Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı Binəqədi rayon Məhkəməsinin qərarından verilmiş şikayət üzrə prosesi davam etdirilib. Budəfəki iclasda xüsusi ittihamçı Elman Türkoğlu da iştirak edib. Lakin ilkin qərardan şikayət verildiyi üçün məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Xədicə xanım məhkəməyə gəlmiş jurnalist dostlarına müraciət ünvanlayıb. O bildirib ki, möhkəmdir və dostlarının da möhkəm olmasını istəyir. “Sizdən yaxşı araşdırma yazıları gözləyirəm”, – deyə o qeyd edib.
Xədicə İsmayıl həmçinin Bakı İstintaq Təcridxanasında vəkillə görüşünə imkan verilmədiyini bildirib. Hakim isə onun bu işlə əlaqəsi olmadığını deyib.
Məhkəmədən sonra bu nüansla bağlı Xədicə xanımın vəkili Yalçın İmanovla əlaqə saxladıq. Vəkil bildirdi ki, artıq digər işlə bağlı Xədicə İsmayılın vəkilliyindən uzaqlaşdırılıb. Yalnız hazırkiı işlə bağlı onun vəkilidir. “Mənə onunla BİT-də görüşə imkan yaratmırlar. Bu isə çox güman ki, Xədicə xanımin oradan mətbuata yazılar göndərməsi ilə əlaqədardır. Hətta onun anası və yaxınları ilə görüşməsinə də problemlər yaradırlar”, – deyə vəkil qeyd etdi.
Yalçın İmanov məhkəmə prosesinin təxirə salınmasına da münasibət bildirdi. O qeyd etdi ki, məhkəmənin istintaqla keşirilməsi ilə bağlı vəsatət verib. Hakim bu vəsatəti təmin etmədiyi üçün Ali Məhkməyə kasasiya şikayəti göndərilib. Ali Məhkəmə şikayətə baxana qədər proses təxirə salınıb.