Martın 15-də Qəbələdən Bakıya Milli Şuranın təşkil etdiyi mitinqdə iştiraka gəlmək istəyən AXCP fəallarını rayonda polislərin saxladığı haqda xəbər vermişdik. Bu gün isə məlum olub ki, saxlanılan AXCP fəalları məhkəmə qarşısına çıxarılıb və guya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsini pozduqları üçün cərimələniblər.
AXCP fəalları Eyvaz Əzimov, Servanuş Qiyami və Elşad Rəfiyev bu gün səhər saatlarında rayon Polis Şöbəsinə çağırılıb, oradan da məhkəməyə aparılıblar. Məhkəmədə İslam Manafov adlı yol polisi əməkdaşı yalan ifadə verib ki, guya AXCP fəallarının da sərnişini olduğu mikroavtobusu saxlayıblar, sürücünün sənədləri qaydasında olmadığından nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq lazım gəlib. Bu zaman o, sükan arxasına keçib, lakin adları çəkilən AXCP fəalları onun maşını cərimə meydançasına aparmasına mane olublar.
Məhkəmənin gedişində İslam Manafovun yalan danışdığı təsdiqlənib. Bəlli olub ki, mikroavtobusu cərimə meydançasına aparmaq üçün sükan arxasına keçən yol polis əməkdaşı cavid Yusifovdur. Hakim həmin polis əməkdaşının məhkəməyə gəlməsi üçün prosesdə fasilə elan edib. Saat 17:00-da proses davam edib. Cavid Yusifov adlı yol polisi əməkdaşı məhkəmədə ifadə verib. Sonda məhkəmənin qərarı elan olunub. Hər üç AXCP fəalı İXM-in 310.1 maddəsilə təqsirli bilinərək 200 manat cərimələnib.
azadliq.info