449 manatla varlı yaşamaq olarmı?

Statistika Komitəsinin məlumatı rəsmi təbliğatı alt-üst etdi

Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 449,5 manat təşkil edib. Bu barədə fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Məsələni şərh edən iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, 449,5 manat ölkədə məşğul əhalinin əməkhaqqının orta göstəricisi  deyil. Ekspert 449,5 manat orta aylıq əməkhaqqı deyilənin ölkədəki 1,5 milyon nəfərlik muzdlu işçi üzrə hesablanan orta aylıq əməkhaqqı olduğunu bildirir. 4,6 milyon nəfər məşğul əhalinin çalışdığını deyən ekspert,  1,5 milyonu çıxandan sonra iqtisadiyyatda məşğul olan 3,1 milyon nəfərin qaldığını deyir:
“Məşğul əhalinin aldığı əməkhaqqının orta göstəricisini müəyyən etmək əvəzinə, 1,5 milyon nəfər maaş alanları  seçərək onlara verilən əməkhaqqını həmin rəqəmə bölüblər. Lakin ümumi əməkhaqqı fondunu 4,6 milyona bölmək lazımdır.  O zaman ölkədə orta aylıq əməkhaqqının 449 manat olmadığı görünər. 449 manata simvolik bir rəqəm kimi baxmaq lazımdır. Ölkədə 4,6 milyon nəfərin aldığı maaşları götürəndə, orta aylıq əməkhaqqının səviyyəsi çox aşağıdır. Çox güman ki, bu hədd  200 manat əhatəsindədir. Söylənən rəqəm əhalinin sosial vəziyyətini müəyyən edən əməkhaqqının orta səviyyəsini müəyyən edən göstərici deyil”.
Nigar