Bankların qürubu

İlkin İsmayıllı
 

Manatı devalvasiyaya vadar edən birbaşa səbəb dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi olmuşdur. Hakimiyyət ölkəni böhranlı vəziyyətdən çıxartmaq istəyirsə, onun başlıca qayəsi siyasi və iqtisadi islahatlar yolu ilə qeyri-neft sektorunu inkişaf etdirmək olmalıdır. Despotizmin isə buna siyasi iradəsi çatmır. Çünki Əliyev rejimi yaxşı başa düşür ki, hüquq və azadlıqların təmin olunduğu platformada YAP sivil siyasi rəqabət aparacaq gücdə deyil. Əvəzində, hökümət ölkə iqtisadiyyatının gələcəyini təhlükə altına ataraq, primitiv, qeyri-sağlam yollarla manatı qorumaq tədbirlərinə girişib.
 
Hazırda manatın stabilliyi Mərkəzi Bankın valyuta satışı hesabına təmin olunur. Yəni manatın satın alınaraq dövriyyəyə dolların buraxılması yolu ilə. Məhz bu səbəbdəndir ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları böyük həcmli ərimə tendensiyasını davam etdirir. Aprel ayında manatın sabitliyini qorumaq üçün 1 milyard 84 milyon dollar xərclənib. Qalan rezervlərin həcmi isə 8 milyard 388 milyon dollardır. Ərimə tempi bu cür davam edər və şərtlər dəyişməz qalarsa, valyuta ehtiyatları tezliklə tükənə və manat inzibati dəstəkdən məhrum
 
qala bilər. Nəticədə isə milli valyutamız xarici valyutalar qarşısında kəskin ucuzlaşar.
 
Valyuta satışı hesabına müvəqqəti olaraq, manatın ucuzlaşmasının qarşısını almaq mümkün olur. Ancaq prosesin mənfi yan təsirləri də ortaya çıxmaqdadır. Belə ki, manatın dövriyyədən çıxarılması hesabına 2015-ci ilin birinci rübündə manatla pul bazası 11 milyard 541 milyon manatdan 8 milyard 339 milyon manata qədər enib. Başqa sözlə, birinci rüb ərzində dövriyyədə olan nağd pul və bank ehtiyatları 3 milyard 202 milyon manat azalıb. Neftin qiyməti və manatın ucuzlaşmasının vurduğu zərbədən ayılmayan ölkə iqtisadiyyatı indi də manat qıtlığı ilə üz-üzə qalıb. Ölkənin yeganə ödəniş vasitəsi hesab olunan manatla pul bazasının azalması iqtisadi aktivliyi daha da məhdudlaşdırır. Bu da öz növbəsində, əhalinin gəlirlərinə və məşğulluğa mənfi təsir göstərir.
 
İqtisadi fəallığın zəifləməsi, manatın devalvasiyası problemli kreditlərin artımına da səbəb olur. 2015-ci ilin 1-ci rübündə vaxtı keçmiş kreditlər 24 faiz və ya 237 milyon manat artaraq, 1 milyard 213 milyon manata çatıb. Problemli kreditlərin xüsusi çəkisi pik həddə çataraq, 20 milyard 632 milyon manatlıq kredit qoyuluşunun 5.9 faizini təşkil edir. Mərkəzi Kredit Reyestrinə edilən sorğuların sayında əhəmiyyətli artım baş verməsinə baxmayaraq, kredit qoyuluşlarının real həcmi azalıb. Buna səbəb kredit şərtlərinin ağırlaşdırılmasıdır.
 
Tendensiya onu göstərir ki, bankların gəliri azalmağa, zərəri isə artmağa doğru gedir. Görünür, devalvasiya qərarı bankları pis vəziyyətə salıb. Borcalanların ödəmə qabiliyyətinin zəifləməsi və xarici borclanmanın həcminin artması nəticəsində banklar yarıcan vəziyyətə düşüb. Qaçınılmaz olan ikinci devalvasiya zərbəsi isə can üstə qalan bank sisteminə öz ölümcül zərbəsini vuracaq. Bizə qalan iş isə bankların ard-arda çöküşünü seyr etmək olacaq.