Sovetlər niyə dağıldı?

Rahim Şaliyev
 

Sovetlərin dağılması ilə lazımsız mədəniyyət kütləsi yarandı. Sovet liderlərinin tərif etdiyi musiqilər, kinolar, əsərlər, ümumilikdə bütün idealogiya maşını bir anda saxta möhtəşəmliyini itirdi, milyonlarla tirajlanmış kitablar, ucaldılmış heykəllər artıq heç kimə lazım olmadığından dağıdıldı, yandırıldı. Bütün saxta sistemlər belədir. Varlıqlarında natamam ideyalarını gözə soxmaq üçün tabular yaradırlar, onlar dağılan kimi isə tabuları da özləri ilə birlikdə tənəzzül edir.
 
Sumqayıtda təsadüfən tanışdığım yaşlı inasanların biri ilə sovetlər və indiki dövr barədə müqayisəli söhbətlər oldu. Tamamiylə kommunist təfəkkürünə malik olsa da, savadına söz ola bilməzdi. Öz dövründə dünyanın digər yerlərində olan hadisələrin əksəriyyətindən xəbərsiz idi. Tarixi əhəmiyyətsiz bir elm sayırdı. Onun fikrinə görə, insanlar onsuz da tarixi axıra qədər düz öyrənə bilməz, tarix, dövr keçdikcə, yeni siyasi sistemlər yarandıqca onlara uyğun saxtalaşdırılır və öz lazımlılıq funksiyasını itirir. Amma, az da olsa yaxın dövrün hadisələrindən xəbərdar idi. Aramızda azacıq mübahisə yaşandı və mən sovet dövrünü saxta dəyərlərə söykənən bir dövr kimi qələmə verdim. Qocanın sualla verdiyi cavabı isə daha düşündürücü oldu: “Güya, indiki dünya həqiqi dəyərlərə söykənir?” Bu qoca insan öz söhbətləri ilə bizim hazırkı bəşəri sistemə kənardan baxmağı və səhvləri aydın görməyi bacaran biri olduğunu sübut etməyə çalışırdı.
 
Həqiqətən də, hazırkı dəyərlərdən özümüzü bir müddət uzaq tutsaq, hiss edərik ki, dünya heç də düzgün yolda deyil. Sovetlər dağılanda biz onun saxtakarlığın kənardakı sistemlərin köməyi ilə öyrəndik. Amma, hazırda dünya üzərində qloballaşmış bütöv bir sistem var və biz hazırkı sistemə kənardan baxa, yanlışları görə bilmirik. Əslində bu sistem dünyada minilliklər boyu hakim olub, lakin, hazırkı texnoloji inkişaf zahirən böyük bir fərqli görünüş yarada bilib. Sovetlər nizam yaratmağa çalışan uğursuzlardan idi. Onaların ən böyük səhvi isə sosialist ideologiyaya hazır olmayan insanları özünə məcburi tabe etməsi oldu. Onlar yalnız bir halda öz varlıqlarını qoruya bilərdilər – bütün dünyaya hakim olmaqla. Onalrın yalnız bu halda səhvlərinə kənardan baxmağı bacaran və aşkarlayan biri olmazdı. Hazırkı dünya sistemi bundan yaxşıca dərs götürmüş kimi görünür. Bizə öz sistmemimizdəki boşluqları görmək üçün başqa planetdə yaşamağımız və dünyaya kənardan baxmağımız lazımdır. Əgər sovetlərdə ciddi fikir böhranı bizi həqiqətlərdən sapdırırdısa, hazırk dövrdə əyləncəli informasiyanın bolluğu bizə daha ciddi düşünməyə mane olur. Yeniyetməlik dövründən beynimiz şou verlişlər, musiqilər, pornofilmlər vasitəsi ilə həqiqətlərdən yayındırılır. Sistem, bizi yuxuya vermək üçün əyləncə dünyasından istifadə edir. Bu daha çox nağıllardakı pərilərin insanları musiqi ilə yatırtmasına bənzəyir. Hazırkı dövrün pəriləri böyük biznesmenlərdir. Onlar lazım gələndə uğurlu və gözəgörünməz diktator olmağı da bacarırlar.
 
Mənə görə insanların sosial ehtiyacalrı bərabər paylansa gözəl olar. Lakin, nəzər salsaq görərik ki, insanların əksəriyyəti nə fikir, nə də əməl olaraq buna hazır deyil. Hakimiyyət hərisliyi, özünü digərlərindən daha yüksəkdə tutmaq  cəmiyyətin ümumi xəstəliyidir. İnsanlar nə qədər inkişaf etsə də, toplum olaraq vəzifələrini qavramayıblar. Əgər ədalətli bir sistem yaratmaq istəyiriksə bu xəstəliyi zorakı yox, sivil yollarla sağaltmağı bacarmalıyıq. İnsanlar anlamalıdır ki, sosial fərqlərin böyük olduğu toplumlar tez bir zamanda məhvə məhkumdur. Bərabər səviyyəli inkişaf daha uğurlu cəmiyyətə doğru aparır. Lakin, bu inkişaf təbii şəkildə, yəni, hər kəsin öz sosial vəzifəsini qavraması yolu ilə ola bilər. İnsanlar özləri bu yolu tapmalı və dərk etməlidirlər.
 
Azacıq nəzər salsaq təhsilin ən yaxşı səviyyədə olduğu ölkələrdə sosial fərqlərin də az olduğunu görə bilərik. İbtidai və orta təhsilin səviyyəsi nə qədər şaxəli və sərbəst seçimlər üzərində qurulursa, bu bir o qədər də insanların daha sivil, daha xoş dəyərlərə söykənən sistem qurması ilə nəticələnir. Təhsil sistemi insanları öz istəklərindən ayrı salmamalı, onlara məcburi dəyərlər yeritməməlidir. Seçimlər nə qədər çox olarsa bu bir insanın özünü tapması və ömrünün qalan hissəsini öz sevdiyi peşəsinə uyğun fəaliyyət göstərməsi ilə nəticələnə bilər. Bu cəmiyyətin bütün sahələrində bərabər tipli inkişafla nəticələnə bilər. İnsanlara ömürləri boyu məcburi işləyəcəkləri, zövq ala bilməyib lazımsız əyləncələrə, cinayətlərə yönəldəcək təhsil əvəzində sərbəst seçimli təhsil daha uğurlu gələcək vəd edir.