Avropa Bankı Elman Rüstəmovun qarşısında şərt qoydu

«Banklar birləşsə, dəstək olacağıq»

 
Nemət Əliyev: «Azərbaycanı idarə edənlər ölkəni elə vəziyyətə gətirib ki, beynəlxalq qurumlar ölkəmizə qarşı aşağılayıcı şərtlər irəli sürür»
 
Avropa Yenidənqurma və Inkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla ölkəmizdə banklarının konsolidasiyası baş verdiyi halda, bu prosesə neçə dəstək verəcəkləri məsələsini müzakirə edib. Çakrabarti bu barədə Bakıda keçirilən mətbuat konfransında məlumat verib.
“Biz Elman Rüstəmovla bir çox məsələləri, o cümlədən ticarətin maliyyələşdirilməsi, enerji səmərəliliyi, kiçik və orta sahibkarlara kreditlərin ayrılması, kapitalda iştirak kimi mövzuları müzakirə etdik. Bununla yanaşı, Avropa Yenidənqurma və Inkişaf Bankının bir çox ölkələrdə topladığı təcrübəni nəzərə alaraq, Azərbaycan banklarının konsolidasiyası baş verdiyi halda, bankımızın bu prosesə neçə dəstək verəcəyi məsələsini də müzakirə etdik”, – deyə Çakrabarti bildirib.
Dünya bazarında neftin qiymətindəki ucuzlaşmadan sonra Azərbaycan iqtisadiyyatının, o cümlədən bank sektorunun ciddi problemlərlə üzləşdiyi yeni xəbər deyil. Banklarda yaranan maliyyə sıxıntıları xarici şirkətlərdən kredit asılılığını artırıb.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan və Asiya Inkişaf Bankı (AIB) arasında ölkənin enerji sisteminin yenidən qurulmasını və modernləşdirilməsini nəzərdə tutan 1 milyard dollarlıq investisiya proqramı üzrə anlaşma memorandumu imzalayıb.
Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, xarici qurumlara Azərbaycan iqtisadiyyatına yönələn kreditlərin geri qayıtması riskli görünür. Ona görə də onlar bizim banklar qarşısında, hətta aşağılayıcı şərtlər qoymaqdan da çəkinmirlər: “Göründüyü kimi, Azərbaycan banklarına kredit verməyi təklif edən Avropa Yenidənqurma və Inkişaf Bankı Azərbaycandakı iqtisadi vəziyyət haqda yetərincə məlumatlıdır. Bu baxımdan, onlar düşünür ki, ayrı-ayrı banklara kredit verməkdənsə, birləşmiş banklara kredit yardımı etmək daha məqbuldur. Səbəb isə, gözlənilən riskləri azaltmaqdır. Avropa bankları hesab edir ki, Azərbaycanda mövcud 45 banka kredit vermək bu kreditlərin qaytarılması baxımından kifayət qədər etibarlı deyil”.
Bununla belə, ekspert onu da qeyd edir ki, ölkə banklarının birləşməsi məsələsi real görünmür. Ekspertin fikrincə, bu addım Azərbaycanın beynəlxalq etibarlılıq dərəcəsini daha da aşağı salar: “Bankların birləşməsi məsələsi açığı, real görünmür. Əgər siyasi iradə olsa, bütün bankları bir araya toplamaq mümkündür. Amma mən hesab edirəm ki, bu baş verməyəcək. Çünki bunun beynəlxalq aləmdə yaradacaq ovqat çox eybəcər olacaq. Əgər Avropa Yenidənqurma və Inkişaf Bankı Azərbaycan banklarının kreditləşməsi üçün bu cür şərt irəli sürübsə, bu təklif həm də müəyyən qədər Azərbaycanı aşağılamaq anlamına gəlir. Azərbaycanı idarə edənlər ölkəni elə bir vəziyyətə gətirib çıxarıblar ki, hər hansı beynəlxalq agentliklər ölkəmizə qarşı aşağılayıcı şərtlər irəli sürür. Təbii ki, günahkar banklar deyil, Azərbaycanı idarə edənlərdir. Bu bir daha təsdiq edir ki, ölkədə biznes fəaliyyətilə məşğul olmaq üçün iqtisadi, sosial şərtlər çox ağırdır. Hazırkı vəziyyət elədir ki, Azərbaycan iqtisadiyyatına yönələn kreditlərin geri qayıtması müşkül məsələyə çevrilib. Əgər Azərbaycana kredit yardımı baş tutsa, yaranmış şəraitdən istifadə edərək, faiz dərəcələrini də yüksək saxlamağa cəhd olunacaq”.
Nemət Əliyev onu da əlavə edir ki, hazırda Azərbaycanda iqtisadi sahədə böyük problem biznes mühitinə yaradılan əngəllərdir. Ilk növbədə bu problemlər həll olunmalıdır: “Korrupsiya, inhisarçılıq, rüşvətxorluq, müstəqil məhkəmə sisteminin olmaması Azərbaycan iqtisadiyyatına vurulan ən böyük zərbədir. Bu gün heç bir xarici qurum Azərbaycana maddi yardım edərkən bu pulun geri qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət edərək problemi həll edə biləcəyinə inanmır”.