Vəkil Ilqar Musayev: «Heç bir günahı olmayan, iki azyaşlı xəstə uşağın atasını məqsədli şəkildə həbsxanaya göndərmək heç bir qanuna, ədalətə, insanlığa sığmır»
Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu Ilham Əsgərlinin törətdiyi və “Mc Donalds’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənanın ölümü ilə nəticələnən yol qəzası üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə artıq məhkəmə iclası yekunlaşıb, prokuror da, zərərçəkmiş Maqsud Mirzəyev və nümayəndəsi, həmçinin icra başçısının oğlunun vəkili də çıxış edib.
Amma bu qəzaya görə məsuliyyətə cəlb olunmuş digər sürücü Əhliman Süleymanovun vəkili çıxışa hazırlaşmaq üçün vaxt istədiyindən məhkəmə prosesi sabahadək təxirə salınmışdı. Sabahkı məhkəmə iclasında vəkilin çıxışından sonra təqsirləndirilən şəxslərin özləri də son sözlərini deyəcək. Hətta məhkəmənin hökmünün elan olunması da istisna deyil.
Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi ötən il sentyabrın 27-də baş verib. Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500" Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt Ilham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində Ilham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.
Bu işlə bağlı “Azadlıq”a fikirlərini bölüşən vəkil Ilqar Musayev bildirib ki, sözügedən qəzanın baş verməsində yük maşınının heç bir günahı olmayıb. Vəkilin sözlərinə görə, sadəcə, zərərçəkmiş tərəf qarşısında Ilham Əsgərlinin məsuliyyətini azaltmaq məqsədilə Əhliman Süleymanovu da təqsirləndirilən şəxs kimi bu işə cəlb ediblər: “Hüquqlarını müdafiə etdiyim Əhliman Süleymanov faktiki şərlənib. Əhlimanı məsuliyyətə cəlb eləmək üçün işin içində olan ekspert rəyinə əsaslanıblar. Həmin rəydə ekspert Ilham Əsgərliyə münasibətdə yazır ki, o, arxadan 180-200 km. sürətlə gəlib, işıqları yandıraraq ötməni həyata keçirmək üçün yük maşınından yol istəyib. Yük maşını yol verməyəndə sağdan keçməyə cəhd göstərib, bununla da ”Yol hərəkəti haqqında" qanunun 51-ci maddəsini pozub. Rəyin davamında Əhliman Süleymanova münasibətdə isə ekspert yazır ki, onun idarə etdiyi yük maşını sol zolaqda gedərkən sağ zolaqdakı avtomobilin yoluna keçib. Bu nə məntiqdir? Məhz bunun aydınlaşdırılması üçün mən rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsini istəyirdim və bu barədə vəsatət qaldırmışdım. Lakin məhkəmə elə yerindəcə vəsatətin təmin olunmamasına qərar verdi və çıxışlar mərhələsinə keçdi. Ekspertlər dindirilmədi, heç işin içində olan rəy də tədqiq olunmadı axı. Sənədlərin tədqiqi zamanı Ilham Əsgərlinin müdafiəçisi əlavə komisyon avtotexniki eksperti təyin olunması barədə vəsatət qaldırdı. Məhkəmə də vəsatəti təmin elədi, ona görə də işin içindəki rəy araşdırılmamış qaldı. Təyin edilən ekspertizanın da nəticəsi olmadı. Yeni rəy verilməsi mümkünsüz hesab edildi. Təyin olunmuş əlavə ekspertiza ilə bağlı verilən cavabı məhkəmə açıqlayandan sonra əvvəlki rəyi tədqiq etmədən tələm-tələsik məhkəmə istintaqının yekunlaşdığı elan edildi. Əvvəlki rəyi vermiş ekspertlərin məhkəmədə dindirilməsinə imkan vermədilər. Təsəvvür edin, hadisəyə heç bir aidiyyəti olmayan, qəzadan xeyli sonra ora gəlmiş polisləri Ilham Əsgərlinin müdafiəçisinin vəsatətilə çağırıb dindirirlər, amma iş üçün çox vacib rəy vermiş ekspertləri yox. Yeri gəlmişkən, polislərin çağırılması da günahı Ilham Əsgərlinin üzərindən götürüb, Əhlimanın üzərinə yıxmaq məqsədi daşıyırdı.
Yeri gəlmişkən, əlavə komisyon ekspertizanın təyin edilməsinin gerçək səbəbi başqa idi. Istədikləri rəyi almaq üçün xeyli cəhd göstərdilər, amma alınmadı. Alınmamasının səbəbi də mənə məlumdur…"
Ilqar Musayev prokurorun təqsirləndirilən şəxslərə istədiyi cəzaya da toxunaraq, ayrı-seçkiliyə yol verildiyini deyir: “Əhliman Süleymanovun ittiham olunduğu maddə (263.2) üzrə 2 ildən 6 ilə qədər cəza nəzərdə tutulub. Baxmayaraq Əhlimanın bu hadisədə zərrə qədər günahı yoxdur, bir anlıq hesab edək ki, onun təqsiri sübuta yetirilib. Ona verilən maddədə nəzərdə tutulan cəzanın maksimum həddini – 6 il həbs istəməyin adı nədir?
Prokuror çıxışında dedi ki, Əhliman Süleymanovun himayəsində 2 azyaşlı (3 və 1 yaşlı qızları) uşaq var və bu, cəza təyin edərkən yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Bəs niyə nəzərə almadın və həmin maddədə nəzərdə tutulan cəzanın maksimum həddini istədin? Prokurorun bu cür davranışı həm də qanun pozuntusudur. Məsələ burasındadır ki, qəzadan sonra “Mercedes”də yanğın başlayıb və Əhliman yanan maşının söndürülməsində, yaralıların içəridən çıxarılmasında, təcili yardımın çağırılmasında və xəsarət alanların ora yerləşdirilməsində iştirak edib. Bunu məhkəmədə şahidlər də dedilər. Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində göstərilib ki, təqsirləndirilən şəxs hadisədən sonra zərəçəkmişə tibbi və ya başqa cür kömək göstərirsə, bu, yüngülləşdirici hal sayılır. 60-cı maddədə də göstərilib ki, əgər təqsirləndirilən şəxsin əməlində CM-nin 59.1.10-da müəyyən olunmuş yüngülləşdirici hal varsa, ona təyin olunan cəza maksimum həddin dörddə üçündən artıq ola bilməz. Yəni, qanun bunu birmənalı göstərir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində maksimum hədd 6 ildirsə, deməli, ona 4 il 6 aydan çox cəza verilə və ya istənilə bilməz. Amma prokuror faktiki nə yüngülləşdirici halları nəzərə aldı, nə də qanunun tələbini.
Ilham Əsgərli isə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona verilən maddə fərqlidir (263-1) və sanksiyasında 5 ildən 8 ilə qədər cəza nəzərdə tutulub. Ona isə 6 il 6 ay cəza istədi. Yəni, Ilham Əsgərli üçün minimum limit beş ildir. Ilham Əsgərliyə ən aşağı hədd olan 5 il həbs cəzası verilsə, onu yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərməlidilər. Amma Əhliman Süleymanova 5 il və ya ondan aşağı cəza verilsə, o, cəzasını məntəqə tipli müəssisədə çəkməlidir. Çünki ona ittiham verilən maddədəki əməl ehtiyatsızlıqdan törədilən cinayət sayılır. Qanuna görə, ehtiyatsızlıqdan törədilmiş cinayətə görə cəzası beş ildən yuxarı olmayan şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Beş ildən yuxarı cəza veriləndə isə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilir. Prokuror 6 il istədi ki, məhkəmə də ondan 6 ay çıxsın, 5 il 6 aylıq cəza ilə Əhlimanı məhkəmədə qandallayıb, həbs eləsinlər. Başqa sözlə, icra başçısının oğlu tutulanda Əhliman da kənarda qalmasın.
Və nəyahət, Ilham Əsgərlinin vəkili əlavə ekspertiza barədə vəsatət qaldıranda prokuror onu dəstəklədi, işin iş materiallarındakı ekspert rəyinin şübhəli olduğunu qəbul elədi və əlavə komisyon ekspertiza təyin olunmasını istədi. Ekspertlərdən cavab məktubu isə belə oldu ki, yenidən ekspertiza keçirə bilmərik, artıq rəy var. Belə olan halda, deməli, dövlət ittihamçısının özünün də şübhə altına aldığı ekspert rəyinə əsaslanıb təqsirləndirilən şəxs üçün cəza sanksiyası həddinin maksimumunu tələb etməsi nə qədər məntiqli, qanuni və əsaslı ola bilər?"
Vəkil onu da əlavə edib ki, öz yolu ilə getdiyi halda, bəlaya düşmüş Əhliman Süleymanovun ailə vəziyyəti də son dərəcə ağırdır: “Hadisə də heç bir günahı olmayan, iki azyaşlı xəstə uşağın atasını məqsədli şəkildə həbsxanaya göndərmək heç bir qanuna, heç bir ədalətə və nəhayət, heç bir insanlığa sığmır”.