Riqada Qarabağ müzakirələri

AB nümayəndəsi: “Riqada Ermənistan və Azərbaycan təmsilçiləri Qarabağ münaqişəsini müzakirə edəcəklər”

 

Mayın 21-22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistan və Azərbaycan Qarabağ münaqişəsini müzakirə edəcəklər. “Dağlıq Qarabağ üzrə Minsk prosesi adlanan qurum var və orada bizim üzvlərdən biri – Fransa, həmçinin Rusiya və ABŞ həmsədrlik edir. Onlar iki ölkə prezidentinin və xarici işlər nazirlərinin görüşlərini təşkil edir. Riqada prezidentlərin və ya xarici işlər nazirlərinin daha bir görüşü keçiriləcək. Bu, Avropa Birliyinin iştirak etmədiyi az proseslərdən biridir”,- RIA-Novosti AB-ın adının çəkilməsini istəməyən nümayəndəsindən sitat gətirib.
O qeyd edib ki, münaqişənin həlli üzrə “format dəyişmir”. Biz rusiyalı, amerikalı və fransalı həmkarlarımızın səylərindən tamamilə əminik. Lakin təəssüf ki, bu, çox çətin məsələdir",- avropalı məmur vurğulayıb.
Bu görüşdən hər hansı nəticə gözləməyə dəyərmi? Riqda AB-ın təşəbbüsü ilə keçirilən görüş münaqişənin həllinə nə vəd edir?
 
Gültəkin Hacıbəyli: «Avropa Birliyinin bu təşəbbüsünün hər hansı ciddi nəticələr doğuracağına inanmıram»
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Riqa sammiti “Şərq tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün böyük əhəmiyyət daşıyacaq. Tədbirdə qəbul ediləcək birgə yekun bəyannamədə “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünə müstəsna əhəmiyyət veriləcəyini vurğulayan G.Hacıbəyli bildiridi ki, bəyannamənin əsas ana xəttini dövlətlərin ərazi bütövlüyünün toxunalmazlığı təşkil edir: “Bu baxımdan Azərbaycanın ən yüksək səviyyədə bu sammitdə iştirakı və yekun sənədi imzalaması arzuolunandır. Bunu milli maraqlarımız tələb edir. Amma təəssüf hissi ilə o da vurğulanmalıdır ki, bu sammitdə həmin birgə bəyannamədən başqa Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində hər hansı sənədə imza atması gözlənilmir. Təbii ki, Avropadan çox israrlı çağırışlar var. Bu çağırışlar Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya sazişinin imzalanmasına yönəlib. Amma təəssüflər olsun ki, Azərbaycan Assosiasiya sazişinin imzalanması, Avropa Birliyi ilə əlaqələrin dərinləşməsi istiqamətində heç bir addım atmayıb”.
G.Hacıbəylinin sözlərinə görə, N.Məmmədovun Azərbaycanın AB ilə əməkdaşlığı dərinləşdirməməsinin səbəbi kimi Brüsselin ərazi bütövlüyümüzü tanımamasını göstərməsi məsələyə yanlış yanaşmadır. Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanın işğal etdiyi əraziləri boşaltmalı olduğu ilə bağlı qətnamələr qəbul etdiyini yadda salan G.Hacıbəyli bildirdi ki, bu qətnamələrin dili və ritorikasi BMT-nin işğal olunmuş ərazilərimizin boşaldılması ilə bağlı qətnamələrindən daha sərtdir. “Azərbaycanın Avropa Birliyi ilə Assosiasiya sazişi imzalamaması yalnız iqtidarın hakimiyyət maraqları ilə bağlıdır. Başqa bir ciddi əsas yoxdur”, deyə G.Hacıbəyli qeyd etdi.
Dövlət başçılarının Riqadakı görüşünə gəlincə isə, G.Hacıbəyli bildirdi ki, bu AB tərəfindən Qarabağ danışıqları ilə bağlı təşəbbüsü ələ almaq cəhdidir. Amma G.Hacıbəyli hesab etmir ki, bu təşəbbüs hər hansı ciddi nəticələr doğuracaq: “Minsk qrupunun həmsədrlik institutuna etimad limiti artıq tamamilə tükənib. Qondarma soyqırım tədbirinə dörd ölkənin dövlət bşçısı qatılmışdı. Onlardan ikisi Fransa və Rusiya prezidentləri idi. Riqada baş tutacaq formatda isə görüş Fransanın təşkilatçılığı ilə keçiriləcək. Fransanın isə ədalətli arbitr mövqeyinə mən zərrə qədər də inanmıram. Fransa soyqırım tədbirinə qatılmaqla özünün tərəfsizliyinə çox ciddi kölgə saldı. Ona görə görüşdən ciddi nəticə gözləmirəm. Amma həm Azərbaycanın, həm də Ermənistanın ”Şərq tərəfdaşlığı" çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığını dərinləşdirməsi münaqişənin həllinə xidmət edir. Ermənistan gec-tez Avropa Birliyi ilə normal əlaqələr qurmaq istəyəcəksə, bu, Azərbaycan torpaqlarının azad olmasına gətirib çıxaracaq. Amma Riqa sammitinin antiRusiya tədbiri kimi təqdim edilməsinin qarşısında tərəflərin görüşünün nəticə verəcəyinə inanmıram".
Xəyal