Münasibətlərində ciddi problemlər olan ABŞ-la Rusiya arasında diplomatik təmaslar baş tutub. Mayın 12-də ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Ukrayna münaqişəsi, Suriya və Yəməndəki vəziyyət müzakirə olunub. Daha sonra isə Kerri Rusiyadan Türkiyəyə səfər edib. Xəbər verdiyimiz kimi bu səfərdə məqsəd NATO ölkələrinin xarici işlər nazirlərinin mayın 13-14-də Türkiyənin Antalya şəhərində keçirilən toplantısında iştirakıdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da NATO ölkələri XIN rəhbərlərinin görüşündə iştirak edəcək. E.Məmmədyarov NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətin nümayəndəsi kimi tədbirə dəvət olunub.
Kerri ilə Putinin görüşünün Cənubi Qafqaz regionu ilə də bağlı mühüm əhəmiyyəti var. Qərblə münasibətlərdə gərginlik yaşayan Azərbaycan özünə müdafiəçi kimi Rusiyanı seçib. Amma hakimiyyətin Rusiya ilə münasibətləri də təmənna üzərində qurulduğundan Kremlin istəklərinin reallaşmaması rəsmi Bakıya çətinliklər yarada bilər. Bu baxımdan Azərbaycanın Avrasiya Ittifaqı ilə əmək münasibətlərinin dərinləşə biləcəyinin gündəmə gətirilməsi təsadüfi sayılmır.
Ekspertlərin fikrincə, ABŞ-la Rusiya arasında Ukrayna məsələsinə görə münasibətlərin xeyli mənada pozulmasına baxmayaraq, Putinlə Kerri uzun müddət ərzində ilk yüksək səviyyəli görüş keçiriblər. Məsələ burasındadır ki, ABŞ-la Rusiya arasındakı münasibətlər təkcə Ukrayna ilə məhdudlaşa bilməz. Hər iki dövlətin dünyanın ən müxtəlif bölgələrində müxtəlif müstəvilərdə ciddi maraqları var. Putin-Kerri görüşünün gündəliyi öncədən elan olunsa da, başqa mövzuların da müzakirəsi istisna olunmur. Nəzərə almamaq olmaz ki, istər Rusiyanın, istərsə də ABŞ-ın Azərbaycanda ciddi maraqları var. Və hər iki ölkənin maraqlarının toqquşduğu ölkə kimi Azərbaycan böyük əhəmiyyət kəsb edir. Azərbaycan hakimiyyəti uzun illər ərzində apardığı balans siyasətindən kəskin dönüş edərək Rusiya ilə yaxınlaşıb. Eyni zamanda Qərblə, o sıradan ABŞ-la kəskin qarşıdurma kursu seçib. Belə kəskin dönüş ölkənin beynəlxalq aləmdəki mövqelərini kəskin zəiflədib və Azərbaycanı xeyli mənada Rusiyadan asılı vəziyyətə salıb. Hakimiyyət rasional xarici siyasət kursuna qayıtmasa, bu amil ölkə üçün daha əlverişsiz beynəlxalq şəraitin yaradılması ilə nəticələnəcək.
Xəyal