Tehran restoranlarında alkoqol təklif olunur

İran dövlət televiziyasının məlumatına əsasən, rəsmi qadağaya baxmayaraq Tehran restoranlarında alkoqol təklif olunur.
İranın dövlət televiziyası (IRTV1) bu yaxınlarda Tehran restoranlarından birində müştərilərə gizlincə alkoqollu içkilər təklif olunduğu barədə süjet nümayiş etdirib.
Mayın 9-da həmin verilişdə nümayiş etdirilmiş təxminən üç dəqiqəlik gizli video çəkilişi YouTube səhifəsində də yerləşdirilib.
Videoda restoran işçisinin müştəriyə spirtli içki təklif etdiyi göstərilib.
Digər restoran işçisi isə müştərilərə restoran axşam bağlandıqdan sonra orada alkoqollu içki və rəqs etmək imkanını nəzərdə tutan gecə məclisinin təşkilinin təklif edib.
Alkoqollu içkilərin istehsalı, satışı və istehlakı İranda 1979-cu ildən, İslam inqilabı baş verəndən qadağandır.
Qadağanı pozanlar böyük cərimələr və şallaqlamanı nəzərdə tutan sərt cəzalara məruz qalır.
 
Sosial şəbəkələr nə deyir?
 
İranın sosial şəbəkələrində isitifadəçilər dövlət televiziyasını həmin reportaja görə tənqid edərək, rüşvətxorluq və korrupsiya kimi mövzulara diqqət verilmədiyini qeyd ediblər.
"Onlara sağol demək lazımdı, onlar düzgün iş görüblər", Khosro Haidari adlı istifadəçi Facebook-da Tavaana səhifəsində yazıb.
"Onlar alkoqollu içkilər satırlar, noolsun?", Sahar Nasirpour adlı istifadəçi Facebook-da ListenPersian səhifəsində mayın 10-da yazıb.
"İşləri-gücləri qurtarıb. Mən arzulayardım kı, İran dövlət radio və televiziyası – Səs və Təsvir- insanların problemilə məşğul olsun", Akkaskhuneh adlı istifadəçi Facebook-da həmin səhifədə yazıb.
"Siz bunu görürsüz, çox yaxşı, bəs, soyqunçuluq, korrupsiya, rüşvətxorluq, aşnabazlıq, inflyasiya və bu kimi problemlər necə olsun?" Abbas Azizi adlı istifadəçi mövzunu davam edir.
"Səs və Təsvir kamerası hökümət soyqunçuları və reketirlərini niyə çəkmir?", Nader Rezazadeh istifadəçi qeyd edib.
Hassan Abedi adlı istifadəçi isə yazıb kı, "supermarketlərdə də spirtli içkilər satılır".
"İnsanları güdüb xəbərçilik etmək Səs və Təsvirin yeni peşəsidir", Alireza Davoodi adlı istifadəçi qeyd edib.
Aprel ayında iran mediası xarici mənbələrə istinadən Tehranda gizli restoranların fəaliyyət göstərdiyini xəbər verərək orada alkohollu içkilərin və müsəlman qaydalarına cavab verməyən yeməklərin təklif olunduğunu, qadınlar isə İslam qeyim qaydalarına əməl etmədiyini yazılmışdı. (BBC azeri)