Deputatla icra başçısı arasında qalmaqal qızışır

Alimpaşa Məmmədovun müavinindən Etibar Hüseynova cavab gəldi; qarşı tərəf yeni ittihamlar səsləndirdi

 
Deputat Etibar Hüseynovun Şəmkirin icra başçısı Alimpaşa Məmmədov haqqında səsləndirdiyi tənqidlərə adıçəkilən rayonun icra hakimiyyətindən cavab gəlib. Xatırdladaq ki, Etibar Hüseynov bir neçə gün əvvəl bildirmişdi ki, Alimpaşa Məmmədovun başı “Bu şəhərdə”nin aktyorları üçün konsert təşkil etməyə qarışıb:
“Bir sıra hüzr məclisləriylə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harda oturursan camaat bazar günü rayon mərkəzində keçirilən ”Bu şəhərdə"nin konsertindən danışır. Məlum olur ki, sən demə yeni icra başçısı KVN və “Bu şəhərdə”nin qatı pərəstişkarıymış. Və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə, satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı “Bu şəhərdə”nin konsertiylə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir… Bax bu hal təəssüf doğurur"
Icra başçısının müavini Sona Əliyeva isə modern.az-a deyib ki, konsertə xərclənən vəsaitin Alimpaşa Məmmədova heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, heç də “Bu şəhərdə”nin konsertinin baş tutması üçün bilet satışı olmayıb: “Çünki ”Bu şəhərdə"nin təşkilatçısı “Synergy” MMC qrup konsertin dəvətnamə ilə təşkil olunmasını məsləhət görüb. Eyni zamanda konsertdə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov iştirak edə bilməyib. Ona görə də martın 16-da rayonun “Bayraq meydanı”nda əhali üçün pulsuz ikinci konsert buraxılışı keçirilib. Şəmkirdə “Bu şəhərdə”nin konsertinin baş sponsoru və bütün təşkilatı məsələlər “Synergy” MMC qrupa aiddir. Bu konsertə icra başçısı heç bir vəsait xərcləməyib".
Etibar Hüseynov isə yenidən “facebook”da verilən cavaba münasibət bildirib: “Bir sıra saytlarda Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun mənə cavabı dərc olunmuşdu. Düzü, həmin açıqlamanı telefonla mənə oxuyanda qulaqlarıma inanmadım. Çünki başçı olan kəsin bu dərəcədə ”quş" buraxacağı ağlasığmaz idi. Ona görə də yazını “kopi” edib saxlamaq tapşırığı verdim. Fəqət ehtimallarım özünü doğrultdu. Üstündən heç 1 saat keçməmiş başçı yayımladığı açıqlamaların hamısını saytlardan yığışdırtdı. 
Amma köməkçilərim imkan edib həmən yazıları “kopi” edib saxlayıblar. Həmin cavabları və Alimpaşa Məmmədovun öz açıqlamasını hansı səbəbə görə yığışdırmasını açıqlayacağam".