Azərbaycanda bank sektoru bir məhkəmə qərarından asılıdır

Konstitusiya Məhkəməsi əhalini xilas edəcək, yoxsa bank sektorunu?

 
Xəbər verildiyi kimi, bugünlərdə Konstitusiya Məhkəməsində Fərhad Abdullayevin sədrliyilə iclas keçirilərək, devalvasiyadan əvvəl banklardan dollarla götürülən kredit borclarının hansı məzənnəylə qaytarılması məsələsinə baxılıb.
Qeyd edək ki, Ombudsman və Göyçay Rayon Məhkəməsi Mülki Məcəllənin bəzi müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması, Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərmişdi. Konstitusiya Məhkəməsi də mayın 7-də məsələyə baxıb, amma qərar hələ açıqlanmayıb.
Dollarla götürülmüş kredit borclarının devalvasiyadan əvvəlki məzənnə ilə qaytarılmasına – əhalinin xeyrinə qərar verilsə, bu, manatın da vəziyyətinin yüngülləşməsinə səbəb ola bilər.
Xatırladaq ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyasıyla bağlı qərar qəbul edəndən sonra xarici valyutayla kredit götürən vətəndaşların borclanması 1.7 milyard dollar artıb. Nəticədə ölkə üzrə dollar və avro ilə kredit götürənlər banklara 1.7 dollar həcmində artıq ödəmə etməlidir.
Bu arada, Mərkəzi Bankın təmsilçisi Rəşad Orucov mediaya açıqlamasında Azərbaycanda bank sistemi aktivlərinin 87 faizinin cəlb edilmiş vəsaitlərdən ibarət olduğunu söyləyib. Cəlb edilmiş vəsaitlərin böyük hissəsini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir. Beləliklə, bu gün əhalinin banklarda 7,8 milyard manat əmanəti var və onun böyük qismi xarici valyutaya konvertasiya edilib.
Xatırladaq ki, ötən il sentyabr ayının 1-də banklarda əmanətlərin 37 faizi xarici valyutada olub, bu gün isə əmanətlərin 67 faizi xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilib, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyib. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib. R.Orucov qeyd edib ki, fərqli qərar qəbul edilərsə, ölkənin bank sektoru çökə bilər.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev də o fikirdədir ki, Konstitusiya Məhkəməsi kredit götürən əhalinin xeyrinə qərar çıxarsa, bank sistemi bata bilər. Ekspertin sözlərinə görə, ölkədə valyuta ehtiyatları olduğu üçün ciddi bir təhlükə gözlənilmir. Lakin hər halda, bizim ehtiyatların da sahibi var: “Həmin sahib də Azərbaycan xalqıdır. Məhkəmə qərar çıxaranda hansısa qanunu əsas götürəcək. Mülki Məcəlləyə istinad edilsə, bu, hökumətin xeyrinə olacaq”.
Nigar