Davudoğlu «əxlaqsız» dedi, media ayağa qalxdı

«Hürriyet»:«Baş nazirin sözlərini rədd edir, işlətdiyi ifadələri ona yaraşdırmırıq»
 

Prokurorluq araşdırma başlatdı, media Ərdoğanın kürəkəninin hədəf göstərdi
 
İstanbul Prokurorluğunda terrorçular tərəfindən girov götürülərək öldürülən prokuror Məhməd Səlim Kirazın dəfn mərasimində baş nazir Əhməd Davudoğlunun səsləndirdiyi ittihamlar Türkiyə mediasını ayağa qaldırıb. Davudoğlu həmin açıqlamasında bildirmişdi ki, bəzi mətbuat orqanlarının prokuror Kirazın başına silah dayadılmış şəkillərini yayması əxlaqsızlıq və terror təbliğatı aparanlara alət olmaqdır. Baş nazir «Buradan həmin media orqanlarının rəhbərlərinə də müraciət edirəm. Bundan sonra atdığınız addımlara diqqət edəcəksiniz» deyə, hədə tonlu bəyanat da səsləndirmişdi. Davudoğlunun fikrincə, media bu şəkilləri yayarkən şəhid prokurorun ailəsini nəzərə almalı idi.
 
Dəfn senzurası
 
Dəfndən əvvəl Türkiyə baş nazirliyindən gələn göstərişə əsasən bəzi KİV-lərin «qara siyahısı» tərtib edilmiş, siyahıya adı düşən media orqanları mərasimə buraxılmamışdı. Onların arasında «Cümhuriyet», «Hürriyet», «Sözcü», «Posta», «Taraf», «Milat», «Bu gün», «Zaman» qəzetləri, «Doğan» və «Cihan» xəbər agentlikləri, CNN Türk, Kanaltürk, IMC TV də var idi. Türkiyə Qəzetçilər Cəmiyyəti dərhal etiraz bəyanatı yayaraq jurnalistlərin dəfn mərasiminə akreditasiya ilə buraxılmasını qınamışdı.
 
Üçüncü dərəcəli ölkələrə yaraşan hərəkət
 
Bu qadağaya və Davudoğlunun ittihamlarına ilk reaksiya «Hürriyet» qəzetindən gəldi. Qəzetin baş nazirə cavabı olduqca sərt oldu: «67 ildir fəaliyyət göstərən «Hürriyet» qəzeti baş nazir Əhməd Davudoğlunun qadağası ilə üzləşdi. Müxbirlərmiz Davudoğlunun təlimatına əsasən, şəhid prokuror Məhməd Səlim Kirazın dəfninə buraxılmadı. Qadağa
 
qədər maraqlı olan baş nazirin fikirləridir. Davudoğlu prokurorun girovluqdakı şəkillərinin yayılmasını əxlaqsızlıq və terror təbliğatı aparmaq kimi qiymətləndirdi. Baş nazirin bu sözlərini rədd edir, işlətdiyi ifadələri ona yaraşdırmırıq. İnanmırıq ki, bir baş nazirin qəzetləri, müxbirləri, foto müxbirləri, operatorları cəzalandırmaq səlahiyyətini özünə rəva bilməsi, akreditasiya ilə məşğul olması mətbuat azadlığının həqiqi anlamda mövcud olduğu demokratik quruluşlara uyğun haldır. Bu, üçüncü dərəcəli ölkələrə məxsus bir hərəkətdir».
 
«Vətən sevgimizi kimsə mühakimə edə bilməz»
 
Qəzet rəhbərliyi onu da bildirir ki, «Hürriyet» məlum olayı ilk səhifəsində «Terrora lənət» başlığı ilə yayıb, altından da terrorun şəklini uğyun şəkildə yerləşdirib. Bunu edərkən xalqın xəbər almaq hüququ ilə terror təbliğatı aparmamaq arasında balansı həssaslıqla gözləyib: «Hürriyet» müstəqil qəzetdir və gücünü oxucularından alır. Bizi partiya qəzetləri ilə qarışdırmayın! Terrora yardımçı olmaq bizə ünvanlanacaq ən son ittihamdır. Baş nazir Davudoğlu hər halda, qəzetimizin keçmiş rəşbəri Çətin Emeçinin terror qurbanı olduğunu unutmayıb. Siyasətçilərin fikirləri barədə yekun hökmü tarix verir. İsti-isti söylənən qənaətlər, ittihamlar, diqqətsiz sözlər yerini tarixin hökmünə buraxır. Gələcəkdə bu günün tarixi yazılanda baş nazirin qəzetçilərə dəfni izləmək qadağası qoyması gözdən qaçmayacaq. Biz sadəcə işimizi görmək istəyirik. Vətən sevgimizi isə kiminsə mühakimə etməsinə izn verməyəcəyik».
 
«Sözcü»dən hökumətə çətin sual
 
Qeyd edək ki, Türkiyə prokurorluğunda bəzi media orqanları barədə «terror təbliğatı» ittihamı ilə araşdırma başladılıb. Türkiyənin «Sözcü» qəzetinin yazdığına görə, Davudoğlunun tənqid etdiyi görüntüləri hökumətyönlü media da yayıb. Söhbət, Ərdoğanın kürəkəni Berat Albayrakın qardaşı Serhat Albayrakın rəhbərlik etdiyi «A Haber»
 
telekanalından gedir. «Görək, indi bu kanalı da araşdırmaya cəlb edəcəklər?» deyə, «Sözcü» qəzeti müstəqil mediaya savaş açan AKP hökumətinə sual ünvanlayıb.
 
Gültəkin