Nə yaşamağa dad, nə dərdə dərman…

Heç nəyin dadı qalmayıb. Torpağın, havanın, suyun, qidanın, hər şeyin damarına zəhər qarışıb. Torpağı şirəsini qurutmuşuq. Havanın nəfəsiniz kəsmişik. Suyun dibini bulandırmışıq. Qidaları qatıb-qarışdırmışıq. Sonra da “bu həyatın dadı niyə qaçıb” deyə dad-haray edirik. Guya bizim heç bir günahımız yox. Guya bütün bu talan və israfçılığın əsas səbəbkarı biz özümüz deyilik. Guya torpağa əkdiyimiz toxumu əlli cür zərərli maddə ilə yetişdirib milləti zəhərləyən, adi kanal sularını qablaşdırıb şəfalı su adı ilə insanlara içirən, havaya yüz cür boğucu qaz buraxıb ölüm xəstəlikləri yayan, mənşəyi məlum olmayan qidaları bazarlara doldurub əhalini soyunu qurudanlar başqa planetdən gəlib. Guya bu ağıl almaz şeylərə yol verib, nəticələrinin nə olacağını dərk etməyəcək dərəcədə də şüursuzuq. Guya…
Bazarlarımızda qida məhsullarına nəzarət işi bərbad durumdadır. Nəyin keyfiyyətli, nəyin keyfiyyətsiz, nəyin sağlam, nəyin zərərli olduğunu ayırd etmək çətin məsələdir. Hələ idxal olunan ərzaqların qiyməti, gömrüyə qədər 1 manata gələn məhsulun şlaqbaumu keçdikdən sonra 5 manata çıxması bir başqa mövzunun söhbətidir. Ancaq bu od bahasına satışa çıxarılan qidaların dəyərinə, zərərsizliyinə bir zəmanət verən olsa barı… Nəzarət edən yoxdur. Elə bu üzdən də, çeşidli xəstəliklər gündən-günə baş alıb gedir. Xəstəliklərin dərdi də bir başqa. Dərd odur ki, yaxamıza yapışan xəstəliklərə dərman adına aldığımız preparatlar özü də bir ayrı xəstəlik mənbəyinə çevrilir. Əminəm ki, aranızda istifadə etdiyimiz dərmanların əks-təsirindən zərər görmüş onlarla insan var. “Bu halımızla hara gedirik?” sualını, bəlkə, gündə on dəfə veririk öz-özümüzə. Ölkədə sağlamlığımızla bağlı məsələlərin bu qədər başına buraxılmış olduğunu nəzərə alsaq, hara getdiyimiz bəlli. Bunu yaxın günlərdə Dəmiryol Xəstəxanasının şöbə rəisi Kərimovun televiziya proqramında səsləndirdiyi tükürpədici faktlar da açıb ortaya qoydu…
Demə bizim fərasətli dərman alverçilərimiz gedib Almaniya firmalarını dilə tutmağa çalışırlar ki, onlar üçün “Azərbaycansayağı” dərmanlar hazırlasın. Həmin dərmanların tərkibinə bahalı maddələr qatılmadan, elə formada istehsal edilsin ki, qiyməti ucuz olsun. Təbii, almanlar bu rüsvayçı təklif qəbul etmədən onları qapıdan qovublar. Amma kim təminat verir ki, Almaniyada istəyinə çata bilməyən həmin qansız dəllallar yelkənlərini başqa ölkəyə çevirməyiblər? Kim təminat verə bilər ki, başqa yerlərdə özü kimlərini  tapıb, istədikləri dərmanları gətirib bizim apteklərə doldurmayıblar? Bu ölkəyə gələn dərmanların bənzər reseptlər əsasında istehsal olunmadığına təminat verən nüfuzlu bir qurum varmı? Mən artıq buna inana bilmirəm…
Keçənlərdə bir qızıldərili rəisin Amerika prezidentinə ünvanladığı məktubdan parçalar vermişdim. O məktubun bu hissəsi hər şeyə haram qarışmış indiki halda da çox yerinə düşür: “Canlıların yox edildiyi bir dünyada, insan ruhu yalnızlıq duyğusundan ölər. Unutmayın, bu gün canlıların başına gələn, sabah insanın başına gələcək. Çünki bunlar arasında bir bağ var. Bu gerçəyi yaxşı bilirəm: torpaq insana deyil, insan torpağa aiddir. Və bu dünyadakı hər şey bir ailənin fərdlərini bir-birinə bağlayan qan kimi ortaqdır və bir-birinə bağlıdır. Bu üzdən dünyanın başına gələn hər fəlakət, insan oğlunun da başına gəlmiş deməkdir…”