Obama Novruz təbrikində Təbrizin adını çəkdi

«Son 10 ilin ən yaxşı fürsətini əldən verməyin!»

ABŞ prezidenti Barak Obama Novruz bayramı münasibətilə İran xalqına müraciət edib. O, Novruz bayramını "İranın müxtəlif yerlərində qeyd edən insanlara" təbriklərini çatdırıb və bu xüsusda Tehran, Şiraz və Təbrizin adını çəkib.

Obama deyib ki, İran xalqı ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün son on ildə yaranmış ən yaxşı imkandan istifadə etməlidir. Onun fikrincə, bu imkan nüvə razılaşmasına imza atmaqdır:

«Bu razılaşma böyük sivilizasiyanın varisi olan, dünyaya çox şeyə verə biləcək İran xalqına daha işıqlı gələcəyə pəncərə açmaq imkanı yaradacaq. Onillərdir ki, xalqlarımız qarşılıqlı inamsızlıq və qorxu içində yaşayıb. Mən inanıram ki, indi bu problemi həll etmək üçün qarşımızda tarixi imkan yaranıb. Biz bu imkanı əldən verməməliyik. Hər ikimizin ölkəsində diplomatik razılaşmaya qarşı çıxanlar var. Amma mənim sizdən – İran xalqından istədiyim odur ki, gələcəyə cəhd etdiyimiz istiqamət üzrə gedəcəyimizi birgə, uca səslə bəyan edək».