İmişli Şəkər Zavodunun fəhlələrindən etiraz

Onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını bildirir

 
Imişli Şəkər Zavodunun bir qrup fəhləsi ölkə başçısı Ilham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Onların müraciətin bir surətini də “Azadlıq”ın redaksiyasına ünvanlayıblar.
Fəhlələr yazır:"Bizim 15 yanvar 2015-ci ildə ünvanladığımız şikayət ərizəsi Iqtisadiyyat və Sənaye Nazirliyinə göndərilib. Onlar da bizə Əmək Müfəttişliyinə müraciət etməyi  bildirib. Müfəttişlikdən isə şəkər zavodunun işinə qarışmaq səlahiyyətinin olmadığı bildirildi. 
Zavod bizi qanunsuz olaraq işdən azad edib. 12 saat işləyərək 8 saatın pulunu almaqla haqqımızı itirmişik.  Iki nəfəri çıxmaqla bizi müqaviləsiz işlədiblər. Biz zavoddakı qanunsuzluqları kütləvi şəkildə intihar etməklə bildirəcəyik. Evə çörəkpulu apara bilmirik, yeganə iş yerimiz olan zavoddan qovulmuşuq. Pulumuzu belə vermədilər. 12 nəfər fəhlə intihar etməklə heç nə itirmirik. Itirən hər birimizin evində olan uşaqların başsız qalması, acından ölməsidir. Imişli icra hakimi deyir ki, mənim onlara gücüm çatmır. Rayon polisi, məhkəməsi şəkər zavodunun girovuna çevrilib.  Biz nə edək? Haqqımızı kimdən alaq, kimə müraciət edək? 
Bu bizim ünvanladığımız sonuncu müraciətdir. 12 nəfərin həyatına biganə qalacaqsınızsa,  olsun. Biz haqqımızı yeyənlərə halallıq vermirik.  Kömək olmasa, onda belə nəticə çıxır ki, ölkədə söz sahibi şəkər zavodudur. Öz haqqımızı tələb etməklə işimizi bitmiş sayırıq. Son söz sizindir.  Intiharımızı acizliyimiz kimi deyil, şəkər zavodunun soz sahibi olması kimi dəyərləndirin".
Qeyd edək ki, Imişli Şəkər Zavodu “Azərsun Holdinq”ə daxildir. Fəhlələlərin iddiaları ilə bağlı holdinqin mövqeyini öyrənmək istəsə də, cəhdlərimiz baş tutmadı.  
Sosial şöbə