Etiraf edək ki, yalan danışa bilmək də bir bacarıqdır. Adam var ki, yalan danışanda qızarır, dili dolaşır, utanır və s. Amma hakimiyyət təmsilçiləri yalanı o qədər rahat danışırlar ki, adam heyran qalır. Ümumiyyətlə, mövcud hakimiyyət yalnız yalanlar üzərində siyasət yürütdüyünə görə bütün ağ yalanlara adaptasiya olunub.
Ölkə başçısı Ilham Əliyevin son çıxışından xəbəriniz varmı? Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mərasimdə Ilham Əliyev 92-93-cü illəri hədəf seçib və öz hakimiyyətinə xas olan əlamətləri özgəsinə yapışdırmağa çalışıb:ÿ"Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq, talançılıq – bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. Istəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın"- deyə Ilham Əliyev bildirib.
Görəsən, Ilham Əliyev hakimiyyətinin səriştəliliyi nədə ifadə olunur? Bəlkə səriştəli olmaq ölkə vətəndaşına “milli valyuta sabit qalacaq” vədini verib, sonra 1.7 milyard zərərə salmaqdır. 48 milyard dolları ofşorlarda gizlətmək, dünyanın müxtəlif yerlərində bahalı mülklər almaq, ölkəni ata malı kimi özəlləşdirmək, ermənipərəstlərə pul xərcləmək, vicdanlı insanları şərləmək səriştə göstəricisidirsə, həqiqətən də cəbhə hakimiyyəti səriştəsiz olub.
Ilham Əliyev səviyyəsiz qüvvələrin hakimiyyət başında olmasından da daşınıb. Yəqin ölkə başçısının nəzərində telekanalların palatka toyuna çevrilməsi, elmi adların tapşırıqla verilməsi, məktəbdən tutmuş, ayaqqabı fabrikinə qədər hər yerdə Heydər Əliyev muzeyinin yaradılması, yaltaqlığın dəyərə mindirilməsi, müəllimin seçki saxtakarlığında ələtə çevrilməsi, iş adamlarından qeyri-rsəmi ödənişlərin tələb olunması, səviyyə göstəricisidir. Həqiqətən də 92-93-cü illərdə bu səviyyədə hakimiyyət olmayıb.
Cəsarətsizlik və qorxaqlıq məsələsinə gəlincə, Ilham Əliyev tamam işləri korlayıb. Çünki, cəsarətli prezident, qorxaq olmayan hakimiyyət şəffaf seçki keçirərdi, tənqidçilərinin cibinə narkotika atıb həbs etdirməzdi, telekanallarda gecə-gündüz rəqiblərinə qarşı iyrənc təbliğat aparmazdı. Ümumiyyətlə, Ilham Əliyev hakimiyyətinin cəsarəti nədə ifadə olunur? 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və bu torpaqların əksər hissəsi Əliyev hakimiyyətinin dövründə işğal olunub. Bugünə qədər bir qarış torpaq azad edilməyib. Ilham Əliyev isə “lazım”ın gəlişin gözləyir. Niyə cəsarət edib, müharibəyə başlamır? Niyə AzTv-nin acından öldürdüyü Ermənistana əzələ nümayiş etdirə bilmir? Erəmnistan tərəfi hər gün atəşkəsi 100 dəfələrlə pozur. Ilham Əliyevin təsəllisi isə “düşmən cavab atəşi ilə susdurulub” olur.
Qorxaqlıq, cəsarətsizlik Rusiyaya səcdə etməkdi. Azərbaycan xalqını təhqir etmiş Jirinovskiyə qucaq açmaqdır. Cəsarətsizlik, Rusiyanın girovuna çevrilib, demokratiyanı, insan haqlarını qurban verməkdir. Ilham Əliyevin ittiham etdiyi qüvvələr müharibə şəraitində Azərbaycanda olub, düşmənlə üz-üzə gəlib. Amma Ilham Əliyev həmin dövrdə qeybə çəkilmişdi. Bəlkə, Ilham Əliyev və ətrafındakılar müharibə dövründə silaha sarılıb, səngərdə yatıb. Bəlkə düşmənə güllə atıblar və bizim bundan xəbərimiz yoxdur. Məğlub bir ölkənin prezidentin keçmiş hakimiyyəti qorxaqlıqda, cəsarətsilikdə ittiham etməyə haqqı varmı?
1 illik hakimiyyəti talançılıqda ittiham etmək isə, “fitri” istedad tələb edir. Sanki Gül bayramı adı altında 10 milyonları havaya sovuran, Avropa Oyunlarına 8 milyard xərcləyən, Vatikanda, Serbiyada, Fransada milyonlarla pul xərcləyib öz piarını aparan cəbhə hakimiyyəti olub. Sanki Dubayda övladlarına mülk alan, hava limanına, Daşkəsəndə qızıl yataqlarına sahiblənən, 10-larla banka rəhbərlik edən Əbülfəz Elçibəy olub. Sanki holdinqlərə, milyonluq avtomobillərə, bahalı mülklərə cəbhə hakimiyyətinin məmurları sahib olub. Sanki bütün sahələrin inhisara alınması, gömrükdəki qanunsuzluqlar, vergidən yayınmalar cəbhə dövrünün göstəriciləridi. Əliyev hakimiyyəti dövründə tlançılıq o həddə çatıb ki, bütün mitinqlər “Talana son” şüarı ilə keçirilir.
Həqiqətən də bu hakimiyyət “fenomen”di. Təhsili, səhiyyəni, iqtisadiyyatı, hüquq sistemini şikəst edib, neftdən gələn 100 milyardlarla vəsaiti oğurlayıb, Şəhid ailəsini, Qarabağ qazisini intihara məcbur edib, 2 milyondan artıq vətəndaşı ölkədən didərgin salıb, 2 milyondan artıq insanı kredit bataqlığına yuvarlayıb, yoxsullar və işsizlər ordusu yaradıb, sonra da keçmiş hakimiyyəti ittiham edə bilmək “qabiliyyət” tələb edir. Ilham Əliyev YAP hakimiyyəti üçün keçərli olan epitetləri cəbhə hakimiyyətinə ünvanlayıb. Bu isə cəsarətin yox, acizliyin göstəricisidir.
Yeri gəlmişkən, Ilham Əliyev çıxışı zamanı Azərbaycana qarşı beynəlxaq kampaniyadan danışarkən deyib: “Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar, pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər”.
Göründüyü kimi, Ilham Əliyev xarici dairələrə güzgüyə baxmağı məsləhət görür. Çünki, güzgü insana reallığı göstərir. Amma sual meydana çıxır ki, Avropa pisdirsə, niyə onlara xoş gəlməyə çalışırsınız? Aylardı Avropadan gələcək qonaqlar üçün əldən-ayaqdan getmək nədir, onları riyakarlıqda ittiham etmək nədir? Avropadan gələcək qonaqlar üçün ölkədə qadağalar tətbiq olunub, qida məhsullarının keyfiyyəti qaldırılır, nəqliyyat sistemi qaydaya salınır, şəhərdə təmir işləri gedir və s. Bütün bunlardan sonra güzgüyə nə ehtiyac var?
Biz məsləhət görərdik ki, Ilham Əliyev özü də arabir güzgüyə baxsın. Yoxsa, bugünə qədər bütün güzgüləri sındırmaqla məşğul olan adamın başqalarına “güzgü” məsləhəti verməsi çox pis görünür. Bəli, bugün şərlənərək həbs olunmuş insanlar cəmiyyətin güzgüsü olan şəxslərdi. Onlar Ilham Əliyevə yanlışlarını göstərdikləri üçün həbsdədilər.
Bir sözlə, Ilham Əliyev güzgüdə gördüklərini 92-93-cü illərə transfer etməyə cəhd göstərib. Amma biz də aydınlıq gətirdik ki, bu güzgü “sehr”ini itirib.
Azad