Büdcə xərcləri niyə azalıb?

Dövlət qurumlarına büdcələrini 30 faiz azaltmaq barədə qeyri-rəsmi təlimat verildiyi barədə məlumat təsdiqini tapdı

 
Neftin qiymətinin aşağı səviyyədə qalması bu il dövlət büdcəsindən xərcləmələrin kəskin azaldılmasına səbəb olub. Hökumət xərclərə qənaətcil yanaşır və maksimum dərəcədə çalışır ki, əlavə məsrəflərə yol verməsin. Bu barədə “Ekspress” qəzeti məlumat yayıb. Qəzet yazır ki, bu ilin ilk ayının məlumatına görə, büdcə xərcləri 2014-cü ilin yanvar ayına nisbətən 26,8 faiz azaldılıb. Ötən ilin yanvarında büdcədən 1,729 milyard manat xərcləndiyi halda, bu ilin eyni dövründə 1,263 milyard manat xərclənib. Xərclərdə azalma 466 milyon manat təşkil edib. 
Azalmanın 441 milyon manatı iqtisadiyyata yönəldilən xərclərdə müşahidə edilib. Başqa sözlə, xərclərdəki azalmanın 94 faizi, iqtisadiyyata, yəni əsas kapitala qoyulan sərmayələrdə baş verib. Konkret olaraq sənaye, tikinti və faydalı qazıntılar sahəsinə yönəldiləcək vəsait 2014-cü ilin yanvarına nisbətən 34,5 faiz azaldılaraq 807,8 milyon manat olub. 2014-cü ilin birinci ayında sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 1,253 milyard manat vəsait yönəldilmişdi. 
Hələ bir müddət əvvəl “Azadlıq” yazmışdı ki, rayon icra hakimiyyətlərinə ilin sonuna qədər büdcələrini 30 faiz azaltmaq tapşırılıb. Onlara bildirilib ki, ilin sonunda rayon icra hakimiyyətlərinin büdcələrinin 30 faizi xərclənməmiş qalmalıdır. Məlumatda deyilirdi ki, iri şəhərlərin büdcələrinin 25 faiz azaldılması nəzərdə tutulur.
Daha sonra məlumat yayıldı ki, eyni qeyri-rəsmi təlimat təkcə rayon icra hakimiyyətlərinə yox, bütün dövlət qurumlarına, o cümələdən də hüquq-mühafizə orqanlarına və güc strukturlarına da gəlib. Təlimatda rəsmi təsdiqlənmiş büdcənin cəmi 70 faizinin istifadə olunması əksini tapıb. Təsərrüfat xərclərinin minimuma endirilməsi, inzibatı binaların təmirinin dayandırılması və işçilərin ixtisar edilməsi nəzərdə tutulur. Büdcə xərclərinin azaldılması ilə bağlı xəbər bu məlumatların təsdiqi kimi qiymətləndirilə bilər.