Tbilisidə “Saakaşvili dalğası” FOTO VİDEO

Keçmiş prezidentin tərəfdarları meydana çıxdı; baş nazir mitinqi ölkənin inkişafına süni əngəl adlandırdı

Tbilisidə keçmiş prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat”ın izdihamlı mitinqi keçirilib. Saakaşvili tərəfdarları əvvəlcə Tbilisi küçələrində yürüş ediblər, daha sonra hökumət binasının qarşısına gediblər. Onlar binanın qarşısında hökumətə “qırmızı vərəqə” göstərərək, ardınca havaya şarlar buraxıblar.

Mitinqin gedişində Saakaşvilinin aksiya iştirakçılarına video-müraciəti nümayiş etdirilib.

“Mən Gürcüstanda deyiləm, Brüsseldəyəm, amma mən burada da Gürcüstanla nəfəs alıram. Harada olsam da, mənim üçün Günəş Gürcüstanda çıxır, Gürcüstanda da batır. Mənim fəaliyyətimin məqsədi odur ki, hər biriniz özünüzü dövlətin ləyaqətli vətəndaşı kimi hiss edəsiz, vətəninizlə fəxr edəsiz. Nə qədər ki, nəfəsim gedir-gəlir, bu, mənim həyat amalım olacaq. Mənim ömrüm sizlərə və ölkəmə məxsusdur”, – deyə Gürcüstanın keçmiş prezidenti bildirib.

Mitinqdən əvvəl isə Saakaşvili sosial şəbəkələr vasitəsilə bəyan edib ki, Gürcüstanda mübarizənin yeni və həlledici mərhələsi başlayır.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə bu mitinqi “Gürcüstanın inkişafına süni əngəl yaratmaq cəhdi” kimi qiymətləndirib.

Xatırladaq ki, bu ilin yanvarında Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini ştatdankənar məsləhətçisi təyin edib. Gürcüstanın keçmiş prezidenti islahatların keçirilməsi məsələrinə dair məsləhətlərlə məşğul olur. Bundan başqa, Qərb ölkələrindən Ukraynaya silah göndərilməsi məsələləri də Saakaşvilinin faəliyyət dairəsinə daxil olan məsələlərdəndir.

Fevralın ortalarında Gürcüstan prokurorluğu Saakaşvilinin təhvil verilməsini tələb etsə də, Ukrayna hökumətindən rədd cavabı alıb. Qeyd edək ki, ötən ilin avqustundan Gürcüstan prokurorluğu Saakaşvili barəsində axtarış qərarı çıxarıb. Keçmiş prezident dövlət vəsaitinin istaf olunmasında ittiham edilir. Noyabrın sonunda ona qarşı 2006-cı ildə öldürülmüş Gürcüstan Birləşmiş Bankının əməkdaşının qətlinin araşdırılmasına əngəl yaratmaq, 2005-ci ildə deputatın döyülməsi və vəzifə səlahiyyətlərini aşma ilə bağlı yeni ittiham irəli sürülüb.

Lakin Saakaşvili bu ittihamların əsassız olduğunu bəyan edib. O bildirib ki, vətəninə qayıdıb, seçki yolu ilə mübarizəsini davam etdirəcək. Saakaşvilinin sözlərinə görə, Gürcüstanın hazırkı hakimiyyəti ölkəni həddindən artıq yoxsul vəziyyətə çatdırıb.