Əliyevin humanistlik imitasiyası

Ağır cinayət törətmişlərə azadlıq, təqsirisiz insanlara məhbəs

 
Martın 18-də ölkə başçısı Ilham Əliyev məhkum edilmiş 90 nəfərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamı imzaladı. Istər beynəlxalq aləmin, istərsə də ölkə içtimaiyyətin bu siyahıya siyasi məhbusların da bir qisminin daxil ediləcəyi ilə bağlı gözləntiləri var idi.
Lakin gözləntilər özünü doğrultmadı. Ilham Əliyev sağlam düşüncəsinə, ölkədəki eybəcərlikləri tənqid etdiyinə görə şərlənərək həbs olunmuş insanları məhbəsdə saxlamağa üstünlük verdi. Görünür, ölkə başçısı ağır cinayətlər törətmiş, islah edilib-edilmədiyi bəlli olmayan şəxsləri heç bir təqsiri olmayan bu işıqlı insanlardan cəmiyyətə daha “yararlı” hesab edir. Bu yanaşma hakimiyyətin kriminal mahiyyəti ilə bağlı ola bilər. Əfv siyahısına diqqət yetirdikdə görürük ki, azadlığa buraxılanlardan 5 nəfəri 2011-ci ildə, 15 nəfəri 2012-ci ildə, 34 nəfəri 2013-ci ildə, 22 nəfəri 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunublar. Onların törətdiyi cinayətin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıbsa, deməli, bu şəxslər ağır cinayətlər törədiblər. Biz hər kəsin azadlıq haqqına hörmətlə yanaşırıq. Bu insanların məhbəsdə çürüməsini də arzu etmirik. Onların hansı şəraitdə, hansu səbəbdən ağır cinayət törətdiyi barədə bilgimiz də yoxdur. Bəlkə də bu adamlar artıq əfv olunmağı haqq ediblər. Bizim dediyimiz odur ki, əgər Ilham Əliyev ağır cinayət törədən şəxsləri əfv edirsə, o zaman heç bir təqsiri olmayan, şərlənərək həbs olunan insanların niyə azadlıq haqqını tanımır? Belə humanistlikmi olur? Sualların cavabı bəllidir. Ilham Əliyevin humanistliyi hakimiyyət maraqlarından doğan imitasiyadır!
Emil