Hakimiyyət üçün kritik may seçimi

«Rəsmi Bakı Rusiya hakimiyyətinin başına gələnlərdən nəticə çıxarmalıdır»

 
Gültəkin Hacıbəyli: «Azərbaycan hakimiyyətinin durumu çətindir və sonda hansı qərar verəcəyi bilinmir»
 
Faşizm üzərində qələbənin növbəti ildönümü ilə bağlı mayın 9-da Moskvada keçiriləcək yubiley tədbirinə bir çox Avropa dövlətlərinin rəhbərləri qatılmayacaq. Onların bəzisi açıq, bəzisi isə qapalı tekstlə bu qərarlarının Rusiyanın yürütdüyü siyasətlə bağlı olduğunu bəyan ediblər. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, artıq beynəlxalq aləmdə Rusiyanın imici ciddi şəkildə zədələnib.
Oxşar aqibət Azərbaycanı da gözləyir. Çünki Azərbaycan beynəlxalq yarışlar təşkil edərək ölkəyə dünyada müsbət imic yaratmağa çalışdığı bir məqamda insan haqları və demokratik prinsipləri də kobud şəkildə tapdalayır. Avropa Oyunları ərəfəsində hakimiyyətin ölkədəki siyasi məhbus problemini həll etmək imkanı olsa da iqtidar bu şansdan düz iki dəfə yararlanmadı. Avropa Birliyinin növbəti Riqa sammiti ərəfəsində isə iqtidar öz siyasi kursundan imtina etməyəcəyini və Assosiasiya Sazişini imzalamaq niyyətində olmadığını bəyan edir. Hakimiyyət təmsilçilərinin açıqlamaları buna misaldır. Hakimiyyət AB ilə öz bir öhdəliyin yerinə yetirilməsini nəzərdə tutmayan “strateji tərəfdaşlıq və modernləşdirmə” sazişini imzalamağı təklif edir.
Hakimiyyətin inadının davam etməsi, insan haqları və demokratik prinsipləri bundan sonra da pozması hansı nəticələri doğura bilər? Rusiyaya olan neqativ münasibət Azərbaycan iqtidarını da gözləyə bilərmi? Riqa sammitinə qədər AB-ya inteqrasiya istiqamətində təşəbbüsün göstərilməməsi nə vəd edir?
Azərbaycan hakimiyyətinin Rusiyada baş verən hadisələrdən nəticə çıxarmasını arzulayan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, baş verənlərdən qısamüddətli deyil, perspektivə hesablanan dərslərin götürülməməsi acı sonluğa səbəb ola bilər. G.Hacıbəylinin sözlərinə görə, qısa müddətə Azərbaycan hakimiyyətinə elə gələ bilər ki, Qərb Ukraynanı müdafiə edə bilmədi, Krım işğal olundu, 300 min insanın qatili Əsəd hələ də hakimiyyətdədir: “Bütün bu məqamlar Azərbaycan hakimiyyətində müəyyən arxayınlıq yarada bilər. Amma bu, qısamüddətli perspektiv üçün belə görünə bilər. Görünən isə odur ki, Rusiya dərin və geriyədönməz böhran içərisinə girib. Bu böhran Rusiyanın Ukraynadakı mövqeləri ilə bağlı deyil. Bu böhran Rusiyanın daxilindəki ziddiyyətləri alovlandıracaq. Nəticədə Rusiyanın özü üçün Ukraynadakı separatizm aktuallığa çevriləcək”.
G.Hacıbəyli hesab edir ki, Rusiyanın hazırkı vəziyyəti onu deməyə əsas verir ki, üzləşdiyi kataklizmlər bu dövlətdəki rejimə ciddi zərbə vuracaq. “Nəticə etibarı ilə hamı anlayır ki, Rusiya bu oyunda məğlubdur. Putinin bu oyunu qalibiyyətlə başa çatdırmaq şansı yoxdur. Amma Azərbaycan hakimiyyəti bu addımlardan düzgün nəticə çıxarmır. Ola bilər ki, Qərblə polemikada Azərbaycan hakimiyyət təmsilçiləri baş verənləri rus faktoru ilə izah edirlər. Əsaslandırırlar ki, Rusiya-Ukrayna münaqişəsinə aydınlıq gələndən sonra Azərbaycan hakimiyyətinin Qərblə dialoqu dərinləşəcək. ABŞ-da Azərbaycan diplomatlarının istifadə etdiyi ”sendviç" diplomatiyası da bu məsələlərdə rol oynayır. Amma bir reallıq da var. Azərbaycan cəmiyyəti daxilində ciddi ziddiyyətlər var", deyə G.Hacıbəyli vurğuladı.
Hakimiyyətin uzun illər həyata keçirdiyi siyasət nəticəsində narazıların sayının durmadan artdığını deyən G.Hacıbəyli vurğuladı ki, inhisarçılıq, korrupsiya dövlətdəki hazırkı durumun yaxşılaşması üçün heç bir ümid qoymur: “Bu baxımdan Azərbaycan hakimiyyətinin durumu da çətindir. Hakimiyyətin sonda hansı qərar verəcəyi bilinmir. Çünki hazırda aparılan siyasətin davam etdirilməsini, hətta bir qədər sərtləşməsini istəyən qüvvələr var. Eyni zamanda düşünürəm ki, prosesləri təhlil edən, onlardan nəticə çıxaran qüvvələr də az deyil. Hansı qanadın isə prosesləri idarə edən tərəf olacağını zaman göstərəcək”.
Xəyal