“Azadlıq”a müraciət edən Sumqayıt şəhər sakini, I qrup Qarabağ qazisi Məcidov Malik Qardaş oğlu bildirir ki, çoxsaylı şikayətlərdən sonra Icra Hakimiyyətinə dəvət edilərək mənzil probleminin həll olunacağına dair ona vəd verilib. Sonrdan IH-nin başçısının müavinləri Akif Quliyev və Rövşən Sadıqov onu aldadıb.
E.Əzizovun 2011-ci ildə Sumqayıt şəhər IH-nə təyinatından sonra M.Məcidov dəfələrlə başçının qəbuluna yazılsa da, onu qəbul etməyib.
Xatırladaq ki, Sumqayıtın keçmiş IH başçısı Vaqif Əliyevin rəhbərliyi dönəmində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binadan bir mənzili də I qrup əlil M.Məcidova verirlər. Təəssüflər olsun ki, həmin evdə yaşamaq Qarabağ Qazisinə qismət olmur.
Evlər paylanarkən H.Əliyevin ad gününə – “Gül bayramı”na hazırlıq gedirmiş. Sumqayıtın keçmiş başçısı V.Əliyev pul “sıxıntısı” keçirirmiş. Bu səbəbdən mənzillərdən bir neçəsini satmaq qərarına gəlir. Başçının göstərişi ilə münasib və “yolagəlimli” adam axtarışına çıxırlar. Həmin vaxt Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin müdiri Gülsarə Əhmədova vasitəçilik edərək M.Məcidovla keçmiş IH başçısı V.Əliyevlə təmasını təşkil edir. Başçının iş otağında evi satmaq barədə sövdələşirlər. Sövdələşmədə M.Məcidova bildirilir ki, ona növbəti ev bölgüsündə 2 mənzil veriləcək. Bundan əlavə ona “Karvan” Ticarət Mərkəzindən bir dükan da hədiyyə ediləcək.
Bu minvalla M.Məcidovu aldadaraq evini satırlar. “Gül bayramı” təmtəraqla yola verilir. Xeyli müddətdən sonra növbəti ev bölgüsündə M.Məcidova ev verilmir. O, IH başçısı V.Əliyevdən evini tələb etsə də, heç nəyə nail ola bilmir. Bütün bunlar azmış kimi onu ev növbəsindən də çıxarırlar.
M.Məcidov prezident I.Əliyevə müraciət edərək bildirir: “Sumqayıtın keçmiş IH başçısı V.Əliyev məni aldadaraq evimi satdırıb mərhum prezident H.Əliyevin ad gününə və ”Gül bayramı"na xərclədi. Vəd verdikləri kimi mənə ev vermədilər. Hazırda Xəzər bağlarında “Gecəqondu”da qohumuma məxsus iki otaqlı bağ evində ailəmlə yaşayıram. Ev bataqlıqda tikildiyindən divarları nəmdir. V.Əliyevin ucbatından ailəliklə revmatizm xəstəliyinə tutulmuşuq".
Hər hansı mərhumun adına xərclənən ehsan sayılır. Bu baxımdan M.Məcidov evinin satılaraq mərhum Heydər Əliyevin ad günü və gül bayramına xərclənməsinə görə prezident I.Əliyevin ondan halallıq almasını istəyir.
Şakir