Ərdoğanın komandası niyə çat verdi?

Arınc-Göyçək davası hakimiyyət uğrunda mübarizənin təzahürü kimi

Son günlər Türkiyə siyasətində baş verənlər çoxlarını təəccübləndirib. Amma bunun gözlənilən olduğunu deyənlər də az deyil. Bütün hallarda bu, məmurlar arasında baş verən söz davası deyil, ümumilikdə sistemin böhrana girməsidir. Qarşıdurma tərəflərindən olan baş nazirin müavini Bülənt Arınc da bunun sistem böhranı olduğunu ifadə edib. “Prezident Ərdoğana hörmətimiz var, amma bu ölkədə bir hökumət də mövcuddur”, – deyə Arınc bildirib. Deməli, hökumətlə prezident arasında prinsipial fikir ayrılıqları mövcuddur. Həm də bu ziddiyyətlər pərdəarxası deyil, açıq qarşıdurma səviyyəsindədir.

Bir sözlə, baş verənlər onu deməyə əsas verir ki, Türkiyədə “Ərdoğan erası” yaxın zamanlarda bitməsə belə, onun ciddi çat verdiyini artıq kimsə inkar edəb bilməz. Qarşıdan gələn parlament seçkiləri isə bu çatın daha da dərinləşməsinə, Ərdoğanın Türkiyədəki nüfuzunun ciddi zədələnməsinə gətirib çıxaracaq. Hazrda prezidentlik kürüsüsündə möhkəmlənən Ərdoğan həm də ciddi-cəhdlə AKP-dən namizədlərin müəyyənləşməsinə nəzarət etməyə çalışmaqla iki aydan sonra forlamaşacaq yeni parlamenti də təsiri altında saxlamaq istəyir. Təbii ki, gərginliyin görünən və ictimaiyyətə çatdırılan tərəfi kürd məsələsinə fərqli münasibət olsa da, əsas məqamın siyasi hakimiyyət uğrunda mübarizə olduğunu gizlətmək mümkün deyil. Hələlik baş nazir Davudoğlu bu prosesdə açıq oynayacaq qədər güclü görünmür. Hakimiyyətə əvvəlki nəzarət imkanlarını itirdiyini hiss edən Ərdoğan da bu mərhələdə radikal addımlar atmağa ehtiyat edir. Amma dolayı yolla olsa da, Arınca etmad limitinin bitdiyini, onun vəzifədən ayrılmasının zəruru olduğunu çatdırır. Məsələn, Ərdoğanla Arınc arasında baş verənlərə müdaxilə edən Ankara Bələdiyyə başqanı Melih Göyçək, baş nazirin müavinini “fitnəkar” adlandıraraq, onun hakimiyyət üçün arzuolunmaz şəxs olduğunu açıq ifadə edib: "Arınç artıq AKP-nin spikeri ola bilməz. Bizi təmsil edə bilməz. Bülənt Arınc əvvəl hökumət spikerliyindən, sonra da baş nazir müavinliyindən dərhal istefa verməlidir”. Ancaq könüllü istefanın mümkünsüzlüyünü iddia edən Göyçək, bu dəfə daha ciddi ittiham səsləndirir: “Ancaq mən, paralel quruluşdan “Sonuna qədər dirənəcəksən” təlimatı alan Arıncın istefa verəcəyini ehtimal etmirəm. Bu addımı hökumət atmalı, Arıncı tutduğu vəzifədən azad edilməlidir".

Bülənt Arınc da borclu qalmayıb və mövqeyindən geri çəkilmək niyyətində olmadığını nümayiş etdirib. O, Ərdoğanın müdafiəsinə qalxan Ankara bələdiyyə başqanına qarşı daha ciddi ittihamlar yağdırıb. Arınc ona qarşı başlanan kampaniyaya AKP-nin daxilindən və mediadan dəstək verildiyini də iddia edib. "Göyçək, mənim vəzifədən azad edilməmi istəyəcək qədər heysiyyətli bir insan deyil. Mediadan, AKP-nin daxilindən kimlərin danışıqlarımı müxtəlif yollarla əsasız kimi təqdim etmək və bizi mühakimə etmək üçün əl-ələ necə çalışdığını çox yaxşı bilirik. 8 iyun seçkilərindən sonra bunların hesabını soruşarıq”, – deyə Arınc bildirib. Arınc eyni zamanda, bələdiyyə başqanını “Paralel yapı” ilə əlaqədə olmaqda da ittiham edib: “Olimpiadalara gedən mənəm, bunu gizlətmirəm. Amma Göyçək bunların daha çoxunu etmişdir. Göyçək bu quruluşun qucağında oturmuşdur”.

Beləliklə, Türkiyə hakimiyyətinin zirvəsində yer alan məmurlar, biri-birini Ərdoğanın özü və Türkiyə üçün əsas dşmən elan etdiyi “paralel yapı”ya işləməkdə ittiham edirlər. Bu isə qarşıdurmanın getdikcə daha sərt xarakter alacağını deməyə əsas verir.

Xalid