Konstitusiya məhkəməsindən “4 milyard manatlıq” qərar gözlənilir

Devalvasiya nəticəsində bir çox xarici valyutalar, o cümlədən Dollar Manat qarşısında bahalaşmışdır. Bu, eyni zamanda xarici borcların da bahalaşması deməkdir.
 
Banklar xaricdən dollar ilə milyonlarla dollar məbləğində kreditlər cəlb ediblər. Eyni zamanda, əhali banklara yatırdıqları əmanətlərin böyük bir hissəsini dollara konvertasiya etmişdir. Nəticədə də, 21 Fevraldakı devalvasiyadan sonra  bankların borcları manatla ifadədə kəskin artmışdır.
 
Aprel ayının 1-nə olan məlumata görə, bankların cəmi öhdəlikləri (borcları) 24 milyard 620,10 milyon manat təşkil edib. Devalvasiyadan öncə, Fevralın 1-də bu rəqəm 20 milyard 625,20 milyon manat idi. Yəni, devalvasiya nəticəsində bankların borcu 3 milyard 399,4 milyon manat və ya 19,4% artıb.
 
Bankların passivlərinin 85%-i öhdəliklərdən, 14%-i öz kapitallarından ibarətdir.
 
Bankların öhdəlikləri depozitlərdən, maliyyə sektorundan alınmış kreditlər və depozitlərdən və digər öhdəliklərdən ibarətdir.  01 Fevral 2015 – 01 Aprel 2015-ci il müddətində depozitlər 1 milyard 643 milyon manat artaraq 10 milyard 803 milyon manatdan 12 milyard 446 milyon manata, maliyyə sektorundan alınmış kreditlər və depozitlər 1 milyard 995,9 milyon manat artaraq 8 milyard 370,10 milyon manatdan 10 milyard  366 milyon manata, digər öhdəliklər isə 355,9 milyon manat artaraq 1 milyard 452,10 milyon manatda 1 milayard  808 milyon manata çıxmışdır.
 
Bankların kapitalı isə, Aprelin 1-nə olan məlumata görə, 4 milyard  230,2 milyon manat təşkil edib.
 
Əgər Konstitusiya Məhkəməsi əhalinin və şirkətlərin xeyrinə qərar çıxardarsa (kreditlər köhnə məzənnə ilə ödənilsin), banklar təxminən 4 milyard manat artan borcu öz vəsaitləri hesablarına bağlamalı olacaqlar ki, bu da demək olar ki, onların kapitalları qədərdir.
 
AKTİVLƏR DƏ 4 MİLYARD MANAT ARTIB
 
Devalvasiyadan sonra bankların aktivləri 4 milyard 12,6 milyon manat artaraq 24 milyard 837,7 milyon manatdan 28 milyard 850,3 milyon manata yüksəlmişdir. O cümlədən, müştərilərə verilmiş kreditlər 1 milyard 902 milyon manat artaraq 17 milyard 184,7 milyon manatdan 19 milyard  87,2 milyon manata, nağd vəsaitlər 51,9 milyon manat artaraq 1 milyard 129,2 milyon manata,  müxbir hesablar 853,8 milyon manat artaraq 2 milyard 382,4 milyon manata, maliyyə sektoruna verilmiş kreditlər və depozitlər 447,9 milyon manat artaraq 1 milyard 404,1 milyon manata, investisiyalar 579,4 milyon manat artaraq 2 milyard 547,2 milyon manata, digər aktivlər 183,2 milyon manat artaraq 2 milyard 300,4 milyon manata çıxmışdır.
 
Xatırladaq ki, Mayın 7-də Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair  Plenumu keçirilərək tərəflər dinlənilib. Məhkəmə qərarnı yaxın vaxtlarda açıqlayacağını bəyan edib.