Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilərək yeni öhdəliklər müəyyənləşdirilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunur.
Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq.
Qanuna 13.2-ci maddə əlavə edilir ki, bu da “Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.
14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 15-də müzakirəyə çıxarılacaq.
Milli Məclisin deputatı Vahid Əhmədov bu qərarın hansı zərurətdən yarandığını açıqlayaraq söyləyir ki, aktivlərlə passivlər arasında fərq yarananda onu dövlət büdəsindən ödəyirdilər. Indi isə dövlət istiqrazları artıb, qiymətli kağızlar bazarı bir qədər genişlənib, onların əhatə dairəsi böyüyüb, ona görə də bu məsələ qiymətli kağızların satışından əldə olunan gəlirlə bağlı olacaq:
“Passivlər aktivləri üstələsə, bu məsələ reallaşacaq. Əsas səbəb budur”.
Nigar


