə dəyişiklik edəjək: «Bundan sonra istər qohumların, istər üçüncü şəxslərin adına rəsmiləşdirilmiş pulları gizlətmək mümkün olmayacaq. Dövlət xadimlərinin üzərinə öhdəlik qoyulacaq ki, kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq həmin vəsaitdən istifadə edib-etmədiyi barədə əsaslandırılmış məlumat təqdim etsin».
 
Gültəkin