“ABŞ-la Azərbaycan arasında 4 istiqamətdə dialoq aparılacaq”

"Xanım Nuland Vaşinqtona qayıdandan sonra demokratiya və vətəndaş cəmiyyəti sahəsində hansı addımların atıla biləcəyi barədə işlər aparılmağa başlayıb"
 
“ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Bakıya səfəri zamanı ABŞ-la Azərbaycan arasındakı əlaqələrin gücləndirilməsi və bir sıra məsələlər müzakirə edilib”.
 
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O qeyd edib ki, iki ölkə arasında 4 müxtəlif istiqamət üzrə dialoq aparılması qərarlaşdırılıb: “Bu dialoqlar demokratiya və vətəndaş cəmiyyəti, digərləri isə iqtisadiyyat, enerji və təhlükəsizlik məsələləri ilə bağlıdır. Xanım Nuland Vaşinqtona qayıdandan sonra demokratiya və vətəndaş cəmiyyəti sahəsində hansı addımların atıla biləcəyi barədə işlər aparılmağa başlayıb. Biz fikirlərimizi Azərbaycana tərəfinə təqdim edəcəyik, Azərbaycan tərəfinin də fikrilərini öyrənəcəyik. Eyni zamanda hesab edirəm ki, bu sahədə vətəndaş cəmiyyətinin fikirlər öyrənilməli, onlarla da iş aparılmalıdır”.
 
Səfir “Azadlıq” radiosu ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, “Azadlıq” radiosu Azərbaycanda öz fəaliyyətini yüksək standartlarla davam etdirməlidir: “Hesab edirik ki,  “Azadlıq” radiosu Azərbaycanda öz fəaliyyətini davam etdirməlidir. Lakin bizim Azərbaycan hökuməti ilə bu mövzuda apardığımız danışıqların gedişi və məzmunu məxfi saxlanılmalıdır”.