Ana azyaşlı qızı ilə təhlükə qarşısındadır

Qohumu və oğlunun ucbatından onlar küçələrdə yaşayır

 
Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 21/16-da qeydiyyatda  olan  Lətifə Zeynəddinova “Azadlıq”a müraciət edib. Hökməlidə yeni tikilən evinin sökülməsi nəticəsində evsiz qalan şikayətçi məsələnin mahiyyətini açıqlayır:
“Hökməli kəndində Azad Alxasova 2400 manat verərək  2 sot torpaq almışam. Azyaşlı qızımla üç ildir orada yaşayırdıq. Borc almaq və əməkhaqqımla ev tikmişəm və qonşular da imkansız olduğum üçün mənə kömək ediblər. Nənəsi və atasının himayəsində böyümüş, ruhi xəstə, əmlakımı talayıb mənə düşmənçilik edən birinci nikahdan olan oğlum Elşən Əlixanovu 2010-cu ildə Qubadan qovublar. O, Xətai rayonunda Bəylər Manafov adlı bir kişinin qızı ilə evlənib. Onun qızı Bənövşə xəstə olduğu üçün Bəylər məndən Iranda müalicə olunmaq üçün 6000 manat pul tələb edib. Buna imkanım olmadığı üçün də Bəylər məni hədələyib, evimin qapısını sındırıb, evimin, torpağımın sənədini və mənə məxsus 800 manat dəyərində ev əşyalarımı maşına yükləyərək mart ayında evinə aparıb.  O, ruhi xəstə olan oğluma ananın əmlakını satıb qızımı müalicə edək deyərək, onu öyrədib. Abşeron rayonunun memarlıq idarəsində saxta eskiz layihə düzəldərək Orxan adlı şəxsin adına veriblər. Onun əsasında da evimi 15.000 manata satıblar. Qapımı sındıraraq evimin sənədlərini, avadanlıqlarını oğurlayan zaman şikayət edərkən polis əməkdaşı Zülfüqar Elçin evimi tələb edəcəyim təqdirdə, məni 48 saata ƏRX-a göndərəcəyini deyərək məni zorla ora aparıb. Qızımı isə məktəbdən çıxararaq evinə aparan Bəylər Elşənlə onu əxlaqsız hərəkətlərə təhrik ediblər. Xəstə olmadığım üçün üç gün sonra hakim məni ƏRX-dan buraxıb. Evimə gələrkən sahə müvəkkili Nəcəf evimin qanunsuz olduğunu telefonla deyərək evimi tələb etsəm qızımla məni ruhi xəstəxanaya aparacaqlarını söyləyib. 27.03.2015-ci il tarixdə evimi tələb edərkən Bəylərlə Elşən məni saçımdan sürüyərək öldürmək məqsədilə apararaq xəsarət yetiriblər. 
Evi olan bir ana azyaşlı qızıyla 5 aydır ki, polis məmurlarının rüşvətxorluğu üzündən küçələrdə yaşayır. Mənə xəsarət yetirilib, döyülmüşəm. Baş prokurorluğa şikayət etdim. Lakin DIN rəhbəri, dövlət başçısı, bu cinayətlə bağlı heç kim mənə kömək etmir. Xahiş edirəm, mətbuatda bu işi ictimailəşdirib evimizin qaytarılmasına kömək edin".
Sosial şöbə