“Ötən yazılarımın birində Əbülfəs Qarayev və onun başçılıq etdiyi Mədəniyyət və Turizm Nazirliyi haqda bir yazı yazmışdım. Bu iki sahənin nə qədər cansıxıcı hala gətirilməsi, nazirin yerində olmaması və s. məsələlər haqda subyektiv fikirlərimi bildirmişdim. Ölkəyə doğrudan da barmaqla sayılacaq qədər turist gəlir. Nazirliyin geniş ştatlı idarələrində oturan yüzlərlə insanın iş vaxtı(!) nə ilə məşğul olmalarını təsəvvür etməyə çalışmışdım. Cavabı(!) çox gözləməli olmadım. Dünən mətbuatdan oxudum ki, ölkə turizminə cavabdeh olanlar… Türkiyə hotellərinin təftişi ilə məşğuldurlar. Sonda iki siyahı hazırlayacaqlar, biri qara, biri ağ olacaq. Qara siyahıda olan hotelləri azərbaycanlılara məsləhət görməyəcəklər. Mətbuat olaya bir az da qaz verərək iddia edir ki, artıq Türkiyədəki hotel sahibləri əl-ayağa düşüblər. Nə etmək lazım gəldiyini bilmirlər. Lakin bu qara siyahıda olmamaq üçün hər türlü fədakarlığa hazırdılar. Bunun Azərbaycanda nə demək olduğunu yəqin ki, açıqlamağa ehtiyac yoxdur. Könlü turist istəyən… Gülməlidir, deyilmi? Bun eyni zamanda mənim nazir və nazirlik haqda ”cansıxıcı" qənaətimə bir cavabdır. Mən bu yuxarıdakı xəbərə görə yazımdakı bəzi fikirlərimdən vaz keçməyə hazıram. Etiraf edim ki, bu həm də bir yumordur. Nə qədər cansıxıcı görünsələr də, bizi darıxmağa qoymurlar. Işləri ciddi görmək istəsələr də, gülməli alınır.
Cavid Qurbanov Dəmiryol idarəsinin başına keçəndən sonra qatarla ilk səyahətim yəqin ki, uzun müddət yadımdan çıxmayacaq. Bakı-Balakən qatarındakı əhvalata keçməmiş nəzərinizə çatdırım ki, bundan öncə Bakı-Gəncə sürət ekspressi ilə Kürdəmirə düz… 6 saata çatmışıq. Saatda təxminən 35-40 km/saat gedirdik.
Bakı-Balakən qatarında isə analoqu olmayan bir qadağa ilə üzləşdik. Qatarda siqaret çəkməyə icazə verilmirdi. Yalnız dayanacaq zamanı qatardan düşüb çəkmək olar, bu şərtlə ki, dayanma müddəti 4 dəqiqədən az olmasın. Bələdçi dedi ki, yuxarıdan əmr belədir, tamburda yanğın ola bilər. Bu o deməkdir ki, sabah tualetdə bir ÇP olsa, onu da bağlayacaqlar. Cavid Qurbanov çox ciddi görkəmli məmurdur, amma razılaşın ki, tambur məsələsi lətifəyə bənzəyir…
Yəqin siz də mənimlə razılaşarsınız ki, Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan sonra ictimaiyyətə maraqlı görünə biləcək məmur, demək olar, yoxdur. Məmurlarımızın, demək olar, hamısı kədərli və qaraqabaqdır, buraxın gülməyi, güldürməyi, onları gülümsəyən görmək belə müşkülə çevrilib. Çoxillik müşahidələrimə görə(!), onları yalnız bir sitiuasiyada gülən, yaxud da gülümsəyən görmək mümkündür…
Bunun üçün öncə… prezident gülməlidir. Yəqin siz də müşahidə etmisiniz, məmurlar yalnız Ilham Əliyevin hər hansı bir tədbirdə gülməyə başlamasından sonra bu “zəruri ehtiyaclarını” ödəməyə başlayırlar.
Məmurlarımızın bu qədər qaraqabaq, cansıxıcı olması hardasa rejimin xislətindən qaynaqlansa da, əsas səbəb onlarda anadangəlmə yumor hissinin olmamasıdır. Yumor hissinin zamana, məkana, şəraitə görə dəyişməsini nəzərə alsaq, 20 ildir dəyişməyən məmurlardan nəsə gözləmək sadəcə mümkün deyil. Yumor hissinin eyni zamanda bir intellekt göstəricisi, keyfiyyət olduğunu nəzərə alsaq, nədən bunun məmurlarımızda olmadığını anlamaq olar. Yazını bura qədər oxuyan məmur iddia edə bilər ki, mən ciddiyəm, çalışdığım iş və onun prinsipləri buna imkan vermir. Lakin nəzərə alsaq ki, 99% faiz məmurlarımız rüşvət alır, vətəndaşların cibinə girir, razılaşın ki, bunların ciddiyyətlə yaxından uzağa bir əlaqəsi yoxdur.
Dünyanın gəlişmiş ölkələrində işə qəbul zamanı tələb olunan kriteriyalardan biri də yumor hissinin mövcud olmasıdır. Bu keyfiyyətin olması istənilən məmur üçün zəruridir. Əhalinin müxtəlif təbəqələri ilə ünsiyyətdə olmaq, bir-birinə bənzəməyən insanlarla işləmək üçün məmur mütləq hərtərəfli olmalı, lazım olan vaxt gərginliyi aradan qaldırmağı bacarmalıdır və s. Tək “təsəllimiz” onların cavabdeh olduqları sahələrdəki “yenilik2 və eksperimentlərdir.
Fikrimcə, ən şən nazirlərimizdən biri də təhsil nazirimizdir. Gülə-gülə qoruq müdirliyindən gəlib nazir oldu. Bu yaxınlarda göstəriş verib ki, müəllimlər sənəd üçün çəkilən şəkillərdə mütləq gülümsəməlidirlər.
Razılaşın ki, Türkiyə hotellərinin qara siyahısını tutmaq daha asandır…