Dünən AFFA-nın çıxardığı növbəti anormal qərar futbol ictimaiyyətini sözün həqiqi mənasında şoka saldı. 1-ci divizionda çıxış edən və müvafiq olaraq 5-ci və 9-cu yerləri tutan “Zirə” və “Kəpəz” Premyer Liqada çıxış edəcəklər. Təəccüblənməyin, 5 və 9-cu yerləri tutan kulublar. 1-ci dvizionda 1-ci yeri tutan “Neftçala”ya şans verilmədi.
Bu əcaib vaqeə isə AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclasında baş tutdu. Həmin iclasda 2015/16 UEFA-nın klub turnirlərində və Premyer Liqaÿ yarışlarında iştirak etmək üçün müraciət etmiş 16 klubun sənədlərinə baxılıb.
Quruma AZAL, “Bakı”,ÿ"Xəzər Lənkəran", “Inter”, “Kəpəz”, “Qarabağ”, “Qaradağ-Lökbatan”, “Qəbələ”, “Neftçala”, “Neftçi”, “Rəvan”, “Simurq”, “Sumqayıt”, “Şuşa-Qarabağ”, “Turan Tovuz” və “Zirə” müraciət etsə də, onların bəzilərinin istəyi baş tutmayıb.
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar”ın 9-cu maddəsinəÿ əsaslanmış müzakirələrdən sonra avrokuboklarda oynamaq istəyən 7 klubdan 6-nın müraciətini müsbət dəyərləndirib. UEFA-nın klub yarışlarında iştirak etmək üçün AZAL, “Xəzər Lənkəran”, “Inter”,ÿ “Qarabağ”, “Qəbələ” və “Neftci”yə lisenziya verilib. “Simurq” isə qitə kuboklarına buraxılmayıb.
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “Azərbaycan futbol ”Premyer Liqası"nda iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar"ın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra avrokubok hüququ olan 6 klubla yanaşı, daha 4 komandanı çempionata buraxıb.
UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalar"ın 13-cü maddəsinə müvafiq olaraq, 2015-2016-cı il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan “Premyer Liqa” yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
Azərbaycan futbol Premyer Liqası yarışlarında iştirak etmək üçün “Kəpəz”,ÿ"Simurq", “Sumqayıt” və “Zirə”yə lisenziya verilib. Bununla da “Kəpəz” və “Zirə” I diviziondan Premyer Liqaya yüksəlir.
“Topaz” Premyer Liqasının autsayderi “Bakı”, həmçinin aşağı dəstə təmsilçiləri “Qaradağ-Lökbatan”,ÿ"Neftçala",ÿ “Rəvan”, “Şuşa Qarabağ” və “Turan Tovuz” isə güclülər dəstəsinə oynamaq hüququ qazanmayıb. Baxmayaraq ki, “Neftçala”nın eyniadlı klubu ı divizionun çempionu adını mövsüm bitməmiş təmin edib.
Hə, AFFA-nın bu qərarı çox gözlənilməz oldu. Elə “Kəpəz”in prezidenti Mehman Allahverdiyev üçün də. “Elə bil lotereyada maşın udmusan” deyib saytların birinə açıqlamasında prezidenti Mehman Allahverdiyev.
Rəhbərlik etdiyi klubun yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanmasına dair fikirlərini bildirən M.Allahverdiyev onu da bildirib ki, “Kəpəz”in lisenziya ilə bağlı problemi olmayıb: “Biz lisenziya ilə bağlı bütün lazımi sənədləri vaxtında təhvil vermişik. Ola bilər ki, diviziondakı hansısa komanda lisenziya məsələsini həll etməyib”.
Indi bu adama bir sual verək. Hörmətli Mehman müəllim, bu necə lisenziyalaşdırmadır ki, sənin klubunun Gəncədə oynayası bir stadionu yoxdur. Indi isə bu suala onun cavabını gözləmədən özümüz cavab yerək: Gəncə təmsilçisi növbəti mövsümdə Premyer Liqada ev oyunlarını Bakıda “Dalğa Arena”da keçirəcək. Buna səbəb isə Gəncə şəhər stadionun tam yararsız vəziyyətdə olmasıdır. Bu hələ harasıdır? 3 aydan sonra yeni mövsümə start verəcək klub prezidentinin açıqlamasına baxın: “Spnsor axtarırıq. Maddi yardımla bağlı AFFA-ya müraciət edəcəyik. Premyer Liqa ilə divizion klublarının büdcəsi, heyəti eyni deyil. Premyer Liqada uğurla çıxış etmək üçün heyəti gücləndirməyi düşünürük. Inanıram ki, Federasiyadan yenə də köməklik olacaq. Bu məsələ həll olunduqdan sonra sponsor məsələləri də müsbət nəticələnə bilər. Hazırda sponsorluqla bağlı danışıqlar gedir”. Bu cavabı dünyanın ən geridə qalmış ölkəsinin jurnalistinə göstərsən, nəinki sənə gülər, hətta anlamaz belə. Və hansı idman jurnalistinə desən ki, ölkədə futbolun inkişafı üçün 10 illik (2005-2015) dövlət proqramı qəbul edilib, onun prezidenti ölkə bşaçısına futbolun inkişafından danışır, amma bu ölkə FIFA-nın reytinqidə ilk yüzlükdə belə deyil – bu dəfə adama gülməzlər, korrupsiyanın hansı səviyyədə olmasından şübhələnərlər.
Təbii ki, “Kəpəz” premyer-liqaya hər zaman yaraşır! Gəncə, Tovuz, Sumqayıt və adını çəkmədiyim şəhərlər futbol beşiklərindən sayılır. Ancaq çempion “Neftçala” dura-dura, “Kəpəz”in elitaya buraxılması bundan sonra da uzun müddət bir çoxlarını düşündürəcək…
Qayıdaq “Zirə”yə. 1-ci divizionda 5-ci yeri tutan bu klubun nə əvəzedici heyəti var, nə də stadionu. Təsəvvür edin, stadionu olan, infrasrukturlu “Bakı”ya lisenziya verilmir. Axı, onun sahibi “Hafka” ləqəbli Hafiz Məmədov vurulub. Daha heç kimə lazım deyil?
Indi başqa məqama diqqət edək. Premyer Liqada çıxış edəcək kulubların böyük əksəriyyəti Bakını təmsil edir. Bakını təmsil etməyənlər də – Bakıda oynayır. Istisna 3 klubdur: “Xəzər Lənkəran”, “Qəbələ” və “Simurq”. Anlaşılmır, Premyer Liqa Bakı çempionatıdır, ya Azərbaycan?
Və nəhayət, indi kim zəmanət verə bilər ki, elə bu “Kəpəz” 5 turdan sonra çempioanatı yarımçıq buraxmayacaq? “Araz Naxçıvan”ın taleyi buna misaldır. O boyda Vasif Talıbov bu klubun əlavə xərc olduğunu anlayıb maliyyələşdirməkdən imtina etdi. Mehman Allaverdiyev isə, “Kəpəz”ə hələ sponsor tapmayıb. Dünyanın hansı futbol federasiyası klubu maliyyələşdirir? Bu cür anormallıq ancaq və ancaq analoqu olmayan Azərbaycanda ola bilər. Və oldu da…