
31 dekabr 2014-cü ildə pul bazasının məbləği 11 milyard 866,9 milyon manat idi. Birinci rübdə bul bazasının həcmi 2 milyard 947,7 milyon manat azalıb.
Mart ayında azalma 816,9 milyon manat təşkil edib.
Birinci rübdə manatla pul bazası 3 milyard 202,5 milyon manat azalaraq 11 milyard 541,9 milyon manatdan 8 milyard 339,4 milyon manata düşüb.
İlk rübdə dövriyyədə olan nağd pullar 2 milyard 790,4 milyon manat azalaraq 10 milyard 845,9 milyon manatdan 8 milyard 55,5 milyon manata geriləyib. Eyni dövrdə bank ehtiyatları 153,7 milyon manat azalaraq 859,4 milyon manata düşüb. Bank ehtiyatları Yanvarda 604,5 milyon manata düşmüş, Fevralın sonunda isə 10 milyard 28,4 milyon manata yüksəlmişdi.
Bank ehtiyatları Fevralda 169 milyon manat azalıb.
Martın sonunda dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 90,3% təşkil edib.
Qeyd edək ki, manatın dövriyyədə azalması, Mərkəzi Bankın manatı alaraq dövriyyəyə dollar buraxması ilə əlaqədardır.
Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Sərbəst bank və məcburi ehtiyatları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada pul kütləsi (M1), b) manatla geniş mənada pul kütləsi (M2), c) geniş mənada pul kütləsi (M3).
Azərbaycanda M0, M1, M2 və M3 aqreqatlarından istifadə olunur: M0 = ödəniş vəsaiti kimi ani istifadə olunan pul kütləsinin ən likvid hissəsi, dövriyyədə olan banknot və sikkələrdir. M1 = M0 + tələb olunanadək əmanət və depozitlər; M2 = M1 + müddətli əmanət və depozitlər; M3 = M2 + sərbəst dönərli valyutada əmanət və depozitlərdir.
Pul multiplikatoru – iqtisadiyyatın, xüsusilə də bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edir və geniş mənada pul kütləsinin (M2) manatla pul bazasına nisbəti kimi hesablanır.
Nağdsız pul kütləsi geniş pul kütləsindən (M3) nağd pulun (M0) çıxılması ilə müəyyən olunur.