Əli Kərimlidən xalqa Novruz təbriki

AXCP sədri Əli Kərimli Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

"Əziz həmvətənlərim! Sizi bu əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm!

Baharın müjdəsi, yeni gün, təbiətin oyanışı, dirçəlişi deməkdir Novruz… Bu bayram bərəkət rəmzidir, insanlara bir ümid, gələcəyə inam, nikbinlik gətirib həmişə. Bu qədim, milli bayramı keçirmək zaman-zaman işğalçı rejimlər tərəfindən yasaq edilsə də, dədə-babalarımız mətinliklə onu yaşatmış və bu günə qədər gətirib çıxarmışlar. Bu da xalqımızın bütün qadağalara baxmayaraq, milli adət-ənənələrə nə qədər sadiq, işğalçı imperiyalara isə etirazçı olmasının bariz nümunəsidir.

Hazırda Novruzun keçirilməsi sərbəst olsa da, dövlət səviyyəsində qeyd edilsə də, bilirəm ki, yenə də xalqımız onu tam ürəkaçıqlığı ilə, sevinclə bayram edə bilmir. Bir çoxlarınız maddi imkansızlıq ucbatından süfrənizə istədiyiniz nemətləri düzə, övladlarınızı, valideynlərinizi ürəkdən sevindirə bilmirsiniz. Ailə başçısı minlərlə kilometr uzaqda çörəkpulu qazanan, övladları hərbi xidmətdə baş verən özbaşınalıqlar ucbatından həlak olan, artıq uzun illərdir erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızdan didərgin düşən məcburi köçkün, şəhid, qazi ailələri də az deyil. Mövcud rejim xalqımızın hüquqları və azadlıqları uğrunda mücadiləyə qalxmış neçə-neçə gənclərimizə, jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif partiya təmsilçilərinə, inanclı insanlara məhbəs həyatı yaşadır. Təəssüf ki, hazırda 100-ə yaxın qeyrətli vətəndaşımız vicdan məhbusudur. Lakin sevindirici haldır ki, indi minlərlə gənc, yaşlı, qadın, yeni-yeni qüvvələr müxalifətin işıqlı gələcək, demokratiya uğrunda onillərlə apardığı mübarizəyə, etiraz aksiyalarına qoşulur, diktaturaya, talana və yalana “yox” deyir, haqqını tələb edir.

Hörmətli həmvətənlərim, əziz bacılar və qardaşlar! Sizi bir daha Novruz bayramı münasibətilə təbrik edirəm, üzləşdiyiniz çətinliklər ucbatından ruhdan düşməməyə çağırır, özünüzü və gələcək nəsillərinizi layiq olduğunuz firavanlığa, tərəqqiyə qovuşdurmaq naminə şərəfli ömür sürməyinizi, yüksəlişə, xoşbəxtliyə, işıqlı günlərə tezliklə çatmağınızı arzulayıram. Qoy Novruz tonqallarınız gur yansın, parlaq Azadlıq alovu, mübarizə əzmi ürəyinizdən heç vaxt əskik olmasın!