Aslan İsmayılov
Deyəsən həqiqətən dünyanın sonu, yaxud dərəbəyliyin başlanğıcıdır. Bütün ölkə qaynayır, 6 milyardın, yəni dövlət büdcəsinin üçdə birinin oğurlanmasından danışılır, adları dillər əzbəri olan onlarla milyonlar sahibinin səsi bu dəfə Monte Karlo, Mayamidən deyil "bandotdel"dən gəlir. Respublika Prokurorluğu isə susur. 10 min manat vergi yayınmasında ittiham olunanlarla bağlı səs-küylü bəyanatlar verən Zakir Qaralov, Rüstəm Usubovun susmaları nə ilə bağlıdır hələ ki, çoxları üçün bəlli deyil.
Mənim üçün isə hər şey aydındır. Əgər Respublika Prokurorluğu, DİN, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Hesablama Palatası öz vəzifələrini qanun əsasında həyata keçirsələr bu günki olaylar baş verməzdi. Bu qurumların vəzifələri siyasi bəyanatlar vermək, ictimai aktiv şəxsləri ancaq öz baxışlarına, haqqı söylədiklərinə görə təhdid, təhqir etmək, qanunsuz olaraq fiziki zor göstərmək deyil. Məhz bu orqanlar baş verə biləcək cinayətləri önləməlidirlər. Axı necə ola bilər ki, dövlət büdcəsinin üçdə biri oğurlansın və bundan adı çəkilən orqanların xəbərləri olmasın?! Bu sadəcə mümkün deyil. Dəfələrlə, heç bir səlahiyyətim olmadan, sıradan bir şəxs kimi bildirmişdim ki, bu gün bizim sərvətlərimizi oğurlayırlar. Sovet dövründə də dövlət əmlakını mənimsəyənlər, rüşvət alanlar var idi. O vaxtlar onları oğurladıqlarını qorxularından gizlincə xımır-xımır yeyirdilər. Bu günkilər isə nəinki gizlədirdilər, əksinə bizim gözümüzə dürtürdülər. Onların hansı həyat tərzini sürdüklərini sosial şəbəkələrdən, mətbuatdan görmək olardı. Onların səviyyələri, savadları da hamıya bəlli idi. Bəs niyə tədbir görən olmamışdı. Cavabı da çox sadədir. Adı çəkilənlərini hamısı bu və ya digər formada bu mənimsəmələrdən yararlanıblar. Əgər ciddi yoxlasan hamısının bu gün adları çəkilənlərlə ya qohumluq, dostluq münasibətləri, yaxud biznes ortaqlıqları var.
Bu gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi sadəcə olanları ehtiva edəcək bəyanat verməməlidirlər. Bu qədər astronomik məbləğdə pulun mənimsənilməsində adları çəkilənlərdən başqa hansı vəzifəli şəxslərin hansı rol aldıqlarını, onlar haqqında hansı tədbirlərin görüldüyünü də açıqlamalıdırlar.