İki yaşlı hindistanlı qız rekorda imza atıb

İki yaşlı hindistanlı qız oxçuluq üzrə yeni milli rekorda imza atıb, Hindistan Rekordlar Kitabı belə yazır.
Cənub ştatı Andra Pradeşdəki Vijayavada şəhərindən olan iki yaşlı Dolly Shivani Cherukuri çərşənbə axşamı keçirilmiş yarışda 200-dən çox xal toplayan ən gənc hindistanlı olub, Press Trust of İndia xəbər agentliyi bildirib.
O, beş metrlik məsafədən 36 oxu hədəfə vurub, sonra yenidən yeddi metrik məsafədə hədəfi düzgün nişan alaraq ümumilikdə 388 xal toplayıb.
 
Onun nailiyyətini idman mütəxəssisləri və Hindistan Rekordlar Kitabının rəsmiləri izləyib.
"Biz hamımız onunla fəxr edirik. Biz çox təsirlənmişik", Hindistan Oxçuluq Assosiasiyasının rəsmisi Gunjan Abrol BBC-ə bildirib.
Dolly, qardaşı, beynəlxalq oxçu və məşqçi Cherukuri Lenin-in 2010-cu ildə baş vermiş yol qəzası zamanı həlak olmasının ardından surroqat vasitə ilə dünyaya gəlib. 
Atası, Cherukuri Satyanarayana bildirib ki, o, çempion olmaq üçün doğulandan bəri təlim keçib.
 
"Ana bətnində ikən hazırlıqlar"
 
"Biz uşağın dünyaya gələcəyindən xəbər tutanda qərara gəldik ki, onu oxçu kimi formalaşdıraq", AFP xəbər agentliyi, Vijayavadada oxçuluq akademiyası idarə edən cənab Satyanarayana istinadən bildirib.
"Hazırlıqlar uşaq hələ ana bətnində olarkən başlayıb", o əlavə edib.

Satyanarayana bildirib ki, onların xüsusi ilə körpələr üçün hazırlanmış oxları olub. Oxlar uşağn idmanı öyrənərkən saxlaya bilməsi üçün kifayət qədər yüngül olub.
Oxçuluq üzrə mütəxəssislər deyir ki, uşaqlar daha yüngül oxlarla məşq edir və cənab Abrol-un sözlərinə görə, Dolly-nin oxu da çox yüngül olmalıdır.
"Uşaqları həddən artıq çox yükləmək olmaz. Onlar hər gün maksimum iki və ya üç saat məşq edə bilərlər", o bildirib. "Lakin Dolly oxçular ailəsindən gəlir və o çox şeyə qadirdir".
Hindistan Rekordlar Kitabı körpənin qızıl medal və sertifikatla şəkillərini dərc edib.
"Qızımız xəyal etdiyimiz qəhrəmanlıq göstərib… Mən ailəmin necə xoşbəxt olduğunu sözlərlə ifadə edə bilmərəm", cənab Satyanarayana bildirib.
Onun sözlərinə görə, indi onlar Dolly-nin adının Guinness-in Dünya Rekordlar Kitabına daxil edilməsinə çalışacaqlar. (BBC azeri)